Azərbaycan necə inkişaf edir?

Dünya Bankının xüsusi hesabatı Ilham Əliyevin çıxışını alt-üst etdi  

Xəbər verildiyi ki, ölkə başçısı Ilham Əliyevin sədrliyi ilə  Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2015-ci ildə qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib. Müşavirədə ənənəvi olaraq ölkənin “inkişafı” ilə bağlı çıxışlar edilib. Ilham Əliyev özü də çıxışını Azərbaycanın “sosial-iqtisadi inkişafı”na həsr edib. Ölkə başçısı bütün sahələrdə irəlilədiyini vurğulayıb. 

Lakin elə bu müşavirədən bir gün əvvəl Dünya Bankı Azərbaycanla bağlı xüsusi hesabatı yayılıb. Hesabat Azərbaycanda iş yerləri yaratmağa sınaqlar, çətinliklər haqda hazırlanıb. Bu hesabatda əks olunan faktlar Ilham Əliyevin ölkənin inkişafı barədə dediklərilə ziddiyyət təşkil edir. Məsələn, hesabatda bildirilir ki, Azərbaycanda bütün işləyənlərin 37 faizi kənd təsərrüfatı sahəsində  çalışır. Bu qədər adamın işlədiyi kənd təsərrüfatı ölkənin Ümumi Daxili Məhsulunun (ÜDM) cəmi 5 faizini verir. 

Bu fakt Azərbaycanda aqrar sektorun hansı vəziyyətdə olmasının göstəricisi sayıla bilər. Uzun müddət bu sahəyə Ismət Abbasov rəhbərlik edib. Elə indi də baş nazirin müavini olaraq aqrar sektoru kurasiya edir. Yeni nazir Heydər Əsədovun heç bir uğura imza atdığı bəlli olur.

Bunun əvəzində məlum olur ki, mədən sənayesi ÜDM-un 40 faizini verir, ancaq burda bütün ölkədə işləyənlərin cəmi 1 faizi çalışır. Bu fakt Azərbaycan iqtisadiyyatının neftdən asılılığını sübut edir. Ayrıca hesabatdan məlum olur ki, 

Azərbaycanda özəl sektorda bütün işləyən əhalinin 5 faizi çalışır. Bu ölkədə özəl sektorun, sahibkarlığın inkişaf etmədiyini göstərir. Bunun kökündə isə məmurların biznes fəaliyyətilə məşğul olması dayanır. Yəni, hakimiyyətdəki Ziya Məmmədov, Kəmaləddin Heydərov, Rövnəq Abdullayev və digərləri Azərbaycanda sahibkarlığın inkişafına, rəqabət mühitinin yaradılmasına və beləliklə özəl sektorun çiçəklənməsinə mane olur. Əlbəttə ki, bütün bunlar Ilham Əliyevin iradəsindən kənar edilmir.