Hardasa iki ay əvvəl əfqan yazıçısı Xalid Hüseyninin “Çərpələng uçuran” romanını təkrar oxumağa başladım. Açığı, vaxt qıtlığından hələ də bitirib kənara qoya bilməmişəm. Amma düşünəndə ki, şikayətləndiyim bu vaxt qıtlığı arasında necə önəmli hadisələr baş verib, adam utanır bir az da. Həqiqətən, təkcə ölkədə bu ara baş verənlər bir roman qədər var. Əsəri əvvəllər oxumuşam, ssenarisi əsasında çəkilmiş filmə də baxmışam. Ancaq elə bil orada məni geriyə çağıran bir səs qalıb. O səsi yazıçının “Min möhtəşəm günəş”ini oxuyanda da hiss etmişəm. Yandıran, üşüdən, qanadan bir fəryad səsi gəlir oradakı acı insan hekayətlərindən…
Hüseyni həyatım boyunca oxuduğum şöhrətli yazarlar arasında dərəcə baxımından ikinci sırada gələnlərdəndir, mənə görə. Lakin o hadisələrə baxış bucağı ilə özündən üst qatda dayananlardan daha çox cəlb edir insanı. Yazdıqlarının qısa zamanda “bestseller”ə çevrilməsinin səbəbini də burada axtarmaq gərək, fikrimcə. Təkcə bumu? Xeyr! Başqa önəmli bir şey də var… Bilirsiniz, həmin “Çərpələng uçuran” romanını Xədicə Ismayıl çevirib dilimizə. O tərcümədə romanı oxuyub bitirdikdən sonra fikirlərimi yazacağımı düşünmüşdüm özünə. Iş elə gətirdi ki, mən kitabı tamamlamamış Xədicə xanımı həbs etdilər və bu gün onun müdafiəsinə qoşulanlar arasında dünyaca ünlü yazıçı Xalid Hüseyni də var.
Xədicə xanım təsadüfənmi bu tərcüməyə qərar vermişdi? Şübhəsiz ki, yox. Hüseynini dünyada milyonlarla oxucuya qazandıran bir uğur sirri var. Mənə görə, o önəmli sirr müəllifin hər əsərindən sonra oxucunun yaddaşında öz obrazı ilə qalma bacarığına bağlıdır. Diqqət etsəniz, o, bütün əsərlərində mənsub olduğu xalqın acılarını özündən anladır. Bu qədər dərin, acılı, görüntülü təsviri yalnız o yaşantıların dibinə enmiş biri bacara bilər. Qəlbi vətən adlı o uçqunların altında qalmış, qan qoxuyan çöllərində arzuları yol azmış, cənnət deyilən bir ölkənin qürbətində darmadağın yurd yerlərinin cəhənnəm alovları ciyərini yaxan biri…
Bəxtsiz xalqının azadlıq arzularını hayqıran, fəryad qoparan, bəzən dünyanı da acı-acı ittiham edən biridir Hüseyni. Onu anladan şeylər bir az da bizi anlatmırmı sizcə? Ortaq ağrılar, yaxın dərdlər, tanış kədər…Bəlkə, Xədicəni yaxınlaşdıran həm də bu səbəblər idi Xalid Hüseyniyə?
Ədəbiyyat bəşəridir, doğru. Amma Hüseyni “bestseller”ləri ilə sübut edir ki, günün texnologiya əsiri olmuş oxucusunu belə təəccübləndirmək üçün heç də “modern hoqqa ədəbiyyatı” yaratmağa ehtiyac yoxdur. Dünyanın ən darmadağın xalqının acı hekayətlərini belə peşəkarlıqla içdən, insani, duyğulu yazıb ortaya qoya bilsən, yetər. Necə ki, o özü bunu ustalıqla bacarır. Yazıçı elə belə də cəmi on bir il yaşadığı vətəni Əfqanıstanın səsinə çevrilib dünyada. Əsərləri bir yana, bəlkə də, elə bir müsahibəsi və görüşü yoxdur ki, orada öz xalqının acılarına toxunmadan keçsin. O, on illərdir davam edən Əfqanıstan faciələrinə görə beynəlxalq aləmi kəskin tənqid edən çıxışlarıyla tanınır həm də. Təkcə əsərlərində deyil, real həyatda da insanlığın, azadlıq haqlarının, ədalətin, sülhün bəşəri dəyər olaraq müdafiəçisinə çevrilən yazıçının Xədicə xanımın müdafiəçiləri sırasına qoşulması təsadüfi deyil ki. Demək, yalnız ölkəni tərk edib böyük ölkələrə sığınmaqla böyük yazıçı olmaq istəyi alınan iş deyil. Bu iş öz xalqının insanlarına yuxarıdan aşağı baxaraq, ağlına gələni ədəbiyyata sırımaqla heç alınmaz. Böyük yazıçı olmaq böyük işdir, yəni hər başın bacaracağı iş deyil…