Haqlı olmağımızdan güc alıb məhrumiyyətlərə sinə gərəcəyik

Ürəyi arzularla dolu gənclərə elə divan tutur, onların valideynlərinə elə acılar yaşadırlar ki, sanki özlərinin övladları yoxdur

Çiyin-çiyinə bütün məhrumiyyətlərə dözəcəyik. Azərbaycan arzusundan vaz keçməyəcəyik

Gənc cəbhəçi Elvin Abdullayevi də şərləyərək həbs etdilər. Günahsız insanlara şəri elə həvəslə atırlar ki, sanki indiyə qədər devrilmiş diktatorların, onların yaxın çevrələrinin sonrakı taleyi haqda heç nə oxumayıblar, görməyiblər. Azərbaycanın ürəyi arzularla dolu, əqidəli, savadlı, perspektivli gənclərinə elə divan tuturlar ki, onların valideynlərinə elə acılar yaşadırlar ki, sanki özlərinin övladları yoxdur.

Açıq-aşkar cəbhəçilərdən qisas alırlar. 2014-cü ilin iyul-avqust aylarında ölkənin bir çox tanınmış hüquq müdafiəçilərinin həbsindən sonra siyasi motivlərlə həbs edilənlərin, Xədicə xanım istisna olmaqla, hamısı cəbhəçidir. Son bir neçə ayda AXCP Rəyasət Heyətinin üzvləri Seymur Həzi və Asif Yusifli, Sabirabad şöbəsinin fəalı Murad Ədilov (AXCP Rəyasət Heyətinin üzvü Natiq Ədilovun qardaşı), AXCP Təşkilat Şöbəsinin müdiri Rafiq Daşdəmirlinin oğlu Sənan Daşdəmirli, Naxçıvan cəbhəçisi Hicran Qasımov, indi də AXCP Gənclər Komitəsinin fəalı Elvin Abdullayev ağır cinayətlərdə ittihamla şərlənərək həbs olunublar. Üstəlik, son aylarda AXCP Təşkilat Şöbəsinin əməkdaşı Xalid Qarayev, Gənclər Komitəsinin (GK) fəalları İlkin İsmayıllı, Ruslan Nəsirli, Məhəmməd Mirzəli, Sabirabad GK-nın sədri Etibar Fətiyev (hazırda həbsdədir) və fəalı Mirağa Abbasov şərlənərək 25-30 sutka müddətinə inzibati həbs cəzası alıblar.

İndi görürsünüzmü, hökumət “atəşkəsi pozub”, amma hədəfi səhv salıb, torpaqlarımızı işğal edən ermənilərlə deyil, torpaqların müdafiəsində minlərlə şəhid vermiş, hazırda da azadlıq və ədalətin, haqq sözün keşiyində olan AXCP ilə savaşır.

Bəli, təşkilatımızdan qisas alırlar. Ölkədəki siyasi məhbusları (siyasi mənsubiyyətindən asılı olmayaraq) müdafiəsiz qoymadığımız, ağır repressiya mühitində “siyasi məhbuslara azadlıq” tələbilə mitinqlər keçirdiyimiz, rejimin qarşısında susmadığımız, İlham Əliyev başda olmaqla rejim təmsilçilərinin tənqidinə tabu qoyulmasına imkan vermədiyimiz, bir sözlə, prinsip və dəyərlərimizdən vaz keçməyərək rejimə qarşı həqiqi müxalifət olduğumuz üçün bizdən qisas alırlar.

Haqlı olmağımızdan güc alaraq məhrumiyyətlərə sinə gərəcəyik. Cəbhəçi ailəsi daxilən çox möhkəmdir. Hamı bir nəfər üçün, bir nəfər də hamı üçün prinsipi AXCP-də işləyir. Çiyin-çiyinə bütün məhrumiyyətlərə dözəcəyik. Azərbaycan arzusundan vaz keçməyəcəyik.

Heç bilirsiniz, yenicə həbs olunmuş Elvinin anası Zülfiyyə xanım gənclərə müraciətində nə deyib? (Zülfiyyə xanımın çıxışının videosu şərhdə). Zülfiyyə xanım gənclərə belə müraciət edib: "İradənizdən dönməyin, əzmli olun, hər zaman haqdan yana olun!..". Belə mərd anaları olan millət gerçək azadlığını əldə edib, ölkəsinə sahib çıxacaq!

Millətimizin ədalətinə inanırıq!