“Hakimiyyət repressiya siyasətindən əl çəkməlidir; AXCP prinsipial mövqeyindən dönən deyil”
Azərbaycan hakimiyyəti uzun illərdi repressiv siyasət həyata keçrir və bu siyasətin nəticəsində yüzlərlə ictimai-siyasi fəal qondarma ittihamlarla həbs edilib. AXCP hər zaman bu repressiya dalğasının hədəfində olub və hakimiyyətin ən sərt addımlarının qurbanına çevrilib. Amma bütün bu məhrumiyyətlərə baxmayaraq, partiya öz prinsipial fəaliyyətini davam etdirib və strukturlarını genişləndirib.
Partiyanın çətin şərtlər daxilində mübarizəni davam etdirməsi hakimiyyətin daha sərt addımlar atması ilə nəticələnib. Təkcə 2014-cü ildə partiyanın onlarla üzvü həbs olundu.
Bu ilin ilk günlərində isə partiyanın daha bir üzvü – Gənclər Komitəsinin fəalı Elvin Abdullayev uydurma narkotik ittihamı ilə şərlənərək həbs edilib. Onun barəsində 4 ay həbs-qətimkan tədbiri seçilib.
Elvin Abdullayevlə hazırda həbsdə olan AXCP üzvləri 7 nəfərə çatıb. Ondan əvvəl partiyanın Rəyasət Heyətinin üzvləri Seymur Həzi və Asif Yusifli, fəalları Murad Ədilov, Etibar Fətiyev, Mirağa Abbasov və Hicran Qasımov həbs edilmişdilər. Onlardan başqa AXCP Təşkilat Şöbəsinin müdiri Rafiq Daşdəmirlinin oğlu Sənan Daşdəmirli də faktiki atasının fəaliyyətinə görə girov kimi həbs edilib.
Elvin Abdullayevin qanunsuz həbsi bir daha göstərir ki, hakimiyyət yarıtmaz siyasətindən əl çəkməyib və öz ömrünü uzatmaq üçün repressiyalarla cəmiyyəti qorxu altında saxlamaqdan başqa yol tanımır.
AXCP bəyan edir ki, bu həbs də özündən əvvəlki siyasi həbslər kimi partiyaya təzyiq vasitəsidir və fəal gəncləri siyasi proseslərdən çəkindirməyə xidmət edir. Lakin bununla nə AXCP-ni prinsipial mövqeyindən çəkindirmək, nə də gəncliyin siyasi proseslərə, azad və ədalətli cəmiyyət uğrunda mübarizəyə qoşulmasının qarşısını almaq mümkündür.
Hakimiyyətin bu siyasəti yalnız cəmiyyəti uçuruma apara, daxili qarşıdurmaya sürükləyə bilər. Hakimiyyət öz məsuliyyəti dərk etməli və repressiyaları dayandırılmalı, siyasi məhbusları dərhal azad edilməlidir. Xalqın dəyişikliklər tələbini təzyiq və repressiya ilə susdurmağa çalışmaqdansa, çağdaş dünyada baş verənləri anlamaq və buna adekvat cavab vermək lazımdır.
AXCP hakimiyyəti bu şər siyasətindən imitna etməyə, rəqiblərlə sivil formada mübarizə aparmağa çağırır. Onsuz da bu repressiya siyasəti hakimiyyətə heç bir divident gətirməyib. Əksinə, bütün demokratik dünya Azərbaycanda avtoritar sistemin olduğunu bəyan edir və hakimiyyəti demokratik islahatlara səsləyir.
AXCP hakimiyyətdən tələb edir ki, xüsusən də ölkənin gələcəyi olan fəal gənclərdən əl çəksin, onlara qarşı repressiyanı dayandırsın, həbs edilən bütün siyasi məhbusları dərhal azadlığa buraxsın.
Partiya eyni zamanda ölkə ictimaiyyətinə səslənərək repressiyaya məruz qalan fəalların müdafiəsini davam etdirməyə, hakimiyyətin qanunsuz siyasətinə “yox” deməyə çağırır.


