Obama NATO və AB-nin genişlənməsinə start verdi

Rahim Hacıyev: «Artıq nə NATO, nə də AB-nin genişlənməsinin qarşısında dura biləcək qüvvə var»

ABŞ prezidenti Barak Obama Praqada səfərdə olarkən, Avropa Birliyini və NATO-nu “qapılarını” yeni üzvlərin üzünə açmağa dəvət edib. ABŞ prezidentinin fikrincə, hazırda dünyada cərəyan edən proseslər bunu diqtə edir. Ekspertlərin Obamanın bu açıqlamasına münasibəti fərqlidir. Bəziləri hesab edir ki, ABŞ prezidentinin bu açıqlaması Rusiyaya qarşı yönəlib. Amma fərqli düşünənlər də az deyil. Onların fikrincə, ABŞ bu açıqlama ilə xarici siyasətindəki prioritetləri bir daha vurğulayır.

Siyasi ekspert Rahim Hacıyevin fikrincə, Obamanın bu açıqlaması dünyada maraqlı proseslərin getdiyi bir zamana təsadüf edir. Polşaya səfər zamanı Obamanın perspektiv məsələləri ilə bağlı çox ciddi bəyanatlarının olduğunu deyən R.Hacıyev vurğuladı ki, diqqəti çəkən əsas açıqlama Obamanın NATO və AB-nin genişlənməkdə davam etməli olduğu ilə bağlı söylədikləridir: “Əslində bu açıqlama onun göstəricisidir ki, ABŞ Avropa Birliyindəki müttəfiqləri ilə belə bir prinsipial qərar qəbul edib. Istər Avropa Birliyinə, istərsə də NATO-ya qəbulla bağlı müəyyən ləngimələr olmuşdu. Məsələn, Gürcüstanın NATO-ya üzvlüyü ilə bağlı neçə illərdir müzakirələr getsə də, sonradan danışıqlar dayandırıldı. Bunun bir səbəbi Rusiyanın mövqeyinin güclü olması idi, eyni zamanda Avropa Birliyinin bəzi ölkələri də Rusiya ilə münasibətləri nəzərə alaraq bu məsələdə sona qədər getmədilər. Amma artıq zaman yetişib. Obama açıq bəyan etdi ki, artıq nə NATO-nun, nə də Avropa Birliyinin genişlənməsinin qarşısında duran qüvvə var. Bəyanatın o aspektinə də diqqət yetirmək lazımdır ki, Rusiyanın mövqeyi artıq zəifləyib və onun postsovet məkanına təsiri əvvəlki kimi deyil”.
AB-nin genişlənmə planında altı keçmiş sovet respublikasının durduğunu deyən R.Hacıyev bildirdi ki, onlar Ukrayna, Belarus, Moldova, Gürcüstan, Azərbaycan və Ermənistandır. Bu baxımdan R.Hacıyevin fikrincə, tam əsasla demək olar ki, Obamanın bu bəyanatından sonra sözügedən altı respublikanın Avropa strukturlarına inteqrasiyası sürətlənəcək. Və yaxın zamanlarda bu ideyanın gerçəkləşməsi üçün zəruri addımlar atılacaq.

Xəyal