Haqlı danışarkən də haqsız görünənlər

Elnur Astanbəyli elnurastanbeyli@gmail.com

Dünən məşhur fransız rejissoru Rene Voytenin ölüm xəbərini oxudum. O, 42 il öncə çəkdiyi “20 il Oresdə” filmi ilə dünyaya səs salmışdı. Bu film fransız ordusunun Əlcəzairdəki qəddarlıqlarından bəhs edirdi.

Bundan təxminən 20 il əvvəl isə Voyte fransızların Şimali Afrika koloniyalarındakı əməlləri barədə çəkdiyi sənədli filmə görə qəzəbə gəlmiş, hətta həbs də olunmuşdu. 

Bəs indi bu haqda niyə yazıram? Çox sadə səbəbdən: son vaxtlar yaptokratiyanın antiAvropa, antiQərb ritorikası xeyli güclənib, ABŞ və aparıcı Avropa ölkələrinin ünvanına xeyli ağır tənqidlər eşidirik. Insafən demək lazımdır: bu tənqidlər əslində mahiyyəti etibarilə əsassız deyil, Voyte haqqında yazmağımın səbəbi də odur ki, hətta Avropanın, Qərbin özündə də ötən onilliklərdə ABŞ və Avropa tarixinə qara ləkə kimi düşən hadisələri bilirlər, bu barədə elə onların özlərində də uca səslə danışanlar var, ifşaedici kitablar da yazılır, filmlər də çəkilir. 

Nə fransızların Afrika ölkələrindəki koloniyalarında baş verənlər, nə ingilislərin Hindistanda törətdiyi əməllər, nə ABŞ-ın illər uzunu Afrika və Latın Amerikası diktatorları başda olmaqla dünyanın hər yerində zülmkar rejimlərlə əməkdaşlığı təzə xəbər deyil. Bunu Fransada, Ingiltərədə, ABŞ-da… bizdən də yaxşı bilirlər, yaptokratlardan da kəskin, amansız dillə hakimiyyətlərin üzünə çırpırlar. ABŞ-ın Iraqa müdaxiləsi zamanı ən yüksək etiraz səsinin elə amerikalı aktyorlardan, rejissorlardan, musiqiçilərdən, yazıçılardan gəldiyini unutmayaq.

Demək istədiyim odur ki, yaptokratlar Qərbin, Avropanın ünvanına keçmişlə bağlı ağır ittihamlar ünvanlamaqla heç kimi təəccübləndirə bilməzlər. Amma çətin sual qarşısında qala bilərlər: haqlısınız, ABŞ əvvəlcə gedib öz ayıbına kor olsun, Avropa da pisdir, lap yaxşı! Bəs bütün bunlar öz vətəndaşına zülm etmək, onu əzmək, onun haqlarını tapdamaq, onun sərvətlərinə sahiblənmək, onu hüquqsuz vəziyyətə salmaq, onu kölə kimi görmək, onu rəiyyətə çevirmək üçün əsas yaradırmı? 

Sadiq oxucular yazılarımdan Qərbin, Avropanın siyasi elitasına, daha çox modern müstəmləkəçilik ovqatına köklənmiş siyasi dəst-xəttinə münasibətimi bilirlər. Amma Qərbin, Avropanın üstünlüyü ondadır ki, orada cəmiyyətlər birrəngli deyil. Orada Quntanamo rəzaləti də yaşanır, amma bu rəzalətə qarşı ən yüksək etiraz səsləri də ucala bilir. 

Azərbaycan kimi ölkələrdə isə mənzərə fərqlidir: burada hamı yalan danışır, hamı haqsızdır, yalnız bir doğru var – o da hakim rejimlərin özüdür! Sistemdən kənarda heç bir fikir, mülahizə yoxdur və ola bilməz. Ümumiyyətlə, düşünmək yasaqdır, suçdur, onsuz da Sistem hamının yerinə düşünür və qərar verir. Bu düşüncə və qərardan kənara çıxmaq yolverilməzdir, qəbuledilməzdir, vətəni satmağa, düşmən dəyirmanına su tökməyə, dələduzluğa, xuliqanlığa bərabərdir.

Bax elə ona görə də bu cür rejimlər, bu cür rejimləri təmsil edənlər hətta başqalarını (indiki vəziyyətdə konkret olaraq Qərbi, Avropanı!) tənqid edəndə belə, haqsız görünürlər. Çünki hansısa həqiqəti demək minlərlə başqa yalan danışmaq bahasına başa gəlməməlidir. Ən əsası isə, başqalarının ədalətsizliyi sənin özünün də ədalətsizliklə məşğul olmağına bəraət qazandırmamalıdır və heç qazandırmır da.

Amerikalıların, avropalıların yaxın və uzaq keçmişdə imza atdıqları çox bəlalar, yanlışlar, faciələr var ki, adam onlar haqqında danışanda, eşidəndə, oxuyanda ağlamaya bilməz, göz yaşlarına qərq olmaya bilməz, amma bu faciələr haqqında öz xalqlarını əzənlər, onun hüquqlarını və azadlıqlarını əllərindən alanlar danışanda hər şey çox gülməli görünür.