Ədalətsiz hakimlərə “zolaqlı mantiya”

«Mükafatlandırılanlar» əsasən, gənc fəalların barəsində siyasi sifarişlə hökm çıxaran hakimlərdir

 

Sülh və Demokratiya Institutu xeyli vaxtdır ki, məhkəmələrin monitorinqini həyata keçirir, bunun nəticəsi olaraq,  ədalətsiz və əsassız qərarlar çıxaran hakimlərin adlarını açıqlayır. Həmçinin bu qəbildən olan hakimlər “zolaqlı parça” ilə “mükafatlandırılır”. Bu da o anlama gəlir ki, həmin hakimlər qanunları pozurlar və buna görə cəzalandırılmalıdırlar.
Sülh və Demokratiya Institutunun rəhbəri Leyla Yunus dünən növbəti dəfə hakimlərin “mükafatlandırılması” mərasimini təşkil edib. Qeyd edək ki, sonuncu dəfə bu qəbildən olan “mükafatlandırma” tədbiri 2007-ci ilin yanvarında keçirilmiş və həmin vaxt Tofiq Paşayev, Azər Orucov və Mənsur Ibayevdən ibarət üçlük “qalib” elan olmuşdu.
Qeyd edək ki, adları çəkilənlər vaxtilə “Yeni Fikir” Gənclər Hərəkatının sədri Ruslan Bəşirli, 2003-cü ildə həbs olunmuş müxalifət yetkililəri, sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin barəsində siyasi göstərişlə hökm çıxarmış hakimlərdir.
Leyla Yunus bildirib ki, budəfəki “mükafata” 40 hakim namizəd olub. Amma son nəticədə onlardan yeddisi “qalib gəlib”. Birinci yerin qalibləri üç nəfərdir: Səbayel Rayon Məhkəməsinin hakimi Araz Hüseynov (gənc bloggerlər Adnan Hacızadə və Emin Millinin barəsində çıxardığı hökmə görə), Sumqayıt şəhər Məhkəməsinin hakimi Ilqar Məmmədov (gənc cəbhəçi Cabbar Savalanın işi) və Gəncənin Nizami rayon məhkəməsinin hakimi Emin Axundovdur (gənc fəal Bəxtiyar Hacıyevə verdiyi iki illik həbsə görə).
Ikinci yeri Bakı Apelyasiya Məhkəməsinin iki hakimi – Tofiq Səmədov (neftçilərin hüquqlarının pozulmasına haqq qazandıran qərarlarına görə) və Mirpaşa Hüseynov (Eynulla Fətullayevin və digər siyasi motivli işlərə görə) bölüşüblər.
Üçüncü yerin də sahibi iki nəfərdir, özü də Ali Məhkəmənin hakimləri – Qəhrəman Allahverdiyev və Əli Rüstəmov bölüşüblər. Hər ikisi Qarabağ əlilləri və şəhid ailələrinin hüquqlarının kobud şəkildə pozulmasına göz yummaqla fərqləniblər.
Leyla Yunus bildirib ki, mantiyalar tədbirdən dərhal sonra xüsusi zərflərdə “qaliblərin” özlərinə göndəriləcək: “Bu hakimlərin adlarının beynəlxalq təşkilatların siyahısına salınması, onların beynəlxalq tədbirlərə dəvət olunmaması üçün lazımi addımları atırıq. Hətta bəzi səfirliklər var ki, artıq hansısa hakimi xaricdəki tədbirlərinə dəvət etməmişdən əvvəl bizə müraciət edərək soruşublar ki, onun adı bizim siyahımızda var, yoxsa yox”.

 

Fidan