Cəbhəçi gənc şərlənərək həbs olundu VİDEO

Elvin Abdullayev barəsində 4 ay həbs-qətimkan tədbiri seçildi

"Oğlumun həbsi sifarişlidir və əvvəlcədən hazırlanıb"

Xətai rayon Məhkəməsi AXCP Gənclər Komitəsinin fəalı Elvin Abdullayev barəsində  4 aylıq həbs qətimkan tədbiri seçib. Elvin Abdullayev cinayət məcəlləsinin 234-cü maddəsi ilə ( CM bu maddəsi qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə kimi kimi hallarla məşqul olan adamlara şamil edilir) ittiham olunur.  

Xatırladaq ki, bu maddə daha çox siyasi fəalların şərlənməsində istifadə olunur. Təsadüfü deyil ki, siyasi düşərgədə bu maddəyə "müxalifət maddəsi"də deyilir. Gənc fəalın anası da oğlunun AXCP üzvü olduğuna, sosial şəbəkələrdəki aktivliyinə görə şərlənərək həbs olunduğuna şübhə etmir: "Oğlum cəbhəçidir, "facebook" fəaldır. Başqalarını necə şərləyib həbs ediblər, mənim oğlumu da elə. Universitet tələbəsi, imtahanlarda yüksək nəticələr əldə edən, ikici təhsili alan uşaq necə narkotiklə şərlənə bilər? Elvin şərlənib və onun həbsi sifarişlidir, əvvəlcədən hazırlanıb. İndiki gəncliyə və oğluma üzümü tutub deyirəm ki, iradənizdən dönməyin, əzmli olun və hər zaman haqqın yannda olun". 

Elvin Abdullayev 2 gün Nərimanov rayon təcridxanasında saxlanılıb. Əvvəlcə onun saxlanması haqda heç bir məlumat verilmirdi. Ötən gün Elvin Abdullayevin vəkili Bəhruz Bayramov işi aparan müstəntiqlə danışıb və məlum olub ki, o, narkotika ittihamı ilə saxlanılıb.

Qeyd edək ki, artıq AXCP Gənclər Komitəsinin 4 üzvü müxtəlif ittihamlarla həbs olunub. Elvin Abdullayev də sosial şəbəkələrin fəal iştirakçısıdır və hakimiyyətin siyasətini kəskin tənqid edən statuslar yazır. Hakimiyyət isə öz ənənəsinə sadiq qalaraq tənqidçilərini cəzalandırmağa davam edir.

Cəbhəçi gənclərdən sərt etiraz

Hakimiyyətin repressiv siyasəti davam edir. Bu repressiyaların əsas hədəfi isə AXCP-dir. Bugün AXCP-nin 8 üzvü qondarma ittihamlarla həbs olunub.  Onlardan 4 nəfəri AXCP  Gənclər  Komitəsinin fəallarıdır.  Hakimiyyət 2014-cü ildəki  şər  siyasətini 2015-ci ildə də davam etdirdi və AXCP Gənclər Komitəsinin üzvü Elvin Abdullayev  2015-ci ilin ilk siyasi məhbusu kimi tarixə düşdü. Əvvəlki həbslər kimi bu həbsdə də hakimiyyət  “ənənə”sinə sadiq qalaraq  narkotikaya istinad etdi.  Elvin Abdullayev barəsində 4 aylıq həbs qətimkan tədbiri seçildi.

Təbii ki, həm yerli, həm də xarici icitmaiyyət bu həbsin qondarma olduğunu bilir və bunu kiməsə sübut etməyə ehtiyac yoxdur.  Təkcə  bir  tibbi ekspertiza kifayət edir ki, Elvin Abdullayevin şərləndiyi sübuta yetirilsin.
Baş verənlərlə bağlı  cəbhəçi gənclərin də mövqeyini öyrəndik.  

AXCP GK-nin İdarə Heyətinin üzvü Aqil Məhərrəmli bildirdi ki, Elvinin tənqidi statusları hədəfə dəydiyi üçün hakimiyyəti narahat etdi: “Elvin Abdullayevin hәbsi birmәnalı olaraq siyasi mövqeyinә görәdir. Çünki,  Elvin “facebook”da fәal mövqe sәrgilәyirdi və kəskin statuslarla hakimiyyəti ifşa edirdi.  Amma onu narkotika ittihamı ilə həbs etdilər.   Çünki bu rejim üçün demokratiya, azadlıq tәlәb edәn hәr bir kәs narkomandır. Görünür,  Elvin bәyin tәnqidlәri açıq hәdәfә dәyib. Bizim apardığımız mübarizә azad vә demokratik cәmiyyәt uğrundadır. Bütün bu hәbslәr bizim doğru yolda olduğumuzun göstәricisidir. Hәbslәr bizi qorxutmur, әksinә stimul verir. Elvin bәyin anasının gәncәlәrә çağırışı var. “Haqq uğrunda mübarizәni davam etdirin, hәmişә haqqın yanında olun”- deyә gәnclәrә sәslәnib. Elvinin hәbsini gündәmdә saxlayıb, gәrәkәn lazımi tәdbirlәri görәcәyik.  Elvindən öncə Etibar Fətiyevi, Mirağa Abbasovu, Murad Ədilovu həbs etdilər. Amma  bu həbslər nəinki susqunluğa səbəb oldu, əksinə komitəyə yeni adamlar qoşuldu və insanlar bizim haqlı olduğumuzu anladılar.  Hakimiyyət etiraf edir ki, AXCP-nin sıravi üzvünü də, özü üçün rəqib görür”.

AXCP GK İdarə Heyətinin üzvü Bəyim Həsənli bu həbslərin yalnız  mübarizə əzmini artıracağını bildirdi: “Elvin Abdullayev təşkilatımıza yeni qoşulsa da, çox aktiv gənc idi. Bütün tədbirlərdə, mitinqlərdə, məhkəmələrdə onu görmək olardı. Universitetdə də çox həvəslə oxuyurdu.  Elvin kimi gəncləri həbs eləməklə heç nə  əldə etmək mümkün olmayacaq.  Əgər bu həbslər fayda versəydi, 2011-ci ildə Cabbar Savalanlı həbs olunandan sonra meydanda bir gənc belə qalmzdı. Proseslər isə onu göstərdi ki, həbslər qorxu əvəzinə qəzəb yaradır. Cabbarın yerinə onlarla gənc mübarizəyə qoşulmuşdu. Elvinin də yeri boş qalmayacaq. Cəbhəçi gənclər olaraq şərlənərək həbs olunmuş hər kəsin yanındayıq.  Bugün həbsdə olan 4 nəfər cəbhəçi gənc Azərbaycanın vicdan səsidir və bu səsi kəsmək mümkün olmayacaq”.

İdarə Heyətinin digər üzvü Dadaş Sadıqlı da Elvin Abdullayevin həbsinin  siyasi sifariş olduğunu və gəncləri qorxutmaq üçün hesablandığını  bildirdi: “ Cəbhəçi gənclər  hər zaman mübarizənin önündə, haqqı tapdananın yanında olub. Ona görə də həbsxanalar, müvəqqəti saxlanma təcridaxanaları  cəbhəçi gənclərin  mənzilinə çevrilib. Bu illər ərzində bizə ən iyrənc damğaları vurdular. Amma ağ rəng qara götürmədiyi kimi, bizə qarşı böhtanlar da effekt vermədi. AXCP  Gənclər Komitəsi  böyük struktura çevrildi və ölkənin ictimai-siyasi həyatında  əvəzedilməz rol oynadı. Məhz bu ardıcıl, prinsipial mübarizəmiz  hakimiyyəti narahat etdiyinə görə  gənclərimizin şərlənməsi davam edir.  Bugün Gənclər Komitəsinin 4 üzvü həbs həyatı yaşayır. Amma 100-lərlə cəbhəçi gənc bundan sarsılmır, ruhdan düşmür.  Son olaraq da Elvin Abdullayevi həbs etdilər.  Biz bu qeyri-insani addımların qarşısında susmayacağıq. Son nəfərimizə qədər həqiqəti deməyə, haqqımızı tələb etməyə davam edəcəyik.  Onsuz da həbsxanalar   vicdanla əhatə olunub. İndi orda xeyli əqidadaşımız var.  Elvin Abdullayev  vətəndaş olduğuna görə,  dövlətini və millətini sevdiyi üçün həbs olunub”.