“Vadi İstanbul”da SOCAR üçün 12 mərtəbəli bina…; iqtisadi çətinliklər dövründə anlaşılmaz “səxavət”
Azərbaycan artıq absurdlar, ziddiyyətlər ölkəsinə çevrilib. Bir tərəfdən işsizlik, evsizlik, sosial problemlər artır, digər tərəfdən hakimiyyətimiz dünyanın müxtəlif yerlərində xeyriyyəçiliklə məşğul olur. Məlum olur ki, Fransadan tutmuş Rumıniyaya qədər hər yerdə park salırıq, muzey təmir etdiririk, bağça, məktəb tikdiririk və s. Eyni zamanda görürsən ki, kasıb bir vətəndaş müalicəyə pul tapmaq üçün telekanalları gəzir, dövlət orqanlarında sürünür.
Indi də kütləvi ixtisarlara start verilib. “Azərenerji”də, Metropolitendə, Dövlət Neft Şirkətində ixtisarlar aparılır. Əslində bu, gözlənilən idi. Çünki ölkə iqtisadiyyatı neftdən asılı vəziyyətdədir və neftin qiymətinin kəskin düşməsi bu ixtisarları zəruri edib. Bu isə hakimiyyətin yarıtmaz siyasətinin göstəricisidir. Artıq hökumət də bu qərara gəlib ki, bəzi investisiya layihələrin “qayçı”lamaq lazımdır.
Belə bir məqamda xəbər yayılır ki, ARDNŞ yenə də milyonlar xərcləməyə start verib.
Belə ki, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Türkiyədə yeni ofis binası alıb. Türkiyə mətbuatında yayılan xəbərə görə, bu ölkəyə yatırdığı investisiyalarını artıran şirkət daha geniş ofisə sahib olmaq zərurəti hiss edib və tikilməkdə olan ofis mərkəzində 12 mərtəbəli binanı alıb.
Məlumatda deyilir ki, SOCAR-ın törəmə şirkəti olan “SOCAR Türkiyə”nin ofisi indiyədək İstanbulun Maslak bölgəsində bir biznes mərkəzində idi. İndi isə şirkət Maslaka yaxın bölgədə, Vadi İstanbul Bulvarında tikilən ofis binalarından birini alıb. 12 mərtəbəli binanın 17 min 800 kvadratmetr sahəsi var. Hələlik şirkət ofis binasının alınmasına dair müqaviləni rəsmən açıqlamayıb. Ancaq “Para dərgisi”nin əldə etdiyi məlumata görə, şirkət ofis binası üçün 75 milyon dollar ödəyib. Özü də nağd olaraq.
Xatırladaq ki, SOCAR Türkiyədə ən iri xarici investorlardan biridir. Şirkət bu ölkənin “Petkim” sənaye kompleksinin səhmlərinin 51 faizini 2 milyard 40 milyon dollara alıb, habelə “Tekfen” şirkətinin səhmlərinin yarısını əldə edib.
SOCAR Türkiyənin Izmir bölgəsində “Star Rafineri” adlı nəhəng neftayırma və neft-kimya kompleksinin inşasına da milyardlarla dollar yatırıb.
Göründüyü kimi, ölkədəki ağır vəziyyət, ixtisarların kütləviləşməsi hökuməti o qədər də narahat etmir. Əksinə, imkan tapdıqca ölkənin sərvəti xaricə daşınır.
Bəzi ekspertlər hesab edir ki, hakimiyyət qarşıda ağır mərhələnin olduğunu anladığı üçün, müxtəlif adlar altında milyonları sığortalayır. Amma bu mülklərin, ofislərin Azərbaycana heç bir mənfəəti olmayacaq. Çünki, belə alğı-satqılar konkret şəxslərin adına rəsmiləşdirilir.
İstənilən halda vətəndaşların ağır şərtlər altında yaşadığı bir vaxtda, işsizliyin artdığı bir mərhələdə milyonları havaya sovurmaq ölkəyə növbəti zərbədir.
Normal ölkələrdə belə məqamda xərclər azaldılır, məmurların imtiyazları ləğv edilir və s.
ARDNŞ isə milyonlarla insanın manata möhtac olduğu halda, 75 milyonluq ofisi nağd qiymətə alır. Hansıki, şirkət üçün 1 milyonluq ofis də almaq olardı.
Bir daha təsdiqlənir ki, hakimiyyət üçün dövlətin və millətin maraqları sonuncu dərəcəlidir.



