Fransada terrordan sonra məscidlərə hücum

«Charlie-Hebdo» jurnalının redaksiyasındakı terrorda şübhəli şəxslərdən biri özü polis idarəsinə gəlib

Baxmayaraq ki, baş redaktor da daxil, 10 əməkdaşı qətlə yetirilib, jurnal gələn həftə yenə satışda olacaq

Fransada “Charlie Hebdo” jurnalının redaksiyasında 12 nəfərin ölümü ilə nəticələnən terror aktı ilə əlaqədar araşdırmalar davam edir. Hadisənin törədilməsində şübhəli bilinən şəxslərin adları açıqlanıb. Bunlar 32 yaşlı Şərif və 34 yaşlı Səid Kuaşi qardaşları, eləcə də 18 yaşlı Həmid Muraddır. Məlumata görə, Həmid Murad hadisə baş verən gün axşam könüllü şəkildə polis idarəsinə gəlib. Bildirib ki, adının bu terror aktında hallanmasından internet vasitəsilə xəbər tutub. Fransanın Reyms şəhərində yaşayan 18 yaşlı gənc deyib ki, cinayətdə iştirakı barədə məlumatlar yalandır. Terror aktı baş verərkən o, litseydə olub. Bunu onun yaxınları da təsdiqləyib. Buna baxmayaraq, Həmid Murad şübhəli şəxs qismində saxlanmaqda davam edir.

Bir sıra mətbuat orqanları polisdəki mənbələrə xəbər yayıb ki, Həmid Muradın terrorçuları hadisə yerinə gətirib-aparan avtomobili idarə etdiyi, olay zamanı hücumu törətmək üçün binaya girən cinayətkarları maşında gözlədiyi ehtimal olunur. “Le Monde” yazır ki, hələlik Həmid Murada qarşı heç bir ittiham elan olunmayıb.
Fransa polisi cinayətkarların hadisə yerindən qaçıb, sonradan Parisin şərqində tullayıb qaçdıqları maşında Kuaşi qardaşlarından birinin şəxsiyyət vəsiqəsini tapdıqdan sonra onların barəsində axtarış elan edib.

Kauşi qardaşları Parisin şimal şərqində görünüb. Onlar “Renault” markalı, nömrəsi məlum olmayan ağ avtomobildə hərəkət edirək, yanacaqdoldurma məntəqəsini qarət etməyə çalışıb. “Le Figaro” yazır ki, yanacaqdoldurma məntəqəsinin əməkdaşı da maşındakıların şəkilləri yayılmış Şərif və Səid qardaşlarına bənzədiyini deyib. Onun sözlərinə görə, maşının arxa oturacağında avtomat silahlar, qumbaralar var idi.
Şübhəlilərin şəxsiyyəti məlum olandan sonra polis Parisdən təxminən 130 kilometr kənarda yerləşən Reyms şəhərində xüsusi əməliyyat keçirib. Orada axtarış aparılsa da, şübhəlilərin olduğu ehtimal edilən və bu səbəbdən əməliyyat keçirilən məhəllə tam nəzarətə götürülməyib. Bir qədər sonra isə cinayətkarların gizləndiyi haqda məlumat yayılıb. Cinayətkarların əməliyyat zamanı aradan çıxdıqları istisna edilmir.

Fransanın baş naziri Manuel Vals isə bəyan edib ki, yanvarın 7-dən 8-nə keçən gecə həyata keçirilən əməliyyat nəticəsində bir neçə nəfər saxlanılıb. Eyni zamanda, o, qeyd edib ki, məhz cinayəti törətməkdə şübhəli bilinənləri isə saxlamaq hələ ki, mümkün olmayıb.

Fransa mediası yazır ki, polis bütün gecəni Reyms şəhərindəki evdə axtarış zamanı cinayətkarların izinə düşməyə yardım edə biləcək maddi sübutlar tapmağa çalışıb. Mənzildən yalnız kompüterlər götürülüb.
O da aydın olub ki, hazırda axtarışda olan Kuaşi qardaşlarından 32 yaşlı Şərifi Fransanın anti-terror xidməti yaxşı tanıyır. 2008-ci ildə o, Iraq və Suriyadakı müharibəyə göndərmək üçün gənc fransızları ələ alan qruplaşmanın tərkibində iştirakına görə üç il azadlıqdan məhrum edilib. Şərif Kuaşi eyni zamanda, əlcəzairli ekstremist qruplaşmasının üzvü ömürlük həbs cəzasına məhkum olunan və həbsxanadan qaçışı planlaşdıran, Əli Belkəsimə yardımda da şübhəli bilinirdi.

Dünən Fransada bir neçə kriminal hadisə baş verib ki, bunların “Charlie Hebdo” terroru ilə əlaqəli olduğu istisna edilmir. Lakin hüquq-mühafizə orqanları bu versiyanı hələlik təsdiqləməyib.
Bu hadisələrdən birində cinayətkar polis maşınına avtomat silahdan atəş açıb. Nəticədə polis əməkdaşı yaralanıb, onun vəziyyətinin ağır olduğu bildirilir.

Həmçinin Fransada məscidlərə də hücum olub. Vilfranş-sür-Son şəhərində məscidin yanında yerləşən restoranda partlayış baş versə də, zərərçəkən olmayıb.
Le-Man şəhərində naməlum şəxslər məscidə qumbara atıb, məscidin şüşələri sınıb. Orada axtarış zamanı partlamamış daha üç qumbara tapılıb.
Por-la-Nuvel şəhərində də məscidə hücum olub. Cinayətkarlar tapança ilə çöldən məscidin ibadət zalını atəşə tutublar. Lakin həmin vaxt zalda heç kim olmayıb.

Fransa prezidenti Fransua Olland terror aktı ilə əlaqədar ölkədə üç günlük matəm elan edib. Dünyasını dəyişənlərin xatirəsinə ehtiram olaraq, Eyfel qülləsində məşəl yandırılıb. Dünən eyni zamanda, ölənlərin xatirəsi bütün ölkə boyu bir dəqiqəlik sükutla anılıb. “Noter-Dam” kilsəsində on dəqiqə zəng çalınıb.

Bundan başqa, Parisdə və digər şəhərlərdə onminlərlə adam aksiyalara çıxıb. Onların əksəriyyəti əlində üzərində “Mən ”Charlie"yəm!" yazılmış plakatlar və qələm tutub.
Amerikada 20 dərəcə şaxtaya baxmayaraq, yüzlərlə insan Vaşinqton və Nyu-York küçələrinə çıxaraq, Parisdəki terror aktı zamanı ölənlərin xatirəsini yad edib.

Avropanın bir sıra media orqanları həmrəylik ifadə edərək, “Charlie Hebdo”nun müxtəlif saylarında nəşr olunmuş karikaturaları öz səhifələrində təkrar dərc ediblər. ayıblar. Hətta bir çox qəzet və jurnalların üz səhifəsi “Charlie Hebdo” və ya orada dərc edilmiş karikatulardan ibarət olub.

Amerikanın aparıcı media orqanları, o cümlədən “The New York Times”, “The Wall Street Journal” kimi qəzetlər, “Reuters”, “Associated Press” kimi informasiya agentlikləri isə Parisdəki terror aktına dair informasiyaları yayarkən karikaturalardan istifadə etməyiblər. Bir sıra KIV-lər bəyan edib ki, onlar insanların dini hisslərinə toxuna biləcək materiallardan uzaq durmağa çalışırlar. Amerikada yalnız “Daily Beast” və “Slate” Fransa jurnalının karikaturalarını təkrar yayıb.

Onu da qeyd edək ki, terrorçular “Charlie Hebdo”nun baş redaktoru da daxil olmaqla, 10 əməkdaşını qətlə yetirsələr də, jurnalın fəaliyyəti dayanmayacaq. Gələn həftənin çərşənbə günü jurnalın növbəti sayı həmişəki kimi satışda olacaq. Jurnalın əməkdaşlarından Patrik Pellu deyib ki, “Charlie Hebdo”nun hər həftə olduğu kimi, yenə də çərşənbə günü işıq üzü görməsi “axmaqlığın qələbə çala bilmədiyini” bir daha sübut edəcək.

***

Xatırladaq ki, yanvarın 7-də Parisdə “Charlie Hebdo” adlı satirik jurnalın reaksiyasına silahlı basqın nəticəsində 12 nəfər qətlə yetirilib, daha 11 nəfər yaralanıb. Onlardan beşinin vəziyyətinin hələ də ağır olduğu bildirilir. Qətlə yetirilənlərin 10-u jurnalist, 2-si isə jurnalın yerləşdiyi binanı mühafizə edən polis əməkdaşları olub. Ölənlər arasında jurnalın baş redaktoru Stefan Şarbone, nəşrdəki karikaturaların müəllifi Jan Kabu da var. Qətlə yetirilmiş polis əməkdaşlarından biri müsəlman olub.

Sosial şəbəkələrdə silahlı hücumla bağlı şahidlərin lentə aldığı görüntülər yayılıb. Həmin kadrlarda terrorçular “Allahu Əkbər” qışqıra-qışqıra qaçıb gedirlər. Fransa mətbuatının yaydığı məlumata görə, cinayətkarlar “Biz Məhəmməd Peyğəmbərə görə qisas aldıq, ”Charlie Hebdo"nu məhv elədik" , – deyə qışqırırmışlar.

Əlavə edək ki, “Charlie Hebdo” Fransada həftədə bir dəfə – çərşənbə günləri nəşr olunan satirik jurnaldır. Jurnalda karikaturalar, lətifələr dərc olunur, müxtəlif olaylarla bağlı müzakirələr, reportajlar yayımlanır. Bu nəşrin daimi hədəfləri siyasətçilər, din xadimləri və s. təbəqələrin təmsilçiləridir. “Charlie Hebdo” hədəflərə münasibətdə daim sərt mövqeyilə fərqlənir.

Jurnalda bir neçə dəfə Islam dini, o cümlədən Məhəmməd Peyğəmbərlə bağlı karikaturalar dərc olunub. Hətta belə karikaturalardan birinə görə 2012-ci ildə jurnalın saytı haker hücumuna məruz qalıb.

“Charlie Hebdo” jurnalında Islamla yanaşı, digər dinlərin nümayəndələrini qəzəbləndirən materiallar da dərc olunurdu. Məsələn, 2008-ci ildə jurnal Roma Papasının karikaturasını yaymışdı. Bununla əlaqədar “Charlie Hebdo”ya qarşı iddia qaldırılsa da, məhkəmə prosesi jurnalın qələbəsilə yekunlaşıb. Məhkəmə jurnalı haqlı sayıb.
2011-ci ildə isə jurnalda inqilablar yaşanan Tunis və Liviyadakı hadisələrdən bəhs edən materialların dərcindən sonra naməlum şəxslər “Charlie Hebdo”nun redaksiyası yandırılıb.

İnformasiya şöbəsi