“2013-ün payızında sizin kimi bir neçə nəfəri mənimlə debata göndərmişdilər, aqibətləri yəqin, yadınızdan çıxmayıb; Əli Kərimli ilə bağlı yazdıqlarınız isə böhtandan başqa bir şey deyil”
"Hörmətli Azər Əsgərov! Ötən ilin oktyabr-dekabr aylarında sosial şəbəkələrdə, bir sıra saytlarda yaydığınız yalanları dəfələrlə təkrarladığınız üçün onlara aydınlıq gətirməyi qərara aldım.
AXCP-nin qərargah üçün icarəyə götürdüyü və keçən ilin martında partladılaraq sökülən mülkün sahibi Azər Əsgərov sosial şəbəkələrdə və müxtəlif mətbuat orqanlarında AXCP rəhbərliyi ilə yanaşı, Milli Şuranın sədri Cəmil Həsənliyə də böhtan atır, həqiqətə uyğun olmayan müxtəlif ittihamlar səsləndirir. Professor Cəmil Həsənli Azər Əsgərovun bu ittihamlarına şəxsi "facebook" səhifəsində tutarlı cavab verib. Həmin cavabı təqdim edirik.
"Hörmətli Azər Əsgərov! Ötən ilin oktyabr-dekabr aylarında sosial şəbəkələrdə, bir sıra saytlarda yaydığınız yalanları dəfələrlə təkrarladığınız üçün onlara aydınlıq gətirməyi qərara aldım.
Birincisi, ötən ilin mart ayında sizin AXCP-yə kirayə verdiyiniz mülkin partladılması və indiyə qədər sizə dəymiş ziyanın ödənilməməsi təəssüf doğurur. Belə qanunsuzluqlar, vətəndaşların mülkiyyət hüququna bu formada qəsd edilməsi yalnız Azərbaycan kimi avtoritar rejimlərdə ola bilər. Hadisə baş verəndən bəri mən bunu hər yerdə demişəm və bu gün də həmin fikirdə qalıram.
İkincisi, sizin bu gün ittiham etdiyiniz Əli Kərimli mənim iştirakımla keçirilən beynəlxalq görüşlərdə (təxminən 7 belə görüş keçirilib) hakimiyyət orqanları tərəfindən partiyanın kirayə etdiyi qərargahın partladıldığı və həmin mülkin sahibi kimi sizə böyük ziyan dəydiyi, dəymiş ziyanın qəsdən ödənilmədiyi haqda məsələ qaldırıb. Biz də öz tərəfimizdən ona dəstək vermiş və Əli bəyin iştirakı olmadan keçirdiyimiz görüşlərdə sizin haqqınızın pozulması, mülkiyyət hüququnuza qəsd edilməsi barədə məlumat vermişik. Biz bunu insanlıq naminə etmişik və haqqı pozulan bir adam kimi sizə dəstək olmağı özümüzə borc bilmişik. Əminliklə demək istəyirəm ki, bu məsələlərlə bağlı yazdıqlarınız və yaydıqlarınız həqiqətdən çox uzaqdır. Amma siz elə danışır və elə şeylər uydurursunuz, elə bil mənim sizin qarşınızda hansısa bir öhdəliyim və ya borcum var.
Yazırsınız ki, Milli Şuranın seçki qərargahı sizin AXCP-yə verdiyiniz binada olub. Nəzərinizə çatdırıram ki, belə bir şey olmayıb. Milli Şuranın seçki qərargahı Müsavat partiyasının ofisində olub və hətta, Xalq Cəbhəsindən olan qərargah üzvləri də Müsavatın ofisində onlar üçün ayrılmış otaqda fəaliyyət göstəriblər. Əlbəttə, sizin partlayış nəticəsində dağıdılmış binanızda Milli Şuranın bir neçə toplantısı keçirilib. Bunlardan birincisi, həmin binanı Açıq Cəmiyyət Partiyasına kirayə verdiyiniz zaman olub. Biz həmin vaxt partiya rəhbərliyinin dəvəti ilə orada Milli Şuranın sessiyasını keçirmişik, bina Xalq Cəbhəsində kirayədə olan zaman da təxminən iki sessiyası partiyanın dəvəti üzrə orada olub. Lakin biz Milli Şura olaraq heç vaxt sizin binadan ofis, qərargah və sair məqsədlərlə istifadə etməmişik. Sizinlə bu barədə hər hansısa yazılı sözləşməmiz və ya şifahi söhbətimiz də olmayıb. Şəxsən sizi isə mən yalnız ötən ilin mart ayında mülkiniz partladılandan sonra tanımışam. Ona qədər heç bir tanışlığımız olmayıb. Yeri gəlmişkən, bu gün sizin əməllərinizi gördükdən sonra buna yalnız sevinirəm.
Sosial şəbəkələrdə yayırsınız ki, guya mən xaricilərdən milyonlarla qrantlar alıram. Nəzərinizə çatdırıram ki, məlumatınız səhvdir. Mən nə indi, nə də keçmişdə heç bir xarici dövlətdən və xarici təşkilatdan qrant almamışam və ümumiyyətlə bu işlə məşğul olmamışam. Nəinki qrant, hətta, bir vaxtlar xalq arasında Soros fondu kimi tanınan Açıq Cəmiyyət İnstitutunun Bakı ofisində yönətiçi heyətin üzvü kimi mənə yazılan qanuni əmək haqqını belə almaqdan imtina etmişəm.
Sosial şəbəkələrdə yayılan açıqlamalarınızda məni tez-tez debata çağırırsınız. Əgər unutmamısınızsa, 2013-cü ilin payızında sizin kimi bir neçə nəfəri mənimlə debata göndərmişdilər. Onların debatdakı aqibəti yəqin sizin də yadınızdan çıxmayıb.
Əli Kərimli ilə bağlı yazdıqlarınız böhtandan başqa bir şey deyil. Əli bəyi mən hələ Bakı Dövlət Universitetində tələbə olduğu dövrdən tanıyıram və onun həyat yolu gözümün qabağında olub. Siyasi cəhətdən belə hazırlıqlı olmaq, yüksək milli-mənəvi keyfiyyətlərin örnəyini yaratmaq, intellektual göstəricilərə görə bu qədər önə çıxmaq, haqqa və ədalətə tapınmağı həyat tərzinə çevirmək, xalq işinə ürəkdən bağlı olub milli hədəflərimizi şəxsi taleyinə çevirmək zəmanəmizdə hər adama nəsib olmur.
Şübhəsiz ki, yazdıqlarımın sizi tutduğunuz səhv yoldan çəkindirəcəyinə əmin deyiləm. Amma yalan yüz dəfələrlə təkrar olunanda, onun həqiqət donuna bürünmə şansı bir qədər artır. Sizə vaxt ayırmağımız da bu zərurətdən irəli gəlmişdir".