Müstəntiq hüquq müdafiəçisinin vəkilini hədələdi
Osman Kazımovun aqibətini yaşamamaq üçün Xalid Bağırova sakit olmağı məsləhət gördülər
Hüquq müdafiəçisi Vidadi Isgəndərlinin istintaqı zamanı qalmaqal baş verib. Bu barədə “Azadlıq”a hüquq müdafiəçisinin vəkili Xalid Bağırov məlumat verib.
X.Bağırov deyir ki, mayın 27-də Vidadi Isgəndərlinin cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilib.
Vəkilin sözlərinə görə, şahid qismində Göyçay Seçki Dairəsində müşahidəçi olmuş şəxslə Vidadi Isgəndərlinin üzləşdirilməsi həyata keçirilib. Vəkilin sözlərinə görə, üzləşdirmə zamanı kobud qanun pozuntularına yol verilib: “Mənə üzləşdirmə zamanı sual vermək imkanı yaradılmayıb. Vidadi Isgəndərli cinayət işi üzrə ifadə verməkdən imtina edib. Hüquq müdafiəçisi ifadə verən zaman çəkiliş aparılmasını istəyib. Ancaq onun istəyi nəzərə alınmayıb”.
Vəkil bildirir ki, ifadə verən şəxslərin fikirlərini protokola təhrif olunmuş şəkildə yazırlar: “Biz buna etiraz etdik və protokola əlavələrimizi qeyd etmək istəsək də, istəyimiz nəzərə alınmadı. Bundan başqa, bizə sual vermək şəraiti də yaradılmayıb. Səbəb kimi Vidadi Isgəndərlinin ifadə verməməsini deyirlər. Bunlar qanunsuzluqdur. Etiraz etdim və sənədlərə imza atmadığım üçün müstəntiq mənə hədə-qorxu gəldi. Müstəntiq bildirdi ki, Osman Kazımovun Vəkillər Kollegiyasından çıxarılması dərs olmayıb? Müstəntiq imza etmədiyim halda, kollegiyadan çıxarılmağım üçün təqdimat göndərəcəyi ilə hədələdi”.
Xalid Bağırov onu da qeyd etdi ki, Vidadi Isgəndərlinin davam edən istintaqı bərbad vəziyyətdə aparılır. Vəkil qanunsuz hərəkətlərdən müvafiq qurumlara şikayət verəcəyini də qeyd etdi.
Ramin DEKO



