Məhəmməd Talıblı II Hissə
Bu konsepsiya haqqında düşüncə qeydlərim
Elmi problemlərimiz. Elm konyukturadan uzaq olmalıdır. Elmi ideoloji ştamplardan azad etməliyik. Təhsillə bağlı beynəlxalq hüquq normaları və etik qaydalarda bunu müxtəlif sənədlərdə qeyd edir. Beynəlxalq Təhsil Federasiyasının Professional Etika haqqında Bəyannaməsinin tələblərinə görə, müəllim-tələbə və müəllim-şagird arasındakı münasibətdən hər hansı məqsədlə, xüsusilə də başqa dinə keçirmək və ya ideoloji nəzarət məqsədilə istifadə edilməməsini təmin etməlidir. Həm elm və təhsillə bağlı beynəlxalq qanunvericiliyin tələbləri baxımından, həm də akademik azadlıqlar baxımından gərək elmi çevrələrdə azad təşəbbüsə meydan verilməli və tolerant mühit üstünlük qazanmalıdır. Biz o zaman elmin keyfiyyət göstəricilərini yaxşılaşdıra bilərik. Biz elmdə keyfiyyətin artırılmasına necə nail olmaq istəyirik? Elmdə keyfiyyət meyarlarının tətbiqi üçün hansı sistemə malikik? Keyfiyyət indikatorlarımız bizi dünyadakı elmi innovasiyalara yaxınlaşdırırmı? Əgər keyfiyyətləri elmə uyğunlaşdırmağa cəhd etsək, o zaman onları şərtləndirən aşağıdakı amilləri nəzərdən keçirməliyik. ı)Təkrar olunan faktlar və hadisələr arasında əlaqəni aşkar etməli; ıı)Fərziyyə və nəzəriyyələrin köməyi ilə qarma-qarışıq faktlar müəyyən qanunauyğun halına gətirməli; ııı)Tədqiqatın nəticələrini müzakirə təqdim etməli;
Bizdə elmi nəticələrin ictimai müzakirəsi demək olar çox geniş yayılmayıb. Söhbət elmi dərəcə almaq üçün seminarlarda və müdafiə ərəfəsindəki müzakirə mərhələsindən getmir. Elmi yeniliklərin cəmiyyət həyatına təsirlərinin ictimai rezonans yaratması üçün ilkin olaraq həmin elmi yeniliklər ictimai müzakirəyə təqdim olunmalıdır. Məsələn, biz son illərdə hansı elmi əsərlərdə Azərbaycan iqtisadiyyatının inkişafını təmin edən model və ya paradiqmalara dair hansı elmi yeniliklə tanış olmuşuq? Postneft dövrünün inkişaf strategiyasının detallı təsnifatı ilə bağlı hansı elmi əsərlərin geniş formada ictimai müzakirəsinə nail olmuşuq? Müxtəlif baxış bucaqlarına malik olan mütəxəssis və ekspertlərin birgə iştirakı ilə hansı fundamental elmi müzakirələri keçirmişik? Əslində nisbətən yüksək plankalı elmi hədəflər və praktik nailiyyətlər elmimizə marağı artırmaqla onu yalnız və yalnız irəli apara bilər. Belə müzakirələr eyni zamanda alimlərin də elmi məsuliyyətlərinin artmasına səbəb olacaq. Elmi əsərlərimiz taftalogiyadan və “çevir tatı, vur tatı” streotipindən tam uzaq olmalıdır.
Elmə yeni gələnləri “qapıdaca” məyus etmək lazım deyil. Elmdə olanlar və elmə yeni gələnlər arasında möhkəm “körpülərin” olmasına ehtiyac var. “Yenilərlə” “köhnələrın” vəhdəti elmi mühiti dinamik edə bilər. Ona görə elmdə nəsillərarası rabitə və kommunikasiyanın möhkəmlənməsinə nail olmaq çox vacibdir. Elmi inkişaf qanunauyğunluqlarına görə, elm özündən əvvəlki nəsillərin qoyub-getdiyi biliklərlə mütənasib sürətdə inkişaf edir. Bilik ehtiyatı nə qədər çoxdursa, inkişaf da o nisbətdə çoxdur.
Elmin problemləri. Elm ocaqlarını intriqa və klan çəkişmələrindən çıxarıb, rəqabət və intellektual mərkəzlərə çevirməliyik. Elmə təkcə “çörək ağacı” baxanlardan azad edib, onu millətin “dirək ağacı” vəziyyətinə gətirməliyik. Elmin inkişafı problemləri görmək, onları sistemləşdirmək və həll mexanizminə malik vəziyyətə gətirməkdən keçir. Biz problemlərimizə açıqıqmı? Onların müzakirəsində nə qədər səmimiyik? Bütün bu tip suallara aydın cavablarımız olmalıdır. Onlar haqqında hər bir alimin fərdi fikri olmasa da, heç olmasa hər bir elmi ocağın baxışları olmalıdır. Konseptual olaraq elmi sferada gördüyüm əsas problemləri aşağıdakı kimi sistemləşdirmək istərdim:
Birinci: Elm və təhsil və sahəsində çalışanların aşağı səviyyəli əməkhaqqısı. Əgər ölkədə elm adamları işlədiyi elmi ocaqdan başqa digər müəssisələrdə işləyərək ailəsini yaşatmağa can atacaqsa, bu zaman onun iş keyfiyyəti və peşəkarlığının yüksək olmasından danışmaq yerinə düşməyəcək. Alimin bütün diqqəti və potensialı öz işinin keyfiyyətinin yüksəlməsinə proyeksiallanmalıdır. Bunun üçün onun həm elmi fəaliyyəti, həm də elmi dərəcəsi üzrə aldığı əməkhaqqı onun zəhmətinə və yaşam şərtlərinə adekvat olmalıdır. İllərini gərgin elmi axtarışlara həsr edən fəlsəfə doktoru elmi adına görə 40 manat alırsa, onda onun sadəcə illərini bu iş üçün sərf etdiyinə heyfi gələcək.
Alimin gəlir səviyyəsi digər sahələrdə çalışanlarla müqayisədə qübtə olunacaq dərəcədə çox olmalıdır. Onun köhnə pencəyi və cırıq ayaqqabısı öz işi məşğul olmasına və dərindən düşünməsinə mane olacaq. Elm adamları polis serjantından və mügənnidən pis yaşam şərtlərinə malik olmamalıdır. Yaponiyanın elmi inkişafı haqqında bütün dünya çox danışır. Əslində onun kökündə duran səbəbini bu ölkənin baş naziri özünün müsahibəsində çox haqlı olaraq lakonik formada belə qiymətləndirmişdi: Yaponiyanin sabiq baş naziri C. Koudzumidən soruşurlar: Siz dünyada elm ve texnologiya üzrə liderliyə necə nail oldunuz? "Biz müəllimlərə nazirlər qədər maaş, diplomatlarda olduğu kimi mühafizə və imperatora olan qədər hörmət təsis etdik…" Aşağı səviyyəli əməkhaqqı alan alimdən yüksəl elmi nəticələr gözləmək həm sadəlövlükdür, həm də ədalətli deyil. Biz bu haqda mütləq düşünməliyik.
Elm adamını biofizioloji ehtiyacların ödəyə bilməzsə, o cümlədən yaxşı eşitmə və görmə imkanı olmadığı halda o, məcburiyyət qarşısında ictimai məzəmmətə məhəl qoymayaraq tələbə auditoriyasına daxil olması yolverilməzdir. Bu ölkəmizdəki elm və təhsil ocaqları üçün spesifik haldır. Həmin yaşlı qocaman professorlar niyə passiv elmi fəaliyyətlə (məsləhətçi, bir neçə aydan bir məruzəçi və qonaq qismində məruzəçi olmalı və s. ) deyil, daha çox gərgin və gündəlik iş qrafiki ilə çalışır? Bu zaman həmin yaşlı elm adamları həm özlərinə xeyli əziyyət vermiş olurlar, həm də tələbələrin keyfiyyətli təhsil almaqlarına mane olurlar. Bunun bir çözümü yəqin ki, olmalıdır. Bir nümunəni qeyd etmək yerinə düşər. Bu sahədə Azərbaycan Dövlət İqtisad Universitetinə yeni rektor təyin edilmiş Ədalət Muradovun təşəbbüsü çox təqdirə layiqdir. Belə ki, universitetə yenicə rektor təyin olunandan sonra Ədalət Muradov belə vəziyyətdə olan qocaman professorlara belə bir təklif etdi ki, əgər sizlərin işləmək üçün fiziki imkanlarınız çətinlik yaradırsa, o zaman sizin 1 illik əməkhaqqınızı öncədən ödəməklə sizi hörmətlə işdən uzaqlaşmağınıza şərait yarada bilərəm. Bir neçə alim bu yolla könüllü olaraq işi ilə xudafizləşdi. Bütün bunlarla yanaşı elm adamlarının təqaüdə çıxdıqdan sonra belə onların aldıqları pensiyanın məbləği onun bütün zəruri xərclərini ödəyə bilməlidir. Onların təminatlı təqaüdləri eyni zamanda onlara hörməti də artıracaq. Gərək bu haqda da düşünək.
İkinci: Elmi ad almaq və bu sahədə zəif nəzarətin olması. Bu bizim ən çox yaralı yerimizdir. Elmi ad almaq pristij və ucuz şöhrət olmalı deyil. O elmi “tərin” nəticəsi olmalıdır. Elmə aidiyyatı heç və ya az olan şəxslərin elmi dərəcə ilə “mükafatlandırılması” elmimizə böyük zərbədir. Bu eybəcər elmi elita formalaşdırmağın təzahürləri hesab olunmalıdır. Pulu və vəzifə səlahiyyətləri çox olanın elmi ad almaq xəyalına düşməsi bir qəbahətdirsə, ona rəvac vermək ondan daha böyük qəbahətdir. Deputatların və müxtəlif nazirliklərdə çalışan işçilərin elmi ad almaq üçün sanki yarışa girdiyini hər addımda müşahidə edirik. Nazir siyasi vəzifədir. Siyasi vəzifənin elmi araşdırmalara nə aidiyyatı var? Deputat qanunvericilik bazasının ekspertizası sahəsində çalışmalıdır. Onun bu sahədəki yenilikləri və hazırlayacağı qanun layihəsi az qala elmi nailiyyətə bərabərdir. O zaman əlavə bir elmi dərəcə almaq onun öz sahəsindəki uğurlarına nə aidiyyatı var? Bu “diplomlaşma” prosesi elmi və gerçək elm adamlarını hörmətdən salır. Belə hallar həqiqi elm adamlarında destimulizasiya yaradır. Bir günün belə elmə həsr etməyənin elmi ad alması hər şeydən qabaq özünə və millətə hörmətsizlikdir. Belə elm “adamları” sonradan elmimizin keşiyində duracaqlarmı? Çox acı doğran orası ola bilər ki, bu adlar onları daha sürətlə irəli aparır və sonradan taleyimizlə məşğul olmalarına vasitə olur. Çox dəyərli bir aforizmdə deyildiyi kimi: Ən təhlükəli insanlar, böyük məqamlara gəlmiş “kiçik insanlardır”. Bizim bu sahədəki neqativ tendensiyalara “dur” deməmiz lazımdır.
Başqa sözlə vəzifəli şəxslərin elmə axını dayandıırlmalıdır. Bu moda xatirinə olmalı deyil. Bu məslək və peşədir. Mən burada heç istisnanın olmamasını da yaxşı qarşılamıram. Çünki, praktik sahədə elmi uğurlar üçün kənardan gələn elmi nailiyyətlərə də açıq olmalyıq. Amma belə elmi yeniliklər çox təəsüf ki, çox nadir hallarda rast gəlmək olur. Başqa sözlə praktik sahədə çalışanın elmə yenilik gətirməsi də istisna olunmamalı və belə təşəbbüslər dəstəklənməlidir. Çox təəsüf ki, belə hallara çox nadir vaxtlarda rast gəlmək olur. Ona görə gərək elmimizdə akademik saxtakarlıqların qarşısının alınması haqqında da çox ciddi düşünək. Çünki, akademik saxtakarlıq elm və təhsil sahəsində qiymətləndirmə sistemlərinin etibarlılığına böyük zərbə vurur. Bu anlayış akademik dərəcələrin dəyərini böyük risk altına qoyur. Elmi ad almaq sahəsində proteksionizm aradan qaldırılmalıdır. Bunlarla yanaşı ideoloji baxışlarına və fərqli dünyagörüşlərinə görə də insanların haqq etdikləri elmi dərəcələrdən məhrum etmək və onlara süni maneələrdə yaratmaqda eyni dərəcəli qəbahətdir. İnsanların elmi dərəcələrinin alınmasında ideoloji baxışlarını və fərqli mülahizələrini həlledici amilə çevirmək çox qorxulu tendensiyaların əsasın qoyur. Onlar bu təşəbbüsləri ilə elmə “fəhləlik” etmək iddialarını ortaya qoyurlar. Elmi araşdırmaya meyli olanların özünün seçdiyi sahəsinin “fəhləsi” olmağı da onlara çox görmək ədalətli davranış deyil. Akademik saxtakarlıq kateqoriyasına daxil olan digər məqamlardan biri də saxta elmi dərəcələrin alınması və plagiat elmi işlərin artmasıdır. Biz buna rəvac verməklə elmi adları əhəmiyyətsizləşdiririk. Bu təkcə laqeydlik və elmi saxtakarlıq deyil. Bu kimi hallar artıq dünyada cinayət məcəlləsinə daxil edilib və ona qarşı sərt mübarizə üsulları tətbiq edilir. ABŞ-da Şimali Dakota, İllinoys, İndiana və Nyu Cersi kimi bir neçə ştatda saxta diplomlardan istifadəyə görə cinayət elan edilmişdir. Məsələn, Şimali Dakota saxta diplomdan qanuni sənəd kimi istifadə edilməsini cəzalandırmaq üçün qanun qəbul edilib. Saxta diplom almaq və ya plagiat elmi iş yazmaq eyni məzmunludur. Bizdə də plagiat elmi işlər ləvğ olunmalıdır. Bu sahədə bizdə obyektivlik naminə qeyd etməliyik ki, bəzi insitutlar səviyyəsində yaxşı nümunələrə də rast gəlmək olur. Məlumatlı olduğum qədər AMEA-nın İqtisadiyyat İnsitutuna yeni direktor təin edilmiş professor Nazim İmanovun rəhbərliyindən sonra xeyli keyfiyyətsiz və plagiat işlər aşkarlanıb və asan yolla müdafiə yolları bağlanıb. Əvvəllər orada hansı biabırçı elmi işlərin müdafiə edildiyi haqqında da çoxlu məlumatlara malik idik. Özü də bu sahədə elmi saxtakarlıqları aşkarlamaq və yeniliksiz elmi işləri ortaya çıxarmaqda çətin deyil. Elmdə plagiat elmi işləri bilmək üçün antiplagiat proqramı bu sahədə mühüm alətdir. Bu proqram köçürmə elmi işlərin nisbət faizini aşkarlamaqla yanaşı, elmi yenilikləri və yeni yanaşmaları tamamilə qiymətləndirməyə imkan verir. Ona görə biz elmdəki problemləri aşkarlamaq və onların həllinə nail olmaq istəyiriksə, ilk növbədə elmi müstəvidə baş verən tendensiyalar informasiya mənbələrinə(media qurumları, sosial şəbəkələr və s.) açıq olmalıdır. Elmi siqnalları bütün təfərrüatı ilə həvəslə dinləməyə hazır olmalıyıq.
Elmi ad sadəcə müxtəlif məclislərdə və konfranslarda təqdimat üçün lazım olan titul olmalı deyil. O ad elmi məsuliyyət deməkdir. Elmi məsuliyyət isə özünü inkişaf etdirməkdən keçir. İnsan özünü inkişaf etdirmədən uğur qazanmağa çalışmaq küt balta ilə odun doğramağa bənzəyir. Elmi ictimaiyyətin yaxından çox yaxşı tanıdığı Həmid Araslı ilə bağlı əhvalat çox ibrətamizdir. Ədəbiyyat sahəsində çox böyük bilgi sahibi olan gənc Həmid Araslının da iştirakı ilə ədəbiyyat insitutunda beynəlxalq konfrans keçirilirmiş. Monoton təsiri bağışlayan çıxışlar konfrans iştirakçılarını yorurmuş. Növbəti çıxışçı kimi Həmid Araslı tribunaya qalxır. Çox çəkici və mənalı nitqi konfrans iştirakçılarında maraq oyadır. İştirakçılar Həmid müəllimin bu çıxışından sonra onu tanımayan insanlar hətta fasilədə onunla tanış olmağa başlayırlar. Sonda onun EA-da hansı vəzifəni tutması və elmi dərəcəsi haqqında soruşurlar. Məlum olur ki, Həmid Araslı hələ heç namizədlik müdafiəsini belə etməyib. Bu sözün həqiqi mənasında çoxlarının təəcübünə səbəb olur. Bu məsələdə nə üçün Həmid müəllimin gecikdiyini soruşduqda Araslı yarəzarafatla maraqlı bir cavab verir: “Heyif deyil, sən çıxış etdikdən sonra sənə irad tutaraq çıxışının elmi dərəcənə heç uyğun olmadığını deməkdənsə, sənin hələ də elmi ad almadığına görə sənə təəcüblənsinlər?!”
Doğrudan da maraqlı cavabdır. Elmi dərəcə də elmi potensiala uyğun olmaqla yanaşı, elmi potensial da elmi dərəcəni tamamlamalıdır. Əslində elmi dərəcəsi uğur sahibləri dünyadakı yeni tendensiyalarla elmi ictimaiyyəti yaxından tanış edərək və bütün problemlərin (uğurların) ilkin anonsunu verənlər olmalıdırlar.
Üçüncü: Elmi ad almaq üçün ağır bürokratiyanın və əngəlləyici instansiyaların mövcudluğu. Çoxlu sayda həmkarlarımla söhbət zamanı onlar ən çox şikayət kimi qeyd etdikləri məqam kimi müdafiə mərhələlərinin yorucu və bezdirici gecikdirmələrlə zəngin olmasını göstərirlər. İlkin seminardan başlayaraq son müdafiə mərhələsinə qədər olan distansiyalarda ağır proseduranın və sərt bürokratiyanın olması əsas problem olaraq qeyd olunur. Ola bilsin ki, müdafiə prosesi tamamilə beynəlxalq standartlara uyğundur. Amma onun tətbiqində qeyri-müəyyənliklər və labrintlər müəyyən insanların həvəsdən salınmasının əsas səbəbi olaraq qeyd olunur. Hətta bu fikrə daha çox rast gəlirik ki, elmi işi yazmaqdan daha çətini müdafiə mərhələsidir. Əslində isə müdafiə mərhələsinin özü dissertasiya işi yazmaqdan dəfələrlə asan olmalıdır. Müşahidə etdiyim qədər bu hal bizdə tərsinədir. Halbuki, əsas çətinlik kimi elmi araşdırmaların keyfiyyəti, orijenallığı və nəticəliliyi olmalıdır. Əgər belə olarsa, o zaman elm və təhsil uğurlarımız daha da artmağa başlayacaq. Elm və təhsilin ölkənin iqtisadi inkişafında oynayacağı rolla bağlı yeni bir “nəfəs” açılacaq. Müxtəlif araşdırmalar göstərir ki, inkişaf etməkdə olan ölkələr öz rəhbərliklərini gender və sosial status əsasında deyil, ləyaqət əsasında qursaydı, o zaman özlərinin adambaşına ÜMM-u 5% artıra bilərdi.
Dördüncü: Attestasiya formalizminin, akkreditasiya və sertifikatlaşdırma qeyri-müəyyənliyini aradan qaldırılması. Bir neçə ildən bir elm və təhsil sahəsində attestasiyalar keçirilir. Bütün bunlardan sonra biz səmərəliliyə nə dərəcədə nail oluruq? Elmi hədəflərimizə nə qədər yaxınlaşırıq? Bu suallara cavab həmin attestasiyaları real məzmunlu olmaqla islahatların əsas həlqəsi olaraq dərk edilməklə onu prinsipial və obyektiv aparılmasından keçir. Amma reallıq belədir ki, bizdə bu proses könhə kontingentin yenidən təsdiqi və dayağı (“dayısı”) olmayan kadrların itirilməsi ilə yekunlaşır. Bu isə könhə tərkibin özünü “yuxarılardan” tapşırılması ilə nəticələnir. Bu prosesi sanki canlı varlıqların inventarizasiyası da adlandırmaq olar. Ona görə elmi tələbləri rəqabətədavamlı indikatorlarla zənginləşdirməklə yanaşı, “ev tapşırıqlarına” məhəl qoymadan aparmalıyıq. O zaman real olan elmi islahatlardan danışa bilərik.
Özəl universitetlər və şirkətlər özlərinin məsləhət bildikləri şəxslərə müxtəlif kursdəyişmə və ixtisasartırma adı altında sertifikatlar paylayırlar. Bu bəzi mütəxəssislərdə üstünlük qazandırma balı formalaşdırır. Karyera nərdivanında və müxtəlif müsabiqələrdə bu həmin şəxsə prioriteti artırır. Bütün bunların bir çoxunun spekulyasiya vasitəsi olduğu heç kimdə şübhə doğurmur. Akkreditasiya və sertifakarlaşdırma saxtakarlığı artıq dünyada da əsas korrupsiya elementləri olaraq ciddi vüsət almağa başlanıb. Bu proses formalizmdən uzaq aparılarsa, realistik tələblərə uyğun aparılarsa, onda onun böyük faydalarından danışa bilərik. Gərək bu haqda da dərindən düşünək.
Beşinci: Etik qaydaların zəifliyi. Elm və təhsil sahəsində etik qaydalar çox mühümdür. Elmi etikanın əsas ünsürləri bunlardır: şəffaflıq, cavabdehlik, ədalət və sosial nəzarət. Bu ünsürlərin hər birini ayrı-ayrılıqda nəzərə almaq lazımdır. Elm etikasının əsas komponentləri olan akademik düzgünlük standartları və şərəf kodeksi elm adında “gəmimizin” əsas kompasımıza çevrilməlidir. Yəni, elmi uğurlar nümunəyə çevrilməli, düzgünlük təbliğ olunmalı, akademik vicdansızlıq və qanun pozuntuları ictimailəşdirilməli, vəzifə səlahiyyətlərindən istifadə edərək elmi dərəcə almaq halları ictimai qınaqla qarşılanmalıdır. Saxta və haqq etmədiyi elmi dərəcə sahibləri utandırılmalıdır. Buna paralel olaraq elmi yeniliklərlə zəngin və gərgin şəraitdə müdafiəni uğurla başa vuran gənc alimlərin nümunələri təqdir olunmaqla onların inkişafı təşviq olunmalıdır. Əgər elmi dərəcələrin təsdiqi istiqamətində siyahılar yeniləndikcə, daha uğurlu müdafiəçilərə fərqli rakursdan baxılsa, bu elmin inkişafında effektiv bir təşviq aləti olar. ABŞ-da Elmi Dərəcələrin Təsdiqi İdarəsi fəaliyyət göstərir. Bununla yanaşı Miçiqan ştatında isə təsdiq edilməmiş akkreditasiya agentliyinin siyahıları tərtib edilir. Bu siyahıların tərtibinə qədərki elmi dərəcə alma proseduralarına xüsusi diqqət yetirilir. Biz də bu prosesin şəffaf aparılması yolunda səylərimizi artırmalıyıq. Əgər biz də də bu sahədə etik qaydaları yaratmaq və onun işlək mexanizmlərinə nail ola bilsək, neqativ halları kifayət qədər tormozlaya bilərik.
Altıncı: İşçi qüvvəsinin artıqlığı və paralel strtukturlar. Bir neçə ildir ki, elmi və təhsil müəssisələrində işçi heyət Boloniya sisteminin tələbələrinə uyğunlaşdırılması prosesi başlayıb. Paralel strukturlar və tələb olunan işçidən çox ştatların saxlanılması könhədən miras qalmış problemdir. Bir şöbədə çoxlu sayda ştatda duran işçilərin sayı ilə həmin şöbədə olan elmi nəticələr arasında böyük təzadın olması heç kimə sirr deyil. Bu əlavə ştatlar elmə daxil olacaq əlavə pulları “yeyir”. Əvəzində onun elmə qazandırdığı dəyəri geriyə sayım adlandıra bilərik. Ona görə də bəzi elmi mənbələr və müəlliflər sübut edir ki, elmi problemlərin əsaslarından biri də elə məhz budur. Bir çox hallarda problemin kökü aşağı səviyyəli əməkhaqqında deyil, daha çox artıq işçi qüvvəsində olur. (Nunberg and Nellis,1995) Biz işçilərin sayını mövcud normadan yuxarı səviyyədə saxlamaqdansa, işçilərin sayını dar ixtisaslaşamanın sayının artırması hesabına optimallaşdıra da bilərik. Bunun elmi örnəkləri də var. Çünki, elmin kütləviləşdirilməsi ixtisaslaşdırmanı daha yüksək səviyyədə aparmağa böyük təsir göstərir və dar ixtisaslaşmanı təkmilləşdirir.
(ardı var)


