Böyük insan

Aslan İsmayılov
 

Həmid Əliyev. Çoxları üçün bu ad heç nə demir. Mənim üçün isə bu ad Böyük İnsanı gözümdə canlandırır.
Dünən onun rəhmətə getməsinin üçüncü günü idi. Elə dünən xəbər tutdum. Mətbuat bu barədə heç nə yazmadı. Hərçənd ki, onunla müqayisə olunmaz şəxslərlə bağlı bolluca nekroloqlar yazılardı. Düzü qınamağa da haqqım yoxdur, çünki həyatımda yeganə “rəis” deyə müraciət etdiyim şəxsin rəhmətə getməyindən mənim də xəbərim olmamışdı. Hüzr yerində bu barədə fikirləşəndə ağlıma gələn yeganə təsəlli o oldu ki, nəhənglik ancaq yerə düşəndə hiss olunur. Həmid ağır təbiətli idi, səsdən, dedi qodudan, səs küydən xoşu gəlməzdi. Onu Azərbaycan Respublikası Prokurorluğunda işləyəndə dostum Vüqarın vasitəsilə tanımışdım. Perm Dövlət Universitetində öz mədəniyyəti, savadı ilə azərbaycanlılara baş ucalığı gətirmişdi. Mən onu tanıyanda Azərbaycan Respublikası Prokurorluğunda İslah-Əmək müəssisələrinə nəzarət şöbəsinin rəisi işləyirdi. Sonra Respublika Prokurorluğunda, o dövr üçün ən “xod gedən” ümumi şöbənin rəisi oldu. Tutduğu vəzifələrə baxmayaraq, Həmid heç vaxt əksəriyyətin gördüyü “rəis”lərdən olmadı, hamı üçün nəzakətli, mədəniyyətli, çoxlarının başa düşmədiyi, “pulun nə olduğunu anlamayan” sadə bir insan oldu. Təxminən 1991-ci ildə Həmid Prezident Aparatına inzibati orqanlar şöbəsinə işə keçdi. Bir müddət onu görmədim. Xalq Cəbhəsinin hakimiyyətə gəldiyi ilk günlərində Həmid mənə zəng edib görüşməyimizi xahiş etdi. Görüş zamanı Həmid məsələmin rəhbərliklə razılaşdırdığını və məndən Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinin 1-ci müavini vəzifəsinə təyin olunmağım barədə razılığımı istədi. Vəzifənin mənim üçün həddindən artıq məsuliyyətli olduğundan imtina etdim. Həmid çox təkid etdi, qəti fikrimi bildikdə həmin vəzifəyə namizəd kimi təklifimi soruşdu. Tanıdığım, güvəndiyim namizədin adını verdim. Həmin şəxs o vəzifəyə təyin olundu. Bəlkə bu gün də həmin şəxsin o söhbətdən xəbəri yoxdur. 1993-cü ilin may ayında onunla bir məclisdə yenidən qarşılaşdıq. Söhbət zamanı prokurorluqda mənə münasibətlərin gərgin olmasından xəbərdar olduğunu bildim. Problemin mahiyyətini biləndə dərhal mənə Prezident Aparatının Dövlət-hüquq şöbəsində işləməyi məsləhət bildi. Siyasi vəzifələrdə işləmək istəmədiyimi bildirdikdə, Həmid mənə mütəxəssis kimi işləməyi təklif etdi. Bu gün çoxları üçün inanılmaz olsa da, mən ona ancaq heç bir siyasi proseslərə qarışmamaq şərti ilə, bir də ölkədə korrupsiya ilə mübarizə sahəsində çalışa biləcəyimi bildirdim. Bir gün sonra Həmid zəng edib görüşməyi təkilif etdi. Görüş zamanı bildirdi ki, rəhbərliklə razılaşdırıb və mən prokurorluğa nəzarət etməklə birlikdə korrupsiya ilə mübarizə konsepsiyası hazırlamaqla məşğul olacam. 1993-cü il may ayının 27-si razılığımı bildirdim. 28 may 1993-cü il Prezident Aparatının Dövlət-hüquq şöbəsinin məsləhətçisi vəzifəsinə təyin olunmağım barədə sərəncam imzalandı və işə çıxdım.
4 iyun Gəncə hadisələri baş verdi və AXC hakimiyyəti devrildi. AXC üzvlərinin bir çoxu yeni hakimiyyətlə işləməyə razılıq verdi. Həmidin Azərbaycan Xalq Cəbhəsinə aidiyyəti olmasa da öz ərizəsi ilə, təkidli xahişlərə baxmayaraq, vəzifəsindən getdi. Səbəbini soruşanda isə bir cavabı var idi, “mən Ayaz Mütəllibov, AXC dövründə işlədim, yenə də işləməkdə davam etsəm deyəcəklər ki, bunun heç bir əqidəsi yoxdur”. Həmid əqidə sahibi idi, Prokurorluqda da, Prezident Aparatında işləyəndə də onun bir əqidəsi var idi. Bu gün anlaşılmayan, başa düşülməyən, əksəriyyətin “avam adamların fikri” kimi qəbul etdiyi “Vətənə xidmət etmək əqidəsi” Həmidin həyat yolu idi! İşdən çıxdıqdan sonra Həmid çoxlarının eşitmədiyi dünya mütəfəkkirlərinin əsərlərini özü azərbaycan dilinə tərcümə etdi və çap etdirdi.
Bu gün yas yerində bir nəfər onu yaxından tanıyanın Həmid haqqındakı bir xatirəsi onu tam xarakterizə edir. Həmin şəxs dedi: “Həmidin ingilis dilini bildiyindən evimə gələndə ondan ingilis dili öyrənən oğlumu sorğu-suala tutmasını xahiş etdim. Həmid razı olmurdu. Təkidimdən sonra çox yüngül bir sual verdi. Cavab alan kimi uşağı bir xeyli təriflədi. O, hətta uşağı belə pərt etməmək üçün sual vermək istəmirdi”. O heç vaxt heç kimi pis vəziyyətə salmaq istəməzdi.
Həmid yüksək vəzifələrdə işlədiyi müddətdə onlarla insanın yüksək vəzifələrə təyin olunmasına nail olmuşdu. Bir çox hallarda isə həmin şəxslərin heç bu barədə xəbərləri də olmamışdı. O həddindən artıq təvəzökar idi. Heç kimin minnətli olmasını istəməzdi. O qədər yüksək vəzifələrdə işləsə də, daim maddi sıxıntılar içində olsa da bunu heç kimə bildirməmişdi!
Həmidin ən böyük var dövləti isə onun ailəsi idi. İki çox savadlı, mədəniyyətli, gözəl oğlan balaları və sədaqətinə qibtə ediləsi həyat yoldaşı. Uzun sürən xəstəlik dövrü yoldaşı ona, ən mehriban ananın balasına göstərdiyi nəvazişi göstərdi. Bu ailəni tanıyan hər kəs bir ağızdan Həmidin həyat yoldaşının son dəqiqələrə qədər ona olan məhəbbətindən, qayğısından heyranlıqla danışırdılar. Dünən dostumun danışdığı bir hadisə isə mənə çox təsir etdi. 31 dekabrda Həmidə baş çəkən dostum onun son günlərini yaşadığını qohumlarına bildirməsi həyat yoldaşını çox üzmüşdü. Çünki o, Həmidin sağlamlıq durumunun kritik olmasını, onun bir gün yoxluğunu heç cür qəbul etmək istəmirdi.
Əminəm ki, Uca Allah Həmidin ruhunu şad etmək üçün Bahar xanıma gözəl oğullarının xoş günlərini bolluca görməyi qismət edəcək!
P.S. Təəssüf ki, biz hamımız insana sağlığında qazandığı dəyəri vermirik…