Məhəmməd Talıblı
I Hissə
Bu konsepsiya haqqında düşüncə qeydlərim
Elmi mükalimə tərəfsiz və obyektiv olmadısa, onun arqument bazası nə qədər zəngin olursa-olsun, yenə də mülahizələri ciddi və inandırıcı təsir bağışlamayacaq. Baxış bucağı yalnız ağ və qara rənglərlə boyanıbsa və ya onun təzahürləri varsa, yumşaq desək, bu yaxşı hal deyil. Tərif və ya tənqidi qeydlərin olmasından asılı olmayaraq gerçək durum nədirsə, onu ifadə edəndə onun nəticələri ciddi müzakirə olunar və ictimai rezonans doğra bilər. Ona görə, elmi müzakirələrə tərəf olaraq qərəzlə baxmaq olmaz. Əgər sən bu mövzuda tərəfsənsə, obyektiv görünə bilməzsən. Obyektiv görünməyin üçünsə gərək tərəf “gözün” olmasın.
Elmdə yaş həddi. Bu yaxınlarda maraqlı bir statistika diqqətimi cəlb etmişdi. Həmin statistika bizə ölkədəki elmin durumu haqqında yenidən düşünmək fürsəti verdi. Həmin statistikada qeyd olunur ki, bu gün ölkədə 1267 elmlər doktorunun 939 nəfəri, 10,444 fəlsəfə doktorunun isə 5011 nəfəri təhsil sistemində işləyir. Dövlət ali təhsil müəssisəsində 30 yaşa kimi olan elmlər doktoru yoxdur. 61 yaşdan yuxarı olanlar isə təxminən 64 faiz təşkil edir. Fəlsəfə doktorlarının yaşı 30 yaşa kimi olanlar 0,7 faiz və 61 yaşdan yuxarı olanlar isə təxminən 18 faizdir. Bu statistikada ölkədəki elmin vəziyyətini xarakteriza edən 2 məqam xüsusilə diqqətimi cəlb etdi.
Birincisi, elmi dərəcəsi olanların təhsil sektorunda çalışması.
İkincisi elmi adı olanların yaş həddi üzrə təsnifatlaşdırılması.
Birinci. Statistik durumdan aydın olur ki, ölkədə elmlər doktorlarının 74 faizi və fəlsəfə doktorlarının isə 48 faizi yalnız təhsil sahəsində çalışır. Elmlə məşğul olmaq elmə və təhsilə tövhə vermək məqsədilə edilir. Təhsil sahəsi eyni zamanda cəmiyyət üzvlərinin müəyyən bir hissəsini özünə bağlayan sistemdir. Başqa sözlə hər bir ailənin təhsillə əlaqəsi var. İnkişaf etmiş ölkələrdə təhsil sahəsi dövlət büdcəsi xərclərinin 15-30 faizini təşkil edir. Bizdə bu rəqəm 8 faizdir. Bu sahəyə cəmiyyətin ümumilikdə 20-25 faizinin aidiyyatı var. Ona görə bu sahədə baş verən tendensiyalar haqqında dərindən düşünməliyik. Bu əslində cəmiyyətin müəyyən bir qisminin taleyi haqqında düşünmə deməkdir. Millətə çörəkdən sonra təhsil lazımdır. Ona görə elmi adı olanların bu sahəyə nə qədər aidiyyatı olduğunu və ora verdiyi tövhə haqqında da gərək dərindən düşünək.
İkinci. Elmi adı olanların yaş təsnifatı üzrə təhlillərlə tanış olanda görürük ki, bu sırada yaşı 61-dən çox olanlar əhəmiyyətli bir hissəni təşkil edir. Elmlər doktorlarının sayı 64 faizinin və fəlsəfə doktorlarının isə 18 faizinin yaşı 61-dən yuxarıdır. Bu isə bütünlükdə elmi dərəcəsi olanların 82 faizinin yaşının 61-dən yuxarı olmasını söylməyə əsas verir. Bu isə o deməkdir ki, ölkədə hər beş alimdən dördünün yaşı 61-dən yuxarıdır. Amma obyektivlik naminə onu da nəzərə almalıyıq ki, son illər ümumilikdə ölkədə yaşı 65-dən yuxarı olanların da nisbətdə xüsusi çəkisi də artıb. Məsələyə demoqrafıq baxımdan da yanaşsaq, görərik ki, burada nisbətən üst-üstə düşən məqamlar da var. Yəni, əhalinin yaşlanma səviyyəsi də yüksəlir. Əgər müstəqillik illərində ölkə əhalinin 4,8 faizini 65 yaşdan yuxarı olanlar təşkil edirdilərsə, hazırda bu rəqəm 5,8 faizdir. Amma nəzərə alaq ki, əhalinin nisbi artımla yaşlanma səviyyəsi elm sahəsindəki yaş həddi yüksək olan alimlərin artmasını heç vəclə şərtləndirə bilməz. Yəni, bütün bunlara baxmayaraq elmi dərəcələri olanların böyük bir hissəsinin yaş həddi pensiyayaya çıxma dövrü ilə eyni vaxta təsadüf edir. Bu isə o deməkdir ki, həmin sosial qrupun elmə verəcəkləri tövhə praktik baxımından onların daha çox işgüzar mühitdən uzaq düşdüyü bir vaxtla üst-üstə düşür. Əslində bu çox qorxulu tendensiyadır. Deməli, buradan çıxarmaq istədiyim ikinci mühüm nəticə ondan ibarətdir ki, elmi dərəcələri olanların orta yaş həddi bizdə çox aşağıdır. Yaşı 30-a çatan fəlsəfə doktorlarının xüsusi çəkisi heç 1 faiz deyil. 30 yaşdan 60 yaşa qədər olan elmlər doktorlarının xüsusi çəkisi 36 faizdir. Halbuki, bu yaş dövrü intellektual aktivlik və elmi potensialı reallaşdırmaq baxımından ən münasib zaman kəsiyi sayılır. Ən enerjili və elmə böyük tövhə vermək imkanı olan bu yaş dövrünün aşağı çəkili həddi bizə dərindən düşünmək mesajları verir. Yaş fərqləri üzrə təsnifatlaşdırdığımız sosial qrupun elmə verdiyi tövhə və onun keyfiyyəti haqqında dərindən düşünməyə dəyər. Ahıl yaş dövrü ilə bağlı bəzi tibbi araşdırmalar bu haqda daha təfsilatlı məlumatlar verir. Qocalıq bütün vücudu ilə birlikdə insan orqanizmində bəzi qüsurlara səbəb olur. Daşıyıcıların generasiyası(pozulması) nəticəsində qandakı normal qlükoza səviyyəsinə qarşı anormal həssaslıq baş verir. İnsan qocaldıqca zehni və bədən güclərinin azaldığı doğrudur. Amma bu əsasən yaş ötdükcə beyin zəifləməsi, oksigen və ya qlükoza daşıyan qan dövranının azalması səbəbindədir. Bütün bunlarla yanaşı yaş artdıqca beynin öyrənmə qabiliyyətində azalma olacağı nəzəriyyə bu gün elm tərəfindən rədd edilir. Lakin bütün bunlara baxmayaraq bəzi geriləmə və hərtərəfli yorğunluq özünü təbii olaraq göstərməyə çalışır.
Ümumiyyətlə insan yaddaşının aktivliyinin saxlanması insan beyninin illər üzrə çəkisinin dəyişməsi və hüceyrələrin sayı da nəzərə alınacağı faktorlardandır.
Hər doğulan uşaqda 380 qram ağırlığında olan beyin ilk il içində çox sürətlə inkişaf edərək, yeddi yaşlarında dərhal yetkin insandakı böyüklüyə yaxınlaşır. Bundan sonrakı böyüməsi isə çox yavaşlayır. 20 yaşlarından sonra hər il bir qram azalaraq 75 yaşlarında, yetkinlik dövründə çatdığı zirvə nöqtəsinin 1\10 qədər azalır. 20-70 yaşları arasında beynimizdə hər gün təxminən 50 000 sinir hüceyrəsinin iş görə bilməz hala gəldiyi və ya ölərək yox olduğu təxmin edilməkdədir. 50 yaş dövründə də bu hüceyrələrin təqribən 10%-i iş görə bilməz vəziyyətində olurlar.
Çoxsaylı araşdırma nəticələri və elmi inkişaf baxımından gənc yaşda olan elm adamlarının inkişafı təşviq olunarsa, bundan cəmiyyət böyük fayda qazanar. Xüsusilə gənc yaşlarda elmi dərəcəsi olanların xüsusi çəkisinin az olmasına görə bu nəslin elmi müstəvidə özünü təsdiq imkanlarına diqqəti artırmalıyıq. Gənclərin elmi nailiyyətləri və elmə maraqları stimullaşdırılmalıdır. Ən azı yuxarıdakı çıxardığımız məntiq baxımından. İlk baxışda belə düşünülə bilər ki, elmi uğurlar elə daha çox ahıl yaşda olmalıdır. Yəni, illərlə yığılmış elmi potensial və araşdırmalar məhz 50-60 yaşdan sonra bəhrə verməyə başlayır. Müdrik yaşda böyük elmi uğurlara imza atanların və “Nobel” mükafatı alanların belə da sayı kifayət qədərdir. Amma nədənsə, bəzən bizdə belə bir yalnış təəsurat yaranır ki, gənc yaşda elmi uğurlar daha az təsirli və səmərəsiz olur. Çünki, gənclərimiz öyrətməkdən və tövhə verməkdən daha çox, öyrənmək və fayda qazanmaq haqqında düşünməlidir. Mən şəxsən hesab edirəm ki, elmi nailiyyətlər üçün yaş həddinin heç də 60-ı ötməsi əsas sayılmamalıdır. Gənc yaşda olan elm adamlarımızı və ya alimlərimizin elmi uğurlarına dəstək olmaqla yanaşı, onlara hərtərəfli dəstək olmağı bacarmalıyır. Gənc yaşda onlara olan bu dəstək təkcə mənəvi məsələ deyil, həm də onların çiyinlərinə qoyulmuş məsuliyyətdir.
Gənc alim olmaq məsuliyyəti. Əvvəla, elmi uğurlara yaş fərqinin doğurduğu aspektdən baxmaq yalnışdır. Elm üçün yaş həlledici amil deyil. Təbii ki, bu mövzuda gənc və ya ahıl yaş dövrü kimi təsnifat bölgüsünün özü də nisbidir. Çünki, elm istedada və nəticəyə bağlı məsələdir. Önəmli olanı elmi tədqiqat müəlliflərinin sağlam düşüncə sisteminə və səmərəli fəaliyyətə bağlı olmasıdır. Məşhur bir aforizmdə deyildiyi kimi, xalqların istedadı onların talelərindən, alimin istedadı isə əsərlərindən bilinər. Ona görə, elmi nəticələrin qiymətləndirilməsi hansı yaşda olmaqdan daha çox onun nəticə və səmərəsi ilə ölçülməlidir. Lakin bütün bunlara baxmayaraq çağdaş tariximizdə gənc yaşda elmi uğurlara dair çoxlu sayda nümunələr və araşdırmalar mövcuddur. Onların bir neçəsi ilə sizləri tanış etmək istərdim.
Leman qanununa görə, insanın işgüzarlığı-praktiki fəaliyyəti 20 yaşından başlayaraq 35 yaşına qədər yüksəlir, sonra isə azalır. Bəzi ədəbiyyatlarda isə göstərilir ki, 50 yaşdan sonra yaddaş zəifləməyə başlayır. İnsan 50-60 yaşından sonra təravətini itirir. Tədqiqatlar göstərir ki, məhz bu yaş dövrü insan ruhunun ən yüksək çiçəklənmə və məhsuldar dövrü hesab olunur. Dünyada nəinki gənc yaşlarında, hətta yeniyetmə dövrlərində belə çox ciddi elmi yenilikləri ilə dünyada analoqu olmayan fenomenal uğurlara imza atanlara da rast gəlmək olur. Erkən mərhələdə xərçəngin diaqnoztikası üzrə elmi yanaşmasına görə Cek Andrakanın uğurları buna parlaq misaldır. Amerikalı məktəbli Cek Andraka erkən yaşlarından elmlə məşğul olurdu. O, 15 yaşında bədxassəli şişin yaranmasını diaqnoz edən tester yaratdı. Bundan əvvəl xərçəng uzun və bahalı tədqiqatlardan sonra müəyyən oluna bilirdi. Cekin ixtirası milyonlarla insanlara həyat bəxş etdi. 2012-ci ildə yeniyetmə “Intel Science Fair” lauratı oldu. Əslində, gənc yaşlarında elmi uğurlara imza atmaq insanın sonrakı illərində özünütəsdiq imkanlarını daha çox genişləndirməsinə xidmət edir. Bu insanda əlavə məsuliyyət və motiv yaradır. Bu eyni zamanda yaşlanan zaman insanın özünün uğur “çətərinin” altında daha məmnunluqla və təminatlı yaşamasına şərait yaradır. N.S. Samfor qeyd edirdi ki, gənc ikən bilik ağacını əkməsək, qocaldığımız zaman kölgəsinə sığınacaq bir yerimiz olmaz.
Elmi uğurların əsas göstəricisi hansı yaşda elmi dərəcəyə nail olmasından daha çox, onun maraqlı mütəxəssis və peşəkar tədqiqatçı kimi əsas istinad mənbəyi rolunu oynaya bilməsi ilə ölçülür. Çünki, dünyanın elmi-akademik çevrələrində nailiyyətlərin əsas göstəricisi kimi Hirş indeksi götürülür. Hirş indeksinə görə, tədqiqatçının faydalı iş əmsalı kimi onun əsərlərinə istinad olunan müəlliflərin çox olması və onun əsərlərinə elmi ictimaiyyətin diqqətinin artmasıdır. Alimin Hirş indeksinin yüksək olmasını onların yazdıqları elmi əsərlərinə istinad edilən xarici mənbələrin çoxluğunda axtarmaq lazımdır. Əgər müəllifin yazdıqları səthi mülahizələrlə dolu və peşəkar yanaşmadan uzaqdırsa, o zaman müəllif hər şey haqqında elə səthi danışacaq. Amma elmə lazım olan az danışıb dərin düşünməkdir. Vaxtı ilə Bernard Şou zarafatyana deyərdi ki, elmdə diletant çox şey haqqında cüzi şeylər, alim isə cüzi şeylər haqqında çox şey bilir.
Elmdə də rəqabət olmalıdır. Elmi sferada rəqabət bərabər şərtlər və oxşar imkanlar çərçivəsində olmalıdır ki, bundan şəxslər yox, elm qazansın. Elmi sferada meritokratiya hökm sürməlidir ki, alimin gerçək potensialını görmək mümkün olsun. Artıq dünyada rəqabəti düşmənçilik hissi assosasiya edən feodal baxışlar geridə qalıb. Elmdə hətta rəqiblər bir yerdə işləməyi və mədəni münasibətləri ilə cəmiyyətə çoxlu nümunələr təqdim edirlər. Ölkəmizin bəzi elm ocaqlarında yüksək elmi dərəcələri olanlar gənc həmkarlarının elmi dərəcələrin alınmasına kömək etməkdənsə, ona mane olmağı özlərinin ana vəzifəsinə çevriblər. Halbuki, onların birgə çalışmaları və yeni təşəbbüsə dəstək vermələri sonradan daha işgüzar münasibətlərin yaranmasına və sağlam inkişafa səbəb olar. Əgər orta əsr düşüncəsi insanlara “Ya ağız olub yeməlisən, ya da yem olub yeyilməlisən” düşüncəsini aşılayırdısa, çağdaş sivil dünya şərtləri bizə tamam başqa dəyərləri və mədəni münasibətləri təqdim edir. XXI əsrin bizlərə verdiyi çox ibrətamiz dərsləri var, onları hər zaman yaddaşımızda saxlamlıyıq: artıq böyük balıq kiçik balığı yemir, sürətli balıq yavaş balığı ötüb keçir.
(ardı var)


