“Sovetski”də dəhşətli intihar

Kompensasiyanın  azlığına etiraz edən 21 yaşlı gənc özünü yandırdı

Bakının “Sovetski” kimi tanınan məhəlləsində evinin sökülməsinə və buna görə verilən kompensasiyanın azlığına etiraz edən sakin özünü yandırıb. Bu dəhşətli intihar hadisəsi haqda məlumatı “Interfaks-Azərbaycan” agentliyinə şahidlər veriblər.
Bildirilir ki, olay Mirzağa Əliyev küçəsi, 108 ünvanında baş verib. Hazırda həmin küçədə evlərin sökülməsi prosesi gedir.
Fövqəladə Hallar Nazirliyi (FHN) özünü yandıran şəxsin cəsədini aşkarlayıb. FHN-in mətbuat xidmətinin yaydığı  məlumatda deyilir ki, Yasamal rayonunda sökülmüş evin otağında 1 kv.m sahədə məişət tullantıları yanmış və 1 nəfərin yanmış cəsədi aşkar edilib. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 12:18-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Yasamal Rayon Polis Idarəsindən APA-ya verilən məlumata görə, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Mirzağa Əliyev küçəsi 108 ünvanında aşkarlanan yanmış meyitin 1994-cü il təvəllüdlü Kamran Adil oğlu Ağayev olduğu məlum olub.

Ilkin ehtimala görə, Kamran Ağayev intihar edib. Faktla bağlı Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə hədinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.

“Yasamal rayonu, Mirzağa Əliyev küçəsi 108 ünvanında bir sakinin köçürmə ilə bağlı verilən kompensasiyanın miqdarına etiraz olaraq özünü yandırması barədə yayılan məlumatlar tamamilə əsassızdır”. Bunu isə APA-ya açıqlamasında Yasamal Rayon Icra Hakimiyyəti başçısının birinci müavini, “Sovetski” məhəlləsi ilə bağlı Yasamal Rayon Icra Hakimiyyəti nəzdində yaradılmış Köçürmə Komissiyanın sədri Səməd Islamov deyib.

Səməd Islamov bildirib ki, həmin ünvanda ümumi həyət yerləşir. Onun sözlərinə görə, həmin ünvanda yaşamış Eldar Tağıyev hələ keçən ilin aprel ayında kompensasiyasını alaraq köçüb, mənzil isə boş qalıb: “Eldar Tağıyev və ailə üzvləri Köçürmə Komissiyasında olub, köçürmə və kompensasiya ilə bağlı razılıqlarını bildiriblər. Aprel ayında da vəsaitlərini alıb, köçüblər, bu gün də sağ-salamat, yaxşı şəraitdə yaşayırlar. Həmin ümumi həyətdə digər qonşular da yaşayırlar. Bu gün (dünən-red) səhər saatlarında qonşuların polisə verdiyi məlumata əsasən, orada yanmış meyit aşkarlanıb. Hüquq-mühafizə orqanları hadisə yerində olub, mən özüm də orada olmuşam. Həqiqətən köçürülmüş mənzildə yanmış kişi meyiti aşkarlanıb. Ancaq həmin meyitin həmin ünvana heç bir aidiyyəti yoxdur”. Maraqlıdır ki, Səməd Islamov ümumiyyətlə, həmin mənzildə yanğın olmayıdığını idda edib: “Meyit yanmış şəkildə mənzildə aşkar olunub. Ekspertiza həmin şəxsin kim olduğunu müəyyənləşdirər ki, hansı şəraitdə ölüb, öldürülüb, yaxud yandırılaraq ora atılıb. Bu məsələnin köçürülmə, kompensasiyanın azlığı, yaxud çoxluğu ilə heç bir əlaqəsi yoxdur”.

Lakin FHN-in yuxarıda diqqətə çatdırdığımız məlumatından da görünür ki, həmin mənzildə yanğın olub. Məlumatda hətta yanğının saat neçədə söndürüldüyü də qeyd edilib.