Zərdab gündəmi

Aynur Imranova

I yazı 

Elizabet Gilbertin “Ye, dua et, sev” kitabında belə bir əhvalat haqda yazılıb. Psixoloq Debera qaçqın düşmüş, aclıq, səfalət, ölüm görmüş insanlara psixoloji yardım etmək üçün təyin edilir. Amma onun ilk şikayətçisi bunları deyir. “Mənim bacım sevdiyimlə evlənib, amma mən hələ də onu sevməyə davam edirəm”. 

Bu söhbətin Zərdaba nə dəxli var deyəcəksiz? Bu gün Zərdabda ən çox müzakirə olunan məsələlər də şəxsi problemlər, dedi-qodu səviyyəsində söhbətlərdi. Kim, harda, necə sualı. “Niyə bu ölkənin vətəndaşı olaraq bizi bu günə qoyurlar, ”niyə işsizliyə, səfalətə sürükləyirlər”, “niyə bir tikə çörəklə imtahana çəkirlər” deyil. Filankəs filankəslə gəzir səviyyəli söhbətlərdir, televizyalardakı ucuz şou-proqramlardan, seriallardan xalqa təlqin olunan ara söhbətləri. Haqqımız olan milyonlardan bir qismini hakimiyyət yalnız buna görə millətə xərcləyir, onu zombiləşdirmək üçün, savadsızlaşdıraraq haqq-hüquq davasında uzaqlaşdırmaq üçün. Gedim gündə bir qarın toxluğuna işləyim, gəlim xalqın yorğanının altını müzakirə edim deyə. Və bu, bütün rayonlarda belədir. Tək Zərdabda yox. 

3 gün Zərdabda oldum, heç sevinə bilmədim, üzüm gülmədi. Millətimin günü-güzəranı ürəyimə dərd oldu. Insanlar məhkumluq geymiş kimi yaşayır kasıbçılığı. Sanki rayon camaatına ədalətsiz bir məhkəmədə, qansız bir hakim tərəfindən ömürlük kasıbçılıqda yaşamaq hökmü oxunub. Insanlar da bu hökmə qeyd-şərtsiz tabe olub. Əvvəlcə məni çox təəcübləndirən hadisədən yazacam. 2 dəfə fərqli istiqamətlərdə taksiyə mindim, enəndə hər 2 sürücüdən “borcum nə qədərdir” sualına “1 manat” cavabını eşitdim. Təəcüblənsəm də, onlardan birinə jest olaraq istədiyindən çox vermək istədim. Amma o pulu geri qaytararaq, “yox ay bacı, 1 manatdır” dedi. Artıq pulu kim götürməz ki? Əsas məsələni isə sonra öyrəndim, hansısa taksi sürücüsünün 1 manatdan artıq aldığını eşidəndə rayonda kimsə o maşına oturmurmuş, bu səbəbdən də adam bir tikə çörəyindən olurmuş. Bax, məhkumuq budur. Yaşlı-başlı adamların hər gün 1 manat üçün əl açmasından çox, 1 manatdan artıq pula əl aça bilməməsi. Hər gün AzTV-dən təbliğ edilən iqtisadi inkişaf bax budur. 

Zərdabdakı mağazalara girirsən. Taxçaların üstündə borc dəftərləri yığılıb. Qalın ümumi dəftərlərin üstündə 2011, 2012, 2013, 2014 və yeni başlayan 2015 yazılıb. Siz heç borclu olduğunuz mağazanın yanından sıxıla-sıxıla keçmək nədir bilirsinizmi? Mən bilirəm. Bu rejim mənə də eyni xəcaləti yaşadıb zamanında. Haqqımız olan neft pullarını yağmalayanların günahı üzündən oxumuş, savadlı, bacarıqlı insanların əzilərək bir dükanın qarşısından sıxıla-sıxıla keçməsi ayrı bir dərddir. Bax budur iqtisadi inkişaf. 

Rayonda olarkən həmyaşıdlarımla da görüşdüm, çoxunu tanımadım. Gənc adamların saçları ağappaq olub, beli bükülüb. Ehtiyac, imkansızlıq, işsizlik, ailədəki maddi problemlər insanları vaxtından qabaq qocaldıb. Əslində Azərbaycanın neftdən qazandığı pullarla bütün bölgələrimzdə, eləcə də Zərdabın hər bir kəndində bir sex, fabrik və ya zavod açmaq olardı. Tək bu gün insanlar işləsin, övladlarını oxutsun deyə deyil. Həm də sabah qocalanda sosial təminatı olsun, normal təqaüd ala bilsin deyə. Insan kimi yaşasın, insan kimi ölsün deyə. Amma vətəndaşımız bundan belə məhrum edildi. Bax budur Azərbaycanın son illər mədh edilən iqtisadi inkişafı. 

Hər gün üzümü bu hakimiyyətdəkilərə tutub “Ölümə məhkum etməyin mənim insanlarımı, sizə and verirəm bütün inandıqlarınıza” deyə bağırmaq keçir içimdən. Amma sonra düşünürəm, inandıqları olsa, bu qədər insan ahı alarlarmı?! Ömürlər qurban edilir rayonlarda, bir ömür rahat yaşamaq, cib dolusu pul, dolu qazan dərdi ilə yaşayıb, amma bunu görmədən həyatını bitirən insanlar var bu məmləkətdə. Nüsrət Kəsəmənlinin təbirincə desək, həmişə birini tapanda, digərini tapmadan, yarıac-yarıtox, nəfsi keçən nemətə baxmaqdan, udqunmaqdan belə utanaraq. Oğlunun hüquq fakülətsinin tələbəsi olacağını arzulayıb, amma bir gün yanına salıb fəhləliyə aparmağa məhkum ata faciəsi var. Qızının telli-duvaqlı gəlin olmasını arzulayıb, bir gün bir harınlamış məmurun sevgilisi olmasına göz yuman ana faciəsi var. Mənim millətim Rusiyada fəhlə. Dubayda …. olmaq üçün var olmayıb. Siz, məhz bu rejim millətimizi səfil gününə qoydunuz. Bu millətin haqqı sizə haram olsun!