İlham Əliyevin sayəsində fəxri ad almaq üçün cəmiyyətin fəxrinə çevrilməyə ehtiyac yoxdur
Ölkə başçısının “Şöhrət”, “Şərəf”, “Istiqlal” ordeni və s. təltifləri artıq ənənə halını alıb. Bu təltiflər o qədər adiləşib ki, doğum günü hədiyyəsinə çevrilib. Bu orden-medallara sahib olmaq üçün hansısa yorulmaz fəaliyyətə ehtiyac yoxdur. Diqqət etsək görərik ki, təltif olunanların əksəriyyəti təqaüd yaşını çoxdan keçmiş, ancaq hələ də yüksək postlarda vəzifə tutanlardı.
YAP-çılardan, mədhiyyəçi müğənnilərdən, yarınmaq yarışına girən digər sənət adamlarından kimin yaşı 60-ı keçirsə, prezident anındaca orden hədiyyə edir.
Ilham Əliyevin sayəsində fəxri ad almaq üçün cəmiyyətin fəxrinə çevrilməyə ehtiyac yoxdur. O şəxslər ki, hakimiyyətə sədaqətini ifadə edir, onların “Şöhrət”, “Şərəf”, “Istiqlal” kimi ordenlər alması təbii olur. Yuxarıda qeyd etdiyimiz kimi artıq prezidentin ad günü hədiyəsi hamıya məlumdur. Yubilyarlar əlahəzrətin bəxşişinin nədən ibarət olacağını bilirlər. Vasif Talıbov, Mübariz Qurbanlı, Fəttah Heydərov, Ilhamə Quliyeva, Hacıbala Abutalıbov və onlarla digər şəxslər bu ordenlərdən nəsibini alıb. Sanki Ilham Əliyev orden paylamaqla məşğuldu. Sanki bu ordenlər qalıb xarab olur və vaxtında ünvana çatdırmaq zəruridir.
Indi elə mənzərə yaranıb ki, həqiqətən də dövlət qarşısında xidmətləri olan, cəmiyyətdə nüfuzu olan, həqiqi ziyalı adını daşıyan adamlar bu ordenlərə sahib olmaqdan utanırlar. Çünki, bu ordenləri daşıyan xeyli sayda mənfi reputasiyalı insanlar var. Vəziyyət o həddə çatıb ki, əlçatmaz fəxri ad qalmayıb. Xalq artisti, əməkdar artist adları hansı meyarlarla verilirsə, ordenlər də eyni meyarlarla təqdim edilir.
Ötən gün isə ölkə başçısı baş nazirin müavini Abid Şərifova “Şöhrət” ordeni verdi. Bəli, Abid Şərifov da 74 yaşında məlum ordenə sahibləndi. Təkrar qeyd edək ki, söhbət Abid Şərifovdan getmir. Söhbət ölkə başçısının bu ordenləri nə qədər adiləşdirməsindən gedir.
Onu da qeyd edək ki, həqiqətən fəxri adlara layiq olan insanlar bugün şərlənərək zindanlara atılıb. Azərbaycanın şərəf və şöhrətinə çevrilmiş adamlar “vicdan məhbusu” adını daşıyır.
Amma bir reallıq da var ki, Ilham Əliyevin təltif etdiyi adamların maşına, evə, vəzifəyə, pula ehtiyacları yoxdur. Onların doğum gününə “Şərəf”, “Şöhrət” hədiyyə etmək lazımdır.
Akif