Daxili və xarici faktor müxalifətin lehinədir
2013-ci ilin prezident seçkiləri hakimiyyətin ifşası ilə yekunlaşdı. Seçki saxtakarlıqları faktlarla sübuta yetirildi, oyuncaq namizədlərin missiyası aydınlaşdı və seçkilər 58 faiz mənfi qiymətləndirildi. Məhz buna görə uzun müddət hakimiyyət legitimlik kopmpleksini yaşadı. Diqqət etsək görərik ki, 2013-cü ildən sonra hakimiyyət beynəlxaq arenada nüfuzdan düşməyə başladı, korrupsiya faktları ortaya çıxdı, kürü diplomatiyası biabırçı sonluğunu yaşadı və s.
Bugünlərdə ölkədə Bələdiyyə seçkiləri keçirildi və vətəndaşın seçkiyə münasibəti bir daha aydınlaşdı. Həm seçki saxtakarlığı ifşa olundu, həm namizədlərin 90 faizi hakim partiyanın payına düşdü, həm də ölkədə seçki ab-havası hiss olunmadı. Yəni ölkədə bələdiyyə seçkilərinin heç bir ictimai rezonanasa səbəb olmadığı aydınlaşdı. Bu həm də 21 il ərzində dəfn edilmiş seçki mühitinin görsənişi idi.
Qarşıdan isə parlament seçkiləri gəlir. Ümumilikdə 2015-ci il ictiami-siyasi fəallığın artacağı ilə müşahidə olunacaq. Artıq parlament seçkilərinin keçirilməsi üçün 41 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub.
Bəs, hakimiyyət seçkiyə hansı vəziyyətdə gedir?
2014-cü ildə Azərbaycan-Qərb münasibətləri tamamilə korlandı. Xüsusilə ABŞ-a qarşı “qara kampaniya” başladı, Avropa Birliyi tənqid hədəfinə çevrildi. Bütün bunlar ona görə baş verdi ki, Qərb Azərbaycan hakimiyyətinin qanunsuz addımlarına göz yummadı. Ölkədə repressiyaların artması, azad mətbuatın sıradan çıxarılması, QHT-lərə qarşı amansız basqılar beynəlxalq aləmin gündəminə çevrildi. Dünyanın nüfuzlu media orqanları hakimiyyəti kəskin tənqid atəşinə tutdu, beynəlxalq ekspertlər Azərbaycana qarşı sanksiya tələbi ilə çıxış etdi, siyasi məhbuslara beynəlxalq mükafatlar təqdim edildi. Yəni Azərbaycanla bağlı vəziyyət tam aydınlaşdı və manevr imkanları tükəndi. Vəziyyət o həddə çatdı ki, hakimiyyət təmsilçiləri ABŞ-ı terrorçu, korrupsioner ölkə adlandırdı və ermənipərstlikdə ittiham etdi. Hər zaman Azərbaycan hakimiyyətinə qarşı loyal münasibət sərgiləyən Avropa Şurası da ritorikanı sərtləşdirdi.
Daxildəki vəziyyət də hakimiyyətin zərərinə işləyir. Iqtisadiyyatının böyük hissəsi neftdən asılı olan ölkə üçün neftin qiymətdən düşməsi böyük faciələrin doğulacağı deməkdir. Bu fonda kütləvi ixtisarlara start verilməsi, əmək haqlarının azlığı, korrupsiyanın daha da artması, əhalini narazı salan hallardı. Onu da qeyd etmək lazımdır ki, Rusiyanın iqtisadi sanksiyalar qarşısında zəifləməsi də Azərbaycanda daxili nrazılığın artmasına səbəb olan amildi. Belə ki, hər il Rusiyadan Azərbaycana 10 milyardlarla vəsait daxil olurdu. Rusiyada işləyən soydaşlarımız ailələrini bu bazar vasitəsilə dolandırırdılar. Bu isə milyonlarla insanın təminatı deməkdir. Indiki reallıqda bu imkan da əldən çıxır. Yəni ümumi mənzərə vətəndaşı qane etmir və əsas səbəb də hakimiyyətin yarıtmaz siyasətidir. Uzun illər ərzində qeyri-neft sektorunun inkişaf etdirilməməsi, azad sahibkarlığa məhdudiyyət qoyulması, inhisarçılığın tüğyan etməsi, vəziyyətdən çıxışı çətinləşdirir.
Deməli, 2015-ci ilin parlament seçkilərinə gedən yol müxalifətin lehinə işləyir. Yuxarıda qeyd etdiyimiz kimi daxili və xarici faktor hakimiyyətin əleyhinədir.
Əslində, bu vəziyyəti hakimiyyət özü yaradıb, Daha çox qazanmaq ehtirası vətəndaşın və dünyanın nifrətini qazanmağa xidmət edib. Indi isə hakimiyyətin itirdiyi dövrdü.
2015-ci ildə Azərbaycan dünyanın daha çox diqqətində olacaq və baş verən proseslərə obyektiv qiymət veriləcək.
Ümumi mənzərə onu deməyə əsas verir ki, 2015-ci il müxalifətin şans qazanması üçün əlverişli vaxtdır və bu əlverişli imkan ölkənin demokratikləşməsi üçün zəmin ola bilər.
Akif


