Evlərə görə vergi dəyişdi

2015-ci ildən etibarən Azərbaycanda əmlak və torpaq vergilərinin dərəcələri və hesablanma qaydaları dəyişdirilib. Fins.az-ın məlumatına görə, Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən, artıq verginin məbləği əmlakın qiymətindən yox, ölçülərindən asılı olacaq.

30 m2-dək vergi ödənməyəcək

Yeni qaydalarda yaşayış sahələri üçün ayrıca vergitutma mexanimzləri nəzərdə tutulub. Belə ki, mənzilin sahəsi 30 m2-dən aşağı olan əmlak sahibləri əmlak vergisi ödəməyəcəklər. Əmlak vergisi mənzilin 30 kvadratmetrdən artıq olan hissəsinə görə hesablanacaq. Amma verginin məbləği regionlardan asılı olaraq dəyişəcək. Belə ki, 30 kvadratmetrdən artıq hər 1 m2-i üçün vergi Bakıda 40 qəpik, Gəncə, Sumqayıt şəhərlərində, eləcə də Abşeron rayonunda 30 qəpik, digər şəhər və rayon mərkəzlərində 20 qəpik olacaq. Kənd və qəsəbələrdə, o cümlədən kiçik yaşayış məntəqələrində isə evin hər kvadratmetrindən 10 qəpik tutulacaq (30 kvadratmetrdən artıq).

Bakının özündə də vergi fərqli olacaq

Məcəlləyə edilən dəyişikliklər nəticəsində əmlak vergisinin məbləği nəinki əmlakın hansı regionlarda yerləşməsini, hətta paytaxtın mərkəzində və ya kənarında yerləşməsini də nəzərə alacaq. Belə ki, Bakının ayrı-ayrı ərazilərində əmlak vergisinin dərəcəsi fərqli olacaq. Paytaxtdakı əmlakdan vergilərin hesablanması üçün 0,7-dən 1,5-ə qədər dəyişə bilən əlavə əmsal tətbiq edilə bilər. Başqa sözlə, Bakıdakı əmlak sahibləri üçün verginin məbləği hər m2 üçün 28 qəpikdən 60 qəpiyə qədər dəyişəcək. Yəni əmlak vergisinin məbləği indiyə qədər mənzil-istismar idarələrinə ödənilən məbləğ qədər olacaq. Sadəcə gələn ilin əvvəlində verginin ödənilməsi səlahiyyəti daşınmaz əmlakın yerləşdiyi ərazinin yerli özünü idarəetmə oqranlarına (bələdiyyələrə) veriləcək.

Iqtisadçı Məhəmməd Talıblı bildirdi ki, bu dəyişiklik onu göstərir ki, böyük ölçülü mənzillərdən vergi yığımı artırılacaqdır. Kiçik ölçülü mənzillərdən isə ümumiyyətlə vergi yığılmayacaq. Bu tendensiyanın özünün yaxşı tərəfləri də var: “Inkişaf etmiş ölkələrin əksəriyyətində bu vergi tələbi tətbiq olunur. Inkişaf etmiş ölkələrdə bahalı avtomobilə, lüks mal və xidmətə, bahalı mənzillərə görə vergilər həmişə yüksək olur. Bu həm də onunla bağlıdır ki, büdcə daxil olmalarında neft sektorundan daxilolmalar xərclərin icrasında kifayət etmir. Bunu qeyri-neft sektorundan müxtəlif xarakterli vergilər yolu ilə cəlb etmə hesabına təmin edəcəklər. Bundan sonra il ərzində qeyri-neft sektorunun gəlirlərinin dövlət büdcəsinə cəlbi ilə bağlı başqa dəyişikliklərdə edilməsi istisna olunmur”.

Yeni qaydaların bələdiyyələrin bir insitut kimi həm maliyyə, həm də insitusional baxımdan formalaşmasına müsbət tövhə verəcəyini düşünən M.Talıblı vurğuladı ki, baş verənlər əmlak bazarına təsirsiz də ötüşməyəcək: “Kiçik sahəli mənzillərə tələb artacaq. Böyük ölçülü mənzillərin qiyməti digərlərinə nisbətdə aşağı düşməsə də, onlara tələb azalacaq. Yəni qiymətlərə ciddi təsir olmayacaq. Qiymətlərə təsir ölkəyə miqrant axını və ya başqa amillər baş verən zaman ola bilər”.

Xəyal