«Hakimiyyət geriyə addım atmayacaqsa, sanksiyaların reallaşmasını görəcəyik»
Politoloq Kramerin «Quldur rejimi ABŞ-a meydan oxuyur» məqaləsini şərh edir
ABŞ-la Azərbaycan hakimiyyəti arasında münasibətlər getdikcə kəskinləşməkdədir. Azərbaycan hakimiyyətinin Qərbdən gələn mesajlara etinasız yanaşması və əksinə, siyasi repressiyaları gücləndirməsi, münasibətlərdəki böhranı daha da dərinləşdirir. Bu baxımdan “Freedom House”un keçmiş prezidenti, hazırda Vaşinqtondakı Makkeyn Institutunun baş direktoru Devid Kramer “Wall Street Journal”da “Quldur rejimi ABŞ-a meydan oxuyur” başlıqlı məqaləsi təsadüfi deyil. Hələ keçən ilin sonlarına doğru ABŞ-dan gələn sərt mesajlar onun anonsunu verirdi ki, Vaşinqton Azərbaycanla sərt tonda danışmağa hazırlaşır.
Hələ dekabrın 18-də dövlət katibinin yardımçısı Tom Malinovski “Azadlıq” radiosuna müsahibəsində Azərbaycan hakimiyyətinə xəbərdarlıq səsləndirdi ki, özünün ictimai sektora hücumları ilə ABŞ-Azərbaycan münasibətlərini təhlükə altında qoyur.
Bundan 8 gün sonra prokurorluq və polis “Azadlıq” radiosunun Bakı ofisinə basqın edərək avadanlıq və sənədləri müsadirə etdi, ofisi möhürlədi, radio əməkdaşlarını isə həbs və sorğu-suala məruz qoydu.
Kramerə görə, Azərbaycan hakimiyyətinin son addımları ABŞ-a birbaşa meydan oxumaqdır. Ona görə Obama administrasiyası Ilham Əliyev rejiminə belə hərəkətlərin nəticəsiz qalmayacağını nümayiş etdirməlidir.
Kramerin fikrincə, Obama administrasiyası Əliyevə xəbərdarlıq kimi 2 vacib addımı atmalıdır.
Birinci təklif Maqnitski işindən sonra Rusiya rəsmilərinə qarşı yönələn sanksiyalara bənzər addımların Bakıya da tətbiq olunmasıdır. Kramer yazır ki, insan haqlarının pozulmasında iştirak edən Azərbaycanın vəzifəli şəxslərinə ABŞ vizası qadağası tətbiq olunmalı, onların ABŞ banklarındakı hesabları dondurulmalıdır.
Ikinci təklif isə Azərbaycanda keçiriləcək Avropa Oyunlarının boykot edilməsi haqda təşəbbüs irəli sürmək, Avropa liderlərini Soçi Olimpiadasında olduğu kimi açılış mərasimində iştirakdan imtina etməyə çağırmaqdır. Müəllifin fikrincə, belə bir addım bu oyunların Bakıda keçirilməsini “tarixi hadisə və böyük uğur” kimi qələmə verən cənab Əliyevin “şöhrətpərəstlik hisslərini səngidərdi”.
Əslində, ABŞ-dan daha sərt bəyanatların gəlməsini dekabrın 21-də Əliyevlə dövlət katibi Kerri arasında olan telefon danışığı da sübut edirdi. ABŞ dövlət katibi Con Kerrinin Azərbaycanda vətəndaş cəmiyyətinə qarşı repressiyalara görə ölkə başçısı Ilham Əliyevlə danışması bir sıra məqamları ortaya qoydu. Maraqlıdır ki, dekabrın 21-də baş tutan danışıqdan sonra hakimiyyət repressiv addımlarını dayandırmayıb, əksinə, vətəndaş cəmiyyətinə qarşı hücumlar daha da artıb. Kerrinin Əliyevlə baş tutumuş telefon danışığından sonra Bakıda “Azadlıq” radiosunun yerli bürosu möhürlənib, əməkdaşları istintaqa cəlb olunub.
Azərbaycan ictimaiyyəti Kerrinin Əliyevlə danışdığı haqda Dövlət Departamentinin sözçüsü Cef Ratken dekabrın 29-da keçirdiyi brifinqdə məlumat verməsindən sonra informasiya aldı.
Başqa vaxtı dövlət başçısı ilə bağlı məlumatları böyük həvəslə yayan rəsmi mətbuat orqanları nədənsə ABŞ dövlət katibi ilə telefon danışığını unudublar.
Digər tərəfdən, hakimiyyətin vətəndaş cəmiyyətinə qarşı hücumları Kerri ilə telefon danışığından sonra daha da artdı. Əslində Prezident Adminstrasiyasının Ictimai Əlaqələr şöbəsinin müdiri Əli Həsənovun dekabrın 22-də “ABŞ Azərbaycana münasibətdə qırmızı xətti keçib” açıqlaması Kerrinin telefon danışığına bir cavab da sayıla bilər. Əli Həsənovun daha sonra “Azərbaycanın ABŞ və Avropa Birliyi ilə münasibətləri dözülməz həddə çatıb” açıqlaması da təsadüfi sayılmamalıdır.
Fuad Qəhrəmanlı: “Azərbaycan hakimiyyətinin atdığı addımlara cavab verilməsi üçün beynəlxalq ictimai rəyin hazırlanması prosesi sürətlənib”
AXCP sədrinin müavini, politoloq Fuad Qəhrəmanlı hesab edir ki, Kramerin bu məqaləsi əslində Azərbaycan hakimiyyətinin atdığı addımlara adekvat reaksiyadır. F.Qəhrəmanlının sözlərinə görə, məqalənin də adından göründüyü kimi, Azərbaycan hakimiyyətinə münasibətdə tənqidin ritorikası dəyişib. Bu isə artıq fərqli bir mənzərədir: “Azərbaycan hakimiyyəti bu cür çağırışların rəsmi mövqe olmadığını təqdim etməyə çalışa bilər. Çünki Kramer mövcud administarsiyada hər hansı vəzifə tutmur. Amma ABŞ-da qərarların qəbul olunma mexanizminə baxdıqda biz görürük ki, prinsipial qərarlar qəbul olunmazdan öncə, bu qərarlarla bağlı ictimai zəmin yaradılır. Ictimai rəy buna hazırlanır. Avtoritar rejimlərdən fərqli olaraq Amerika kimi demokratik rejimlərdə qərarlar bir nəfərin iradəsi ilə həll olunmur. Öncə buna ictimai rəy hazırlanmalıdır ki, sonradan administarsiya bu rəyə uyğun qərar qəbul etsin. Bu baxımdan Azərbaycanla bağlı son zamanlar səslənən tənqidi fikirlər ölkəmizlə əlaqəli sanksiyaların tətbiq olunması üçün ictimai rəyin hazırlanması prosesidir. Artıq düyməyə basılıb və Kramerin, bir sıra nüfuzlu mətbu orqanların yazdıqlarına qeyri-rəsmi mövqe kimi yanaşılmamalıdır. Sadəcə olaraq gözlənilir ki, bu mövqe rəsmi ifadəsini tapsın”.
Kramerin məqaləsində Azərbaycan hakimiyyətinə qarşı Maqnitski qanununun tətbiqinin, məmurların bank hesablarının dondurulmasının təklif olunmasına gəlincə, F.Qəhrəmanlı vurğuladı ki, artıq sanksiyaların konkret necə olacağını, onların mexanizmini ifadə edir. Azərbaycan hakimiyyətinin xarici banklarda kifayət qədər maliyyə vəsaitlərinə sahib olduğunu deyən F.Qəhrəmanlı vurğuladı ki, sanksiyalar tətbiq olunacaqsa, bu özünü həm viza verilməsində, həm də bank hesablarının dondurulmasında göstərəcək: “Azərbaycan cəmiyyətində belə bir fikir var ki, sanksiyalar məhz hakimiyyətdəki məmurların bank hesablarına tətbiq olunacağı təqdirdə effekt verə bilər. Son vaxtlar artıq hakimiyyətdə təmsil olunanların maliyyə hesabları, böyük biznes şəbəkələri ilə bağlı məlumatlar həm daxili, həm də xarici mediada çap olunmaqdadır. Bu artıq bu istiqamətdə hansı addımların atılacağını, sanksiyaların qoyulacağı halda hansı effekti verəcəyini göstərir. Hakimiyyətdəki məmur korpusunun bank hesabları onların ən həssas yeridir”.
Kramerin gündəmə gətirdiyi digər məsələnin Olimpiya Oyunlarının boykotuna çağırış olduğunu deyən F.Qəhrəmanlı vurğuladı ki, son vaxtlar bu məsələ ilə bağlı beynəlxalq səviyyədə xeyli çağırışlar eşidilməkdədir. Əgər ölkə daxilində insan haqlarının tapdanması, demokratik dəyərlərin boğulması siyasi kursu davam edərsə, o zaman artıq Rusiyaya qarşı tətbiq olunduğu kimi Azərbaycanda da keçiriləcək Olimpiya Oyunlarında Qərb dövlətləri iştirak etməyəcək. Bununla da hakimiyyətin Olimpiya Oyunlarından götürmək istədiyi divident xeyli aşağı salına bilər. Yəni Olimpiya Oyunlarına beynəlxalq ictimai diqqət xeyli zəifləyə bilər. Nəticədə hakimiyyət özünün pozitiv təqdimat imkanından məhrum olmuş olacaq”.
F.Qəhrəmanlı onu da bildirdi ki, Olimpiya Oyunlarını Qərb siyasilərinin boykot etməsi Azərbaycanda avtoritar rejimin olduğunu bir daha gündəmə gətirə bilər. Nəticədə Olimpiya Oyunlarından hakimiyyətin götürmək istədiyi divident əksinə, Azərbaycanın beynəlxalq imicinə növbəti zərbə olacaq: “Bank hesablarının dondurulması, Olimpiya Oyunları ilə bağlı boykot qərarı Azərbaycan hakimiyyətinin avtoritar siyasətinə münasibətdə etinasızlıq mərhələsinin başa çatdığını göstərir. Hakimiyyət anlamalıdır ki, demokratiyanın pozulması istiqamətində atdığı hər bir addıma görə beynəlxalq səviyyədə bədəl ödəyəcək. Kramerin ”Azərbaycan hakimiyyətinin bu addımları ABŞ-a meydan oxunmasıdır” deməsi ona işarədir ki, Bakının bu addımları cavabsız buraxılmamalıdır. Bu addımların cavabsız buraxılması ABŞ-ın maraqlarına və imicinə zərbə vurur. Artıq Azərbaycan hakimiyyətinin atdığı addımlara cavab verilməsi üçün beynəlxalq ictimai rəyin hazırlanması prosesi sürətlənib. Azərbaycan hakimiyyəti geriyə addım atmayacaqsa, biz ölkəmizə münasibətdə sanksiyaların reallaşmasını görəcəyik”.
Xəyal



