Insan qiymətinə neft

Elnur Astanbəyli elnurastanbeyli@gmail.com

Tam səmimi deyim, neftin qiymətinin sürətlə düşməsinin həyatımıza siyasi mənada hansı müsbət təsirinin olacağını anlamağa çətinlik çəkirəm. Doğrudanmı, neftin ucuzlaşması Azərbaycanın demokratikləşməsinin önünü açmağa kömək edəcək? Bilmirəm. Görünür, ona görə ki, iqtisadi biliklərim xeyli azdır, bu səbəbdən də neft su qiymətinə düşdükcə onun Sistem üçün yaradacağı çətinlikləri, sancıları kəsdirməkdə ağlım çətinlik çəkir.

Üstəlik, mən artıq xeyli vaxtdır neftin Əliyev rejiminin xarici dəstək qazanmasında rolunun çox azaldığı qənaətindəyəm. Yaptokratiya isə uzun müddət özünü demokratiyanın beşiyi, paytaxtı elan edən ölkələrlə qaranlıq işbirliyi, kirli sövdələşmələr sayəsində ayaqda qalmağı bacarıb. Düzdür, belə görmək olar ki, son illərdə bu işbirliyi xeyli sarsılıb, amma hər halda rejimin Qərblə bazarlıqlarında neft əvvəlki əhəmiyyətini də bundan əvvəl itirmişdi. Azərbaycanın yerləşdiyi coğrafiyanın əhəmiyyəti neftdən daha çox önəm daşımağa başlamışdı.

Neftin ucuzlaşmasının xalqı oyandıracaq, onu hərəkətləndirəcək nəticələr doğuracağına da inamım azdır. Axı biz onsuz da bu təbii sərvətin həyatımıza əhəmiyyətli  təsirini heç vaxt hiss etməmişik. Neft ölkəsində neftsiz yaşamağa alışmışıq. Neftin xalqa yox, bir ovuc adama məxsus olduğu gerçəkliyi ilə barışmışıq. Bütün bunlardan sonra neftin qiymətinin düşməsi hansı təlatümlərə yol aça bilər ki, xalq da silkinib oyansın, “Yetər!” deməyə başlasın.  

Bütün bunlara görə lap əvvəldə yazdım ki, neftin qiymətinin düşməsinin demokratiya adına çoxlarında aşırı gözləntilər yaratmasını, demokratiyanın önünün açılmasını sürətləndirəcəyinə dair ümidləri anlamaqda çətinlik çəkirəm. Əgər çox sadəlövh, hətta savadsız düşünürəmsə, gərək bu məsələdə bilgi sahibi olanlar məni bağışlasınlar. Daha sadə dillə və ardıcıl şəkildə bizi aydınlandırsınlar, görək, neftin ucuzlaşmasına sevinmək lazımdır, ya yox. Buna ehtiyac var. Orta statistik azərbaycanlı neftin ucuzlaşmasının onun, ölkəsinin taleyində hansı müsbət, yaxud mənfi siyasi və iqtisadi izlər buraxacağını anlamaqda çətinlik çəkir. 

Amma bu birmənalıdır ki, Azərbaycan neftdən maddi olaraq nə qədər qazandısa, mənəvi olaraq da bir o qədər, hətta bundan on qat, yüzqat artıq itirdi. Neft pulları bir ovuc adamın əlində cəmləşdikcə, böyük çoxluqda o ələ baxımlılıq yarandı. Neft pullarından heç olmasa, qəpik-quruş qamarlamaq istəyənlər üçün illərdir uğrunda mübarizə apardıqları dəyərlər dəyərsizləşdi, illər boyu əsərlərində xalqa əxlaq, mənəviyyat dərsi keçənlər üçün həyatda bunların bir prezident təqaüdü, bir mənzil qədər qiyməti qalmadı. Neft pullarının cazibəsi əksəriyyəti ovsunladı, gözləri elə qamaşdırmağa, ağızları elə sulandırmağa başladı ki, seçkini saxtalaşdırmaq, işverənlik, üzəduranlıq, yaltaqlıq adiləşdi, həyat normasına çevrildi. Pul kimdədirsə, haqlı da odur – indi bu Azərbaycanda çoxluğun beynində dərin kök atmış düşüncə tərzidir, daha doğrusu, düşüncəsizlik tərzi!

Maddiyyat ölkədə analoqsuz gücə çevrildi. Artıq camaatda mənəvi olan hər şey gülüş, ironiya doğurur. Hansısa palatka müğənnisi, oliqarx pulları ilə şişən hansısa manıs ömrünü əsl sənətə, mədəniyyətə xərcləyən insanlara “öz soyuducunuza da baxın, mənim soyuducuma da” deyə gülə bilir. Ömründə kitab üzü açmayanların pulunu balta kəsmir, təhsil, bilgi, kültür insanların karyera qurmasında, həyatda mövqe tutmasında, yüksəlməsində heç bir rol oynamır, ölkədə xoşbəxtliyin, uğurun ancaq bir təminatı var – pul, pul, pul!

Neft pulları onsuz da çağın çox gerisində olan, mədəni, modern dünyadan xeyli geri qalan Azərbaycanı daha qatı mənəvi qaranlığa sürüklədi, daha dərin mənəvi bataqlığa sürüklədi. Insanı ucuzlaşdırdı, onu mənəvi ucalıqdan kölə, rəiyyət səviyyəsinə endirdi.

Mən neftin ucuzlaşmasına ancaq buna görə sevinə bilərəm. Qoy o qədər ucuzlaşsın, o qədər ucuzlaşsın, axırda insanın bu ölkədəki qiymətinə düşsün.