Suriyadakı rejimin qanlı əməliyyatları davam edir
Suriyada Bəşər Əsəd rejiminə qarşı etiraz dalğasının yatırılması məqsədiylə hökumət qüvvələrinin dinc əhaliyə yönəlik qanlı əməliyyatları davam edir. Hökumət qüvvələri bu dəfə Telbis və Rəstan bölgələrində əməliyyatlara start verib. Əsəd rejiminin əmrindəki əsgərlərin həyata keçirdiyi qanlı basqından sonra bölgələrdə kütləvi həbslər başlayıb.
“Reuters” agentliyinin verdiyi məlumata görə, Telbis bölgəsində aparılan genişmiqyaslı əməliyyatın ilk günü ən azı 4 nəfər həlak olub. Şahidlər bildirib ki, müxalif olduğu şübhəsiylə çoxlu sayda dinc vətəndaş həbs edilib.
Təhlükəsizlik səbəbiylə adını vermək istəməyən suriyalı bir fəalnin sözlərinə görə, təhülkəsizlik qüvvələri küçələrdə və evlərdə şübhələndikləri şəxsləri sorğu-sualsız saxlayıblar. Əməliyyatlar aparılan ərazilərdə elektrik və telefon xətləri kəsilib. Başqa bir ictimai fəal isə qəsəbələrə gedən yolları təhlükəsizlik qüvvələri və əsgərlərin nəqliyyata bağladığını söyləyib.
Bu arada Bəşər Əsədin yaxın müttəfiqi “Hizbullah” terror təşkilatının lideri Şeyx Həsən Nəsrullahla Suriyadakı vəziyyətlə əlaqədar görüşdüyü və müzakirələr apardığı barədə məlumatlar yayılıb. Məlumatı yayan “Əl Əkbər” qəzeti Əsəd və Nəsrullahın görüşdüyü haqda dəqiq tarix göstəməyib.
Onu da əlavə edək ki, “Hizbullah” lideri ötən həftə verdiyi açıqlamada Suriya xalqını Bəşər Əsədi dəstəkləməyə çağıraraq etirazların ABŞ, İsrail və Səudiyyə Ərəbistanı tərəfindən təşkil edildiyini söyləmişdi.
İnformasiya şöbəsi



