
Elvin Abdullayevin həbsi mübarizə əzmimizi daha da artıracaq
Hakimiyyətin repressiv siyasəti davam edir. Bu repressiyaların əsas hədəfi isə AXCP-dir. Bugün AXCP-nin 8 üzvü qondarma ittihamlarla həbs olunub. Onlardan 4 nəfəri AXCP Gənclər Komitəsinin fəallarıdır. Hakimiyyət 2014-cü ildəki şər siyasətini 2015-ci ildə də davam etdirdi və AXCP Gənclər Komitəsinin üzvü Elvin Abdullayev 2015-ci ilin ilk siyasi məhbusu kimi tarixə düşdü. Əvvəlki həbslər kimi bu həbsdə də hakimiyyət “ənənə”sinə sadiq qalaraq narkotikaya istinad etdi. Elvin Abdullayev barəsində 4 aylıq həbs qətimkan tədbiri seçildi.
Təbii ki, həm yerli, həm də xarici icitmaiyyət bu həbsin qondarma olduğunu bilir və bunu kiməsə sübut etməyə ehtiyac yoxdur. Təkcə bir tibbi ekspertiza kifayət edir ki, Elvin Abdullayevin şərləndiyi sübuta yetirilsin.
Baş verənlərlə bağlı cəbhəçi gənclərin də mövqeyini öyrəndik.

AXCP GK-nin İdarə Heyətinin üzvü Aqil Məhərrəmli bildirdi ki, Elvinin tənqidi statusları hədəfə dəydiyi üçün hakimiyyəti narahat etdi: “Elvin Abdullayevin hәbsi birmәnalı olaraq siyasi mövqeyinә görәdir. Çünki, Elvin “facebook”da fәal mövqe sәrgilәyirdi və kəskin statuslarla hakimiyyəti ifşa edirdi. Amma onu narkotika ittihamı ilə həbs etdilər. Çünki bu rejim üçün demokratiya, azadlıq tәlәb edәn hәr bir kәs narkomandır. Görünür, Elvin bәyin tәnqidlәri açıq hәdәfә dәyib. Bizim apardığımız mübarizә azad vә demokratik cәmiyyәt uğrundadır. Bütün bu hәbslәr bizim doğru yolda olduğumuzun göstәricisidir. Hәbslәr bizi qorxutmur, әksinә stimul verir. Elvin bәyin anasının gәncәlәrә çağırışı var. “Haqq uğrunda mübarizәni davam etdirin, hәmişә haqqın yanında olun”- deyә gәnclәrә sәslәnib. Elvinin hәbsini gündәmdә saxlayıb, gәrәkәn lazımi tәdbirlәri görәcәyik. Elvindən öncə Etibar Fətiyevi, Mirağa Abbasovu, Murad Ədilovu həbs etdilər. Amma bu həbslər nəinki susqunluğa səbəb oldu, əksinə komitəyə yeni adamlar qoşuldu və insanlar bizim haqlı olduğumuzu anladılar. Hakimiyyət etiraf edir ki, AXCP-nin sıravi üzvünü də, özü üçün rəqib görür”.

AXCP GK İdarə Heyətinin üzvü Bəyim Həsənli bu həbslərin yalnız mübarizə əzmini artıracağını bildirdi: “Elvin Abdullayev təşkilatımıza yeni qoşulsa da, çox aktiv gənc idi. Bütün tədbirlərdə, mitinqlərdə, məhkəmələrdə onu görmək olardı. Universitetdə də çox həvəslə oxuyurdu. Elvin kimi gəncləri həbs eləməklə heç nə əldə etmək mümkün olmayacaq. Əgər bu həbslər fayda versəydi, 2011-ci ildə Cabbar Savalanlı həbs olunandan sonra meydanda bir gənc belə qalmzdı. Proseslər isə onu göstərdi ki, həbslər qorxu əvəzinə qəzəb yaradır. Cabbarın yerinə onlarla gənc mübarizəyə qoşulmuşdu. Elvinin də yeri boş qalmayacaq. Cəbhəçi gənclər olaraq şərlənərək həbs olunmuş hər kəsin yanındayıq. Bugün həbsdə olan 4 nəfər cəbhəçi gənc Azərbaycanın vicdan səsidir və bu səsi kəsmək mümkün olmayacaq”.

İdarə Heyətinin digər üzvü Dadaş Sadıqlı da Elvin Abdullayevin həbsinin siyasi sifariş olduğunu və gəncləri qorxutmaq üçün hesablandığını bildirdi: “ Cəbhəçi gənclər hər zaman mübarizənin önündə, haqqı tapdananın yanında olub. Ona görə də həbsxanalar, müvəqqəti saxlanma təcridaxanaları cəbhəçi gənclərin mənzilinə çevrilib. Bu illər ərzində bizə ən iyrənc damğaları vurdular. Amma ağ rəng qara götürmədiyi kimi, bizə qarşı böhtanlar da effekt vermədi. AXCP Gənclər Komitəsi böyük struktura çevrildi və ölkənin ictimai-siyasi həyatında əvəzedilməz rol oynadı. Məhz bu ardıcıl, prinsipial mübarizəmiz hakimiyyəti narahat etdiyinə görə gənclərimizin şərlənməsi davam edir. Bugün Gənclər Komitəsinin 4 üzvü həbs həyatı yaşayır. Amma 100-lərlə cəbhəçi gənc bundan sarsılmır, ruhdan düşmür. Son olaraq da Elvin Abdullayevi həbs etdilər. Biz bu qeyri-insani addımların qarşısında susmayacağıq. Son nəfərimizə qədər həqiqəti deməyə, haqqımızı tələb etməyə davam edəcəyik. Onsuz da həbsxanalar vicdanla əhatə olunub. İndi orda xeyli əqidadaşımız var. Elvin Abdullayev vətəndaş olduğuna görə, dövlətini və millətini sevdiyi üçün həbs olunub”.
Akif


