
İki silahlı jurnalistləri gülləyə düzdü, 12 nəfər öldü; Fransa meydanlara axışdı
Yanvarın 7-də Parisdə “Charlie Hebdo” adlı satirik jurnalın reaksiyasına silahlı basqın bütün dünyanı dəhşətə gətirib. Son məlumatlara görə, hücum nəticəsində 12 nəfər qətlə yetirilib, daha on adam yaralanıb. Onlardan beşinin vəziyyətinin ağır olduğu bildirilir. Qətlə yetirilənlər arasında jurnalın baş redaktoru Stefan Şarbone, nəşrdəki karikaturaların müəllifi Jan Kabu da var.
Hadisənin baş verdiyi rayon hüquq-mühafizə və xüsusi xidmət orqanları tərəfindən mühasirəyə alınıb.
Ilkin məlumata görə, hücumu “Kalaşnikov” avtomatı və qumbara ilə silahlanmış iki nəfər həyata keçirib. Onlar ümumilikdə 12 nəfəri qətlə yetirib ki, bunların da 10-u jurnalist, 2-si isə jurnalın yerləşdiyi binanı mühafizə edən polis əməkdaşları olub. Şahidlərin sözlərinə görə, həmin vaxt redaksiyada olan jurnalistlərin bir qismi gizləniblər. Cinayətkarlar hadisə yerindən gəldikləri avtomobillə uzaqlaşıblar.
Sosial şəbəkələrdə silahlı hücumla bağlı şahidlərin lentə aldığı görüntülər yayılıb. Həmin kadrlarda terrorçular “Allahu Əkbər” qışqıra-qışqıra qaçıb gedirlər. Fransa mətbuatının yaydığı məlumata görə, cinayətkarlar “Biz Məhəmməd Peyğəmbərə görə qisas aldıq, ”Charlie Hebdo”nu məhv elədik” , – deyə qışqırırmışlar.
Fransa telekanalları eyni zamanda, basqınçılarla polis əməkdaşları arasındakı atışmanın görüntülərini yayımlayıb. Həmin kadrlar ərazidəki təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb.
Böyük Britaniyanın “The Guardian” qəzeti isə fransız polislərin Həmkarlar Ittifaqının nümayəndəsi Rokko Kontentoya istinadən xəbər verir ki, cinayətkarlar iki yox, dörd nəfər olub. Onlardan biri avtomobildə gözləyib, üçü isə binaya daxil olub. Məlumatda o da qeyd olunur ki, qatillərin terror aktı üçün istifadə etdikləri avtomobil qaçırılmış maşın olub və onu Parisin şərq hissəsində atıb gediblər.
Hüquq-mühafizə orqanlarının əməkdaşları bildirib ki, bu terror aktı peşəkarlıqla hazırlanıb, cinayətkarlar atdıqları hər bir addımı əvvəlcədən ölçüb-biçib”. Basqınçılar eyni zamanda, silahdan peşəkarcasına istifadə etməyi bacaranlar olub.


***
Fransa prezidenti Fransua Olland da dərhal hadisə yerinə gəlib. O bildirib ki, baş verən hadisə terror aktıdır və bunu törədənlərin tutulub cəzalandırılması üçün bütün lazımi tədbirlər görüləcək: “Bu jurnalistlərə qarşı yönəlmiş vəhşilikdir. Biz söz azadlığını sonadək müdafiə edəcəyik”.
Prezident onu da qeyd edib ki, son həftələrdə Fransada bir neçə terror aktının qarşısı alınmışdı.
Hadisədən az sonra Yelisey sarayından bəyanat verilib ki, baş vermiş olayla əlaqədar hökumətin təcili toplantısı keçiriləcək, həmçinin Fransua Olland xalqa müraciət edəcək.
Avropa Parlamentinin deputatı, Fransanın Milli Cəbhə Partiyasının lideri Marin Le Pen terror aktının fundamentalist islamçılar tərəfindən törədildiyini bildirib. O deyib ki, bu olay son həftələrdə Qərb ölkələrində, o cümlədən Fransada ilk terror aktı deyil: “Bu gün təhlükə təkcə Fransanın başı üzərində deyil. Bu təhlükəni görmək vacibdir”.
Yeri gəlmişkən, 1995-ci ildən bəri Fransada ən böyük terror aktıdır. Iyirmi il əvvəl Paris metrosunda baş vermiş silsilə teraktlar nəticəsində 8 nəfər dünyasını dəyişmiş, 179 nəfər yaralanmışdı.
Fransada təhlükəsizlik tədbirləri gücləndirilib. Eyni zamanda, Avropanın digər dövlətləri də eyni addımı atıb.


***
Almaniyanın xarici işlər naziri Tomas de Mezyer bildirib ki, vəziyyət gərgindir: “Narahatlıq üçün ciddi əsaslar var. Amma panikaya düşmək olmaz. Çünki əlimizdə bu tipli aktların Almaniyada da törədilməsi planına dair heç bir məlumat yoxdur”.
Bir sıra dövlət və hökumət başçıları, o cümlədən Ilham Əliyev terror aktı ilə əlaqədar Fransa prezidenti Fransua Ollanda başsağlığı verib.
NATO-nun baş katibi Yens Stoltenberq baş verənləri pisləyərək, terror nəticəsində həlak olanların ailələrinə başsağlığı verib: “Mətbuat azadlığına qarşı bu dəhşətli hücumla əlaqədar müttəfiqimiz Fransa ilə həmrəy olduğumuzu bildirir və tam dəstəyimizi ifadə edirəm”.
ABŞ prezidenti Barak Obama da olayı pisləyərək, Fransaya ölkəsinin yardımını təklif edib: “Biz Fransanın hökumət dairələri ilə əlaqə saxlayırıq. Göstəriş vermişəm ki, Administrasiya Fransaya cinayətkarların tapılıb məsuliyyətə cəlb olunması üçün istənilən yardımı göstərsin”.
Rusiyanın dövlət başçısı Vladimir Putin də Fransadakı terror aktı ilə əlaqədar başsağlığı verib.
ATƏT, Almaniya, Yunanıstan Parisdəki olayı söz azadlığına qarşı hücum kimi dəyərləndirib.
Almaniya kansleri Angela Merkel bildirib ki, bu dəhşətli terror təkcə Fransa vətəndaşlarına, ölkənin daxili təhlükəsizliyinə hücum deyil. Bu, eyni zamanda, bizim demokratiya mədəniyyətimizin əsas elementi olan söz və mətbuat azadlığına hücumdur ki, ona heç cür haqq qazandırmaq olmaz”.
ATƏT-in mətbuat azadlığı üzrə xüsusi nümayəndəsi Dunya Miyatoviç də redaksiyaya silahlı basqını söz azadlığına hücum kimi dəyərləndirib.
Yunanıstanın baş naziri Antonis Samaras çoxsaylı insan tələfatı ilə nəticələnən terror aktını pisləyərək, dünyasını dəyişənlərin ailəsinə başsağlığı verib. O, eyni zamanda, fransız xalqı ilə həmrəy olduqlarını ifadə edib.



***
Azərbaycan Xarici İşlər Nazirliyi də bu terroru pisləyib. “Terrorizmdən əziyyət çəkən dövlət kimi, Azərbaycan terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pisləyir. Fransada törədilmiş terror aktını qəti şəkildə pisləyirik. Bu terror aktı zamanı həlak olanların ailələrinə, Fransa xalqına dərin hüznlə baş sağlığı veririk, yaralananların isə tezliklə şəfa tapmasını arzu edirik”, – deyə nazirliyin sözçüsü H.Hacıyev apa-ya bildirib.
AXCP sədri Əli Kərimli də özünün Facebook səhifəsində baş verən qanlı hadisəyə münasibət bildirib: “Bu gün Parisdə baş vermiş qanlı terror aktını qəti şəkildə pisləyirəm. Həm bugünkü qanlı terror, həm də İslam dini adına törədildiyi iddia olunan bu qəbildən digər terror əməlləri hamılıqla, xüsusilə müsəlmanlar tərəfindən pislənilməlidir. Öz qanlı hərəkətini İslam dini adına bağlayan hər bir terrorçu, bu yola qoşulmaq barədə düşünən digərləri bilməlidir ki, onun bu anti–insani əməlinin əsas zərərçəkəni ilk növbədə İslam dini və bütün dünyada yaşayan müsəlmanlardır. Dinimizin bütün yaradılmışların əşrəfi elan etdiyi insan həyatına qarşı “Allahu əkbər” sədaları altında qəsd edənlər İslam dinini gözdən salır, milyonlarla müsəlmanı suçlu, izahat verəcək duruma salır. Allah özü dinimizi belə “İslam keşikçilərindən” qorusun”.
***
Baş verən terror aktına etiraz olaraq Parisdə on minlərlə insan küçələrə axışıb. Bundan başqa Yelisey sarayında və digər ictimai binalarda da bütün bayraqlar yarıya endirilib. Küçələrə axışan insanlar əsasən bir şür səsləndirir: ‘Not Afraid’ (qorxmuruq). Parisdən başqa Fransanın digər şəhərlərində və Avropanın bir çox paytaxtlarında da baş verən terror aktına etiraz yürüşləri təşkil olunub.


***
“Charlie Hebdo” – Fransada həftədə bir dəfə – çərşənbə günləri nəşr olunan satirik jurnaldır. Jurnalda karikaturalar, lətifələr dərc olunur, müxtəlif olaylarla bağlı müzakirələr, reportajlar yayımlanır. Bu nəşrin daimi hədəfləri siyasətçilər, din xadimləri və s. təbəqələrin təmsilçiləridir. “Charlie Hebdo” hədəflərə münasibətdə daim sərt mövqeyilə fərqlənir.
Jurnalda bir neçə dəfə Islam dini, o cümlədən Məhəmməd Peyğəmbərlə bağlı karikaturalar dərc olunub. Hətta belə karikaturalardan birinə görə 2012-ci ildə jurnalın saytı haker hücumuna məruz qalıb.
Onu da qeyd edək ki, “Charlie Hebdo” jurnalında Islamla yanaşı, digər dinlərin nümayəndələrini qəzəbləndirən materiallar da dərc olunurdu. Məsələn, 2008-ci ildə jurnal Roma Papasının karikaturasını yaymışdı. Bununla əlaqədar “Charlie Hebdo”ya qarşı iddia qaldırılsa da, məhkəmə prosesi jurnalın qələbəsilə yekunlaşıb. Məhkəmə jurnalı haqsı sayıb.
İnformasiya şöbəsi



