
“Azərsun Holdinq”in keçmiş fəhlələri virtualaz.org saytına müraciət edərək əmək hüquqlarının pozulduğunu və haqsız yerə işdən çıxarıldığını bildirirlər.
Fəhlələr deyir ki, onlar etiraz əlaməti olaraq holdinqin baş ofisi qarşısında intihar edəcəklər: “Bildiririk ki, İmişli Şəkər Zavodunun direktoru bizim əməyimizi istismar edərək pulumuzu mənimsəyib. Haqqını tələb edənləri isə oradan uzaqlaşdırır.
Zavodda qanunsuzluq hökm sürür. Bizim mütəmadi şikayətlərimiz cavabsız qalır. İmişli rayonu şəkər zavodunun girovuna çevrilib. Zavodda işləyənlərlə qul kimi davranırlar. Onlara dur deyən tapılmır. İstər yerli icra hakimiyyəti, istər polis, istərsə də məhkəmələr onların sözünü deyir. Biz artıq bu haqsızlıqdan cana doymuşuq.”Azərsun Holdinq” şikayətlərimizə cavab vermir. Cana doymuşuq.
Öhdəmizdə azyaşlı uşaq, qoca, ata-ana, arvad-uşaq var… Bunları saxlamaq gücündə deyilik. Ona görə də biz intihar etmək məcburiyyətindəyik. Yanvar ayının 12-də “Azərsun Holdinq”in qarşısında kütləvi şəkildə intihar edəcəyik. İnsan haqlarının müdafiəsi ilə məşğul olan bütün təşkilatları, jurnalistləri ora dəvət edirik.
Qoy hamıya əyan olsun ki, haqqı tapdalananları, şikəst edilənləri, haqqı yeyilənləri bu addımı atmağa kimlər vadar edib. Qoy dövlətimizin qanunlarına məhəl qoymayan Şəkər Zavodunun direktoru Fərhad Tuğal məsuliyyətə cəlb edilsin.
İmza:
1.Uluxanov Elnur Zakir oğlu
2.Cəfərov Ağakərim Feyzulla oğlu
3.Uluxanov Tural Zakir oğlu
4.Gülalıyev Şamxal Şamxal oğlu
5.Qaraşov Natiq Malik oğlu
6.Gülalıyev Rəcəb Şamxal oğlu
7.Mahmayev Rövşən Movlud oğlu
8.Quliyev Zaur Əliqulu oğlu”.
Eyni məzmunlu müraciət ölkə başçısına və “Azərsun Holdinq”in rəhbəri Abdulbari Gözələ də ünvanlanıb.
“Azərsun Holdinq”in işdən çıxarılmış fəhlələrindən biri işə bərpa ilə bağlı İmişli Rayon Məhkəməsinə müraciət etsə də iddiası təmin olunmayıb.


