Tələbələr Türkiyədəki səfirliyi ittiham edirlər

Hesablama Palatasının da bu səfirliyə qarşı iddiaları var

Türkiyədə təhsil alan azərbaycanlı tələbələr Ankaradakı Azərbaycan səfirinin fəaliyyətindən məmnun deyillər. Tələbələr bildirirlər ki, səfir onların mövcudluğu ilə maraqlanmır, hətta məhdud tədbirlərin birində “onlara xüsusi diqqət” ayırmaq fikrində olmadığını açıq şəkildə bildirib. Tələbələr bildirirlər ki, səfir Dünya Azərbaycanlılarının Həmrəylik günündə, Novruz bayramında və 28 May gününə aid tədbirlərə də tələbələri dəvət etmir. “Səfir bu cür tədbirlərə gözdən pərdə asmaq üçün 10 nəfər tələbə çağırır və ”tələbələri dəvət etdik” deyə raport verir”, – deyə tələbələr bildirirlər.
Yeri gəlmişkən, Azərbaycanın Türkiyədəki səfirliyində və Istanbul şəhərindəki Baş Konsulluğunda aparılan audit yoxlaması zamanı bir sıra ciddi nöqsanlar aşkar edilib. Bu, Hesablama Palatasının Milli Məclisə təqdim etdiyi hesabatda qeyd edilir. Hesablama Palatası ÿhəmin nöqsanları 2010-cu il üçün iş planına uyğun olaraq adları çəkilən diplomatik korpusların saxlanılmasına ayrılan vəsaitlərin icrası, dövlət rüsumlarının hesablanması və ödənilməsi üzrə audit apararkən üzə çıxarıb.
Hesablama Palatasının sənədində deyilir: “Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyi üzrə 2005-2009-cu illərin sonuna istifadə olunmayan qalıq vəsait dövlət büdcəsinə qaytarılmayaraq növbəti illərdə istifadə edilib bir sıra xərc maddələrində istifadə edilməmiş vəsaitlərin digər xərc maddələri üzrə aparılan əməliyyatlara yönəldilməsi nəticəsində təyinat dəyişikliklərinə yol verilib, əmək haqqı xərcləri üzrə maliyyələşmə aparılarkən vakant ştatların olması nəzərə alınmayıb, bir halda ştatdankənar işçi kimi işə qəbul edilən Türkiyə Respublikası vətəndaşına ödənilən aylıq vəzifə maaşı Türkiyə Respublikasında (eləcə də Ankara şəhərində) mövcud olan orta aylıq əmək haqqı səviyyəsindən yuxarı olub və işə qəbul Azərbaycan Respublikası Xarici Işlər Nazirliyi ilə razılaşdırılmayıb, səfirliyin ştat sayından əlavə iki ştat sürücü, dörd bağban və iki xidmətçi, həmçinin səfirliklərin fəaliyyətini tənzimləyən normativ sənədlərdə nəzərdə tutulmadığı halda, bir ştat növbətçi və bir ştat rezidensiya köməkçisi ştatdankənar işçilər kimi işə qəbul edilməklə maliyyələşmədən artıq vəsait xərcinə yol verilib, bir sıra hallarda ziyafətlərin keçirilməsi və hədiyyələrin verilməsi tam sənədləşdirilməyib”.
Istanbul şəhərində Azərbaycan Respublikasının Baş Konsulluğunda da bu qəbildən olan maliyyə dolaşıqlıqları aşkar edilib.

İnformasiya şöbəsi