“Biz burada təşkilatlanmalı və güclü birliyə nail olmalıyıq”
Ukrayna prezidenti Pyotr Poroşenko dövlət idarəçiliyinin təşkili üçün hətta qonşu ölkələrdən də kadrlar dəvət edir. Bu, uzun illər ərzində korrupsiyalaşmış dövlət orqanlarının fəaliyyətinin effektivliyini artırmaq və regionda baş tutmuş mütərəqqui təcrübələrdən istifadə etmək üçün hər cür qısqanclıqdan kənar olaraq atılan cəsarətli addım sayıla bilər. Məsələn, Poroşenko, Saakaşvilinin kadrlarının Gürcüstandan Ukraynaya yüksək vəzifələrə təyin edilməsinə başlayıb. Bu prosesdə azərbaycanlıların potensialından istifadə edilə bilərmi? Bu sualla Milli Şuranın üzvü, Ukraynada yaşayan Yalçın Qəhrəmanoğluna müraciət etdik.
«Ukraynada dövlət orqanları yenidən təşkil edilir. Olduqca çətin və ağır olan bu proses həm də onunla çətinləşir ki, ölkədə müharibə gedir. Müharibənin gedişi bu prosesi çox ağırlaşdırır. Amma əsas olan budur ki, hakimiyyət bundan qorxmur və prosesi aparır.
Azərbaycan icması Ukraynada rus icmasından sonra sayına görə ikinci ən böyük icmadır. Buna baxmayaraq, bizim icmanın nümayəndələri seçkili orqanlarda, demək olar ki, təmsil olunmur, uyğun olaraq, təyinatlı vəzifələrdə də çox az hallarda rast gəlinir. Səbəb isə aydındır.
Ukrayna azərbaycanlıları siyasi proseslərdə saylarına görə fəal deyillər, bu proseslərdə görünmürlər. Daha dəqiq desək, bizimkilər siyasi proseslərdə təşkilatlanmış şəkildə iştirak etmirlər. Ayrı-ayrı fərdlərin fəallığı isə lazım olan effekti yarada bilmir.
Açıq demək lazımdır ki, buradakı azərbaycanlıların təşkilatlanmasına mane olan ən ciddi səbəb rəsmi Bakının dəstək verdiyi diaspor təşkilatlarıdır. Bu təşkilatlar hələ də insanları Heydər Əliyev kultuna münasibətdə çeşidləməkdə israrlıdır. Əliyevçiliyi tərənnüm etməyənləri və bu kulta tapınmayanları özününkülərdən saymır. Əliyevçiliyin Azərbaycanda yaratdığı cəhənnəmdən baş götürüb qaçan Ukrayna azərbaycanlıları isə, təbii ki, bu kulta səmimi şəkildə bağlı ola bilməzlər. Buradakı azərbaycanlılar iqtisadi mühacirlərdir. Amma Azərbaycanda həyat vasitələrinin tükənməsi üzündən baş götürüb buralara gələn insanlardır və onlardan Əliyevçiliyə sədaqət tələb etmək ağlasığmaz iddiadır.
Əlbəttə, biz rəsmi Bakıya bağlı olan təşkilatların destruktiv fəaliyyətlərinə baxmayaraq Ukrayna azərbaycanlılarının təşkilatlanması işinə ciddi şəkildə başlamışıq və bu il ərzində güclü bir birliyin yaradılmasına nail olacağıq. Əsas olan budur ki, iddialarımız var və insanları bu iddiaların gerçək olduğuna inandırmaq üçün əsaslarımız da var».
azadliq.info


