Əmanət faizlərindən gəlir tutmaq kimlərin marağına xidmət edir?
Bu ildən etibarən banklara qoyulan depozitlər gəlir vergisinə cəlb ediləcək. Artıq bu qərarı dövlət başçısı da təsdiqləyib. Məbləği ildə 500 manatı ötəcək dividendlərə gəlir vergisi tətbiq ediləcək.
Müxtəlif hesablamalara görə, burda söhbət təxminən 60 milyon manat məbləğində vəsaitdən gedir. Məhz bu qədər vəsaiti dövlət büdcəsi hər il 6,4 milyona qədər əmanətçiyə hədiyyə edir.
Iqtisadçıların hesablamalarına görə, əmanətçilərə bu cür verginin tətbiqi düzgün qərar deyil. Çünki ölkəmizdəki mövcud durumu beynəlxalq aləmlə müqayisə edəndə maraqlı məqamlar ortaya çıxır. Məlum olur ki, əhalinin banklardakı əmanətlərinin Ümumi Daxili Məhsula nisbəti hətta Belarus və Gürcüstandan da geri qalır. Azərbaycanda bu göstərici 12.2 faizdir. Belarusda bu rəqəm. 19.5, Gürcüstanda
14.6, Estoniyada 27.7, Polşada 29.6, Çexiyada 48.2, Norveçdə 18.5, Fransada 25, Niderlandda 63 faizdir.
Əhali əmanətlərinin ölkə əhalisinin hər nəfərinə düşən həcmi də bu dəyişikliyin əslində Azərbaycanın banklarına sərf etmədiyini ortaya çıxarır. Azərbaycanda bu göstərici 930, Belarusda 1480, Qazaxıstanda 1700, Polşada 4050, Estoniyada 5300, Çexiyada 9560, Fransada 10600, Norveçdə 18300, Niderlandda 31800 dollardır.
Yəni əmanətlərə verginin tətbiq olunması bankların durumunu bir qədər də ağırlaşdıracaq. Banklardakı əmanətləri çəkənlərin sayı artacaq. Qəzetimizə daxil olan məlumata görə, əmanətlərə verginin tətbiqi təsadüfi deyil. Çünki bu dəyişiklikdən büdcənin əldə edəcəyi gəlir çox cüzidir. Ona görə tətbiq olunacaq dəyişiklik başqa məqsədlərə də xidmət edə bilər. Dəyişikliyə səbəb əmanətçilərin banklardakı pullarını ya geri çəkməsi, ya da valyuta hesabına keçirməsidir. Mərkəzi Bank 2014-cü ilin sonunda bəyan etmişdi ki, 2015-ci il üçün əsas siyasət manatın kursunun saxlanması olacaq. Yəni dünya bazarında dolların məzənnəsindəki artım manata da təsir etmişdi. Bunun da əsas səbəbi Azərbaycanın manatının neft valyutası olmasıdır.
Banklardakı əmanətlərin dollarda saxlanması durumu bir qədər qəlizləşdirir. Banklar artıq dollar hesabına keçirilmiş əmanətlərə faizləri də dollarda qaytarmalıdır. Dolların məzənnəsinin hər ötən gün artdığı bir zamanda bu, banklara yaxşı perspektiv vəd etmir. Çünki əmanətçilər öz pullarını dollarda saxlamaqla hazırda baş verən təlatümlərdən qorumuş olurlar. Çünki dolların məzənnəsi, manata nisbətən daha sabit sayılır.
Iqtisadçı Məhəmməd Talıblı bildirdi ki, vətəndaşlar bir qayda olaraq əmanətlərini milli valyutada saxlamağa üstünlük verir. Amma əgər əmanətçilərin banklardakı hesablarını dollara keçirmək tendensiyası başlayıbsa, bu o deməkdir ki, banklar öz gəlirlərini qorumağa çalışacaq: “Nəzərə almaq lazımdır ki, ölkədə inflyasiya hədləri də yüksəlir. Bu zaman isə həm vətəndaşlar öz gəlirlərini qoyrumaq istəyir, həm də banklar öz gəlirlərinin inflyasiyanın yeminə çevrilməməsinə çalışırlar. Ona görə banklar maraqlıdır ki, əmanətlər manatda saxlanılsın. Çünki bu onların gəlirlərini artırmış olur”.
Xəyal


