“Milli Şura iqtidara əsas müxalif qurumdur, AXCP isə onun əsas bünövrəsi”
Rüstəm İbrahimbəyov: “Bu gün Milli Şurada qalan üzvlərə xüsusi minnətdaram, çünki bütün təzyiqlərə baxmayaraq, oradadırlar”
Ötən həftə Milli Şuranın fəxri sədri, görkəmli dramaturq Rüstəm İbrahimbəyov haqda bir neçə xəbər portalında maraqlı xəbərlər yayıldı. Xəbərlərdə Rüstəm İbrahimbəyovun Milli Şuranın, o cümlədən qurumun rəhbərliyinin fəaliyyətindən narazı olduğu, bu səbəbdən MŞ-dan çıxmağa hazırlaşdığı, hətta hakimiyyətlə münasibətlərini yenidən dostluq səviyyəsinə qaldırmaq istədiyi bildirilirdi.
R.İbrahimbəyov “Yeni Müsavat”a müsahibəsində bu məlumatların yalan olduğunu deyib:
“Mən bilmirəm kim hansı məqsədlə bu cür yalan informasiyaları yayır. Mən Milli Şuranın sədri yox, fəxri sədriyəm. Ona görə də Milli Şuranın gündəlik fəaliyyətinə qarışmıram. Amma sədr Cəmil Həsənli ilə çox sıx ünsiyyətdəyik. Lazım olanda mənimlə məsləhətləşir. Mənim Milli Şuradan getmək fikrim yoxdur. Milli Şuraya mən lazımamsa, həmişə bu təşkilatla bağlı olacağam…
Mediada oxudum ki, mənim Milli Şuradan, əsasən də Əli Kərimlidən narazılıqlarım var. Bu informasiya da yalandır. Mən doğrudan da istərdim ki, Milli Şuranın tərkibi geniş olsun. Biz Milli Şuranı yaradanda çalışdıq ki, Azərbaycandakı əsas müxalifət partiyaların, təşkilatların nümayəndələri burada təmsil olunsun. Buna nail olduq. Sonra belə oldu ki, iqtidar siyasətini o dərəcədə sərtləşdirdi ki, partiyaların böyük bir hissəsi Milli Şuradan ayrıldı. Mən bu gün Milli Şurada qalan üzvlərə xüsusi minnətdaram. Çünki bütün təzyiqlərə baxmayaraq Milli Şuradadırlar.
Bu gün Milli Şura iqtidara əsas müxalif qurumdur. AXCP isə Milli Şuranın əsas bünövrəsidir. Mən istərdim ki, Milli Şuraya başqa partiyaların da üzvləri gəlsinlər və Milli Şuranın tərkibi geniş olsun. Amma vəziyyət Azərbaycanda belədir ki, hakimiyyətin əsas rəqibi olan bir qurumda hər kəs təmsil olunmağa risk eləmir. Bu gün Azərbaycanda yüzdən artıq siyasi məhbus var, görkəmli müxalif mövqeli siyasətçilər, ictimai xadimlər həbsə atılıb. Həbs edilməyənlərə isə başqa vasitələrlə təzyiqlər var. Bir sözlə, vəziyyət çox gərgindir. Bu vəziyyətdə müxalifət mövqeyində qalmağın özü fədakarlıqdır. Odur ki, Cəmil Həsənliyə də, Əli Kərimliyə də hörmətim böyükdür”.
R.İbrahimbəyov hakimiyyətlə münasibətlərinin yenidən dostlaşması haqda yayılan xəbərləri də yalan adlandırıb:
“Bu barədə deyilənlər də yalandır. Əvvəla mən bu hökumətlə heç vaxt dost olmamışam. İqtidar xalq üçün düzgün addımlar atanda mən həmişə hörmətlə yanaşmışam. Amma görəndə ki, atdıqları addımlar doğru deyil, xalqın xeyrinə deyil, həmişə tənqidi mövqeyimi bildirmişəm. Yəni məsələlər düzgün qoyulmur. Mən iqtidarla nə dost olmuşam, nə düşmən olmuşam. Ömrüm boyu öz mövqeyim olub. İndi də iqtidarın düşməni deyiləm. Amma indi iqtidar elə siyasət aparır ki, mən heç vaxt bununla barışa bilmərəm. Mənim məqsədim odur ki, iqtidar yanlış siyasətini dəyişdirsin. Mən ölkədə düşmənçiliyin yox, dialoqun tərəfdarıyam. Amma dialoqun bir əsas şərti var ki, siyasi dustaqlar buraxılmalıdır. Bu şərt yerinə yetirilməsə, dialoq mühiti ola bilməz. Təəssüf ki, Azərbaycanda bugünkü vəziyyət məni dəhşətə gətirir. Odur ki, belə vəziyyətdə mənim guya kimləsə münasibətlərimi yaxşılaşdırmaq istədiyim barədə deyilənlər yalandır. Bu barədə mənim heç fikrim də yoxdur”.


