Fransa bu qadını axtarır FOTO

Fransa polisi “Charlie Hebdo” satirik jurnalının redaksiyasına qanlı basqın və yəhudi supermarketində girov götürülməsi ilə bağlı şübhəli şəxslərdən sayılan qadının hələ hadisələrdən əvvəl Suriyaya qaça bildiyi ehtimalını irəli sürüb.

26 yaşlı Hayat Boumeddiene-nin Suriyaya Türkiyədən keçdiyi barədə məlumatlar əldə edilib. Bu ehtimalı Türkiyə, Suriya və Fransa mənbələri dəstəkləyiblər.

Terrorçular polislə atışmada həlak olduqdan sonra Fransa polisi Hayat Boumeddiene-nin fəal axtarışına başlayıb. Polisin dərc etdiyi axtarış elanlarında bu qadın “silahlı və çox təhlükəli” kimi təsvir edilib.

Qadının Türkiyə sərhədini İstanbulda yanvarın 2-də keçdiyini Türkiyənin rəsmi mənbələri də təsdiqləyiblər.

Türkiyə mənbəyi bildirir ki, axtarışda olan qadının nişanlarına və zahiri görünüşünə uyğun şəxs İstanbula Madriddən gəlibmiş.

Həmin mənbə bildirib ki, qadını bir kişi müşaiyət edirmiş və onun yanvarın 9-u üçün dönüş bileti olsa da, qayıtmayıb.

Türkiyə təhlükəsizlik qüvvələrinin yüksək vəzifəli rəsmisi bildirib ki, hazırda Ankara və Paris şübhəlinin yaxalanması üçün birgə tədbirlərə başlayıblar.

Bununla belə,rəsmi təəssüflə bildirib ki, qadının İstanbula gəlməsi barədə əvvəlcədən onlara kəşfiyyat məlumatı verilməyib.

“Fransızlar bizə xəbər verən kimi biz onun mobil telefonunda yanvarın 8-i üçün olan siqnalı tapdıq. Düşünürük ki, o artıq Suriyadadır, lakin bunu dəqiq təsdiq edə bilmirik, – deyib adının çəkilməsini istəməyən Türkiyə rəsmisi, – çox güman o artıq Türkiyədə deyil”.

Fransa və Qərb qəzetləri Boumeddiene-ə aid bir neçə fotoşəkilləri də dərc ediblər. 2010-ci ildə çəkilmiş şəkillərdən birində əynində tam niqab olan qadın oxla təlim məşqi keçir. Təlim yerinin dağlıq Kantal regionu olduğu da müəyyənləşdirilib. Başqa bir fotoda isə çimərlik kostyumunda olan qadın sevgilisini qucaqlayır.

Fransa mediası yazır ki, Hayat ailədəki 7 övladdan biri olub və anasını uşaqkən itirib. Sifarişləri mənzillərə çatdırmaqla məşğul olan atası ailəsini çətinliklə dolandırırmış.Artıq yetkin yaşlarında İslamı qəbul etdikdən sonra qadın özünün kassir işini itirib və niqabı da bundan sonra geyinməyə başlayıb.

Le Monde qəzeti yazır ki, Hayat Boumeddiene 2009-cu ildə Amedy Coulibaly adlı şəxslə kəbinli izdivaca girib. Fransanın rəsmi idarələri kəbin nikahlarını tanımır.

Onların hər ikisi 2010-cu ildə polis tərəfindən dindiriliblər.

Coulibaly 1995-ci ildə Paris nəqliyyatında dəhşətli terror aktı törədən şəxsi həbsxanadan qaçırmaq istəyərkən özü ələ keçmişdi.

Hazırda təhlükəsizlik orqanları digər iki terrorçunun – Fransada doğulmuş Əlcəzair əsilli qardaşlar Cherif və Said Kouachi-lərin səyahət qadağanı siyahısında və polis müşahidəsində ola-ola “Charlie Hebdo” qətliamını necə törədə bildikləri sualına cavab axtarırlar.

Paris şəhərinin baş prokuroru Francois Molins deyib kli, cümə günü keçirilmiş əməliyyat zamanı öldürülmüş qardaşların avtomatik silahlardan – əl pulemyotlarından, tapançalardan və hətta M82 raketatanından ibarət böyük cəbbəxanası olub. Qaradaşlar həmçinin mina tələləri qurublar (azadliq.org).