Hakimiyyətin Qarabağ “sevgisi”

Yaxud ən ağrılı problemə ağrısız münasibət

Dövlət başçısı Ilham Əliyev hər il dekabrın 31-də Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqını təbrik edir. 11 illik hakimiyyət dönəmində bu təbriklərin bir neçəsi canlı, əksəriyyəti isə “zapis” olub. Həmişə analoqsuz inkişaf, yoxsulluğun səviyyəsinin azalması, əhalinin “firavan” həyatı, quruculuq işləri və s. önə çəkilib. Eyni zamanda Qarabağ probleminin həlli ilə bağlı görülən işlərlə bağlı hesabat verilib. Heç nə dəyişməsə belə. Qarabağ problemi ilə bağlı son 5 ildə deyilənlərə ekskurs etməklə hakimiyyətin hansı “uğurlara” imza atdığını göstərmək istədik. Burada diqqət çəkən xeyli məqamlar var. Son təbrikdə əvvəlkilərdə olan qəzəb duyulmur… Yeri gəlmişkən, bu 5 ildə korrupsiyadan da danışılıb, deyilənləri bir daha yada salmaq faydasız olmaz. Beləliklə,

31 dekabr 2014

…Ancaq əfsuslar olsun ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bu il də öz həllini tapmamışdır. Buna səbəb Ermənistanda kriminal, qanlı diktatura rejiminin mövcudluğudur. Ermənistan sülh istəmir. Bütün səylərini ona qoyub ki, sülh danışıqları aparılmasın, yaxud da ki, imitasiya naminə aparılsın. Bu il vasitəçilər fəallıq göstərmişdilər, bunu biz qeyd etməliyik. Rusiya, Amerika, Fransa – bu ölkələrin rəhbərləri ardıcıllıqla avqust, sentyabr, oktyabr aylarında üçtərəfli görüşlər keçirmişlər. Mən bunu yüksək qiymətləndirirəm və bu ölkələrə minnətdaram. Ancaq Ermənistan bu görüşlərdə özünü səmimi aparmamışdır. Bundan əlavə, Paris görüşündən iki həftə keçməmiş işğal edilmiş torpaqlarda genişmiqyaslı hərbi təlimlərə başlamışdır. Bu təlimlərin bir məqsədi var idi – Azərbaycanı provokasiyaya çəkmək, təxribat törətmək və danışıqlar prosesinə zərbə vurmaq. Eyni hadisəni biz yay aylarında görmüşdük. O vaxt da erməni təxribatçı qrupları Azərbaycan mövqelərinə hücum çəkmişdilər. Ancaq Azərbaycan Ordusu onlara layiqli cavab vermişdir, 50-dən çox işğalçı məhv edilmişdir. Bu ilin sonlarında da buna oxşar hadisə baş vermişdir. Yenə də Azərbaycan Ordusu düşmənə layiqli cavab verərək onu yerinə oturtdu. Işğalçı dövlət bilməlidir ki, qüdrətli Azərbaycan Ordusu istənilən vaxtda öz ərazi bütövlüyünü bərpa edə bilər. Sadəcə olaraq biz hələ ümid edirik ki, danışıqlar prosesi müsbət nəticə verə bilər və bu ümidi gücləndirən amillər kifayət qədər çoxdur. Bizim siyasi gücümüz, iqtisadi potensialımız, qüdrətli ordumuz var.

Gələn il ordu quruculuğuna, ordumuzun inkişafına 5 milyard dollara yaxın vəsait ayrılacaq ki, bu da yoxsul, dilənçi Ermənistanın ümumi büdcəsindən iki dəfədən çoxdur…

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yalnız beynəlxalq hüququn norma və prinsipləri əsasında öz həllini tapa bilər. BMT Təhlükəsizlik Şurasının qətnamələri icra edilməlidir. Işğalçı qüvvələr Azərbaycanın işğal edilmiş torpaqlarından çıxarılmalıdır, ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. Bu, əsas prinsiplərdir. Biz bu prinsiplər əsasında istənilən müqavilənin imzalanmasına hazırıq.

*Korrupsiya və rüşvətxorluğa qarşı ciddi mübarizə aparılır. 

31 dekabr 2013

…Əfsuslar olsun ki, dünyada beynəlxalq hüquq normaları pozulur. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması bunu bir daha göstərir. Əfsuslar olsun ki, bizim torpaqlarımız uzun illər işğal altındadır. Beynəlxalq təşkilatların qərar və qətnamələri icra edilmir. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi vardır ki, erməni işğalçı qüvvələrinin işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılmasını tələb edir. Ancaq Ermənistan buna məhəl qoymur. ATƏT, Avropa Parlamenti, Avropa Şurası, Islam Əməkdaşlıq Təşkilatının da bu məsələ ilə bağlı qərar və qətnamələri vardır. Ancaq əfsuslar olsun ki, onlar icra edilmir.ÿ

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Başqa variant ola bilməz. Azərbaycan heç vaxt imkan verməyəcək ki, bizim torpağımızda ikinci süni erməni dövləti yaradılsın. Əminəm ki, ölkəmizin ərazi bütövlüyü bərpa ediləcəkdir və işğal edilmiş bütün torpaqlarda Azərbaycan vətəndaşları yaşayacaqlar. Gələcəkdə isə azərbaycanlılar bütün tarixi torpaqlara qayıdacaqlar. Mən buna əminəm, buna şübhə etmirəm… ÿ

Ordu quruculuğu işində böyük uğurlarımız vardır. Azərbaycan Ordusu bu gün dünyanın güclü orduları sırasındadır… Ölkəmizin hərbi potensialı kifayət qədər güclüdür. Ən müasir texnika, silah-sursat alınır. Azərbaycanda müasir hərbi məhsullar istehsal olunur…

*Cəmiyyəti ən çox narahat edən korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə 2013-cü ildə daha böyük miqyasda aparılmışdır.

31 dekabr 2012

…2012-ci ildə məcburi köçkünlərin problemlərinin həlli üçün çox böyük işlər görülmüş və 20 min köçkün yeni mənzillərlə, evlərlə təmin edilmişdir. Gələn il 20 mindən artıq köçkünün yaşayış şəraiti yaxşılaşdırılacaq və beləliklə, Dövlət proqramının icrası nəticəsində biz köçkünləri, bizim soydaşlarımızı gözəl şəraitlə təmin edəcəyik. Ancaq, əlbəttə, biz torpaqlarımız işğalçılardan azad olunandan sonra bu gün hələ də işğal altında olan torpaqlarda yeni binalar, qəsəbələr, şəhərlər salacağıq ki, vətəndaşlarımızı gözəl şəraitlə təmin edək. Mən əminəm ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcəkdir.

Bizim gücümüz artır, həm iqtisadi sahədə, həm hərbi sahədə. Beynəlxalq mövqelərimiz möhkəmlənir.

2012-ci ildə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində çox ciddi siyasi hadisələr baş vermişdir. Mən ilk növbədə, bu məsələ ilə məşğul olan Minsk qrupunun həmsədr ölkələrinin dövlət başçılarının bəyanatını qeyd etmək istəyirəm. O bəyanatda deyilmişdir ki, status-kvo qəbuledilməzdir. Yəni, bu onu göstərir ki, artıq heç kim, hətta bu məsələ ilə məşğul olan vasitəçilər, funksiyaları öz üzərinə götürən ölkələr də bu işğalla, bu vəziyyətlə barışmaq istəmir. Status-kvonun dəyişdirilməsi işğala son qoyulması deməkdir.

Eyni zamanda, 2012-ci ildə Azərbaycanın qoşulduğu Qoşulmama Hərəkatının zirvə toplantısında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı çox tutarlı və ədalətli qətnamə qəbul edilmişdir. Həmin qətnamədə deyilir ki, bu münaqişə yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır.

Eyni zamanda, 2012-ci ildə NATO-nun zirvə görüşündə də qəbul edilmiş qətnamədə Ermənistan-Azərbaycan münaqişəsinin ərazi bütövlüyü əsasında həll edilməsi haqqında məsələ qoyulmuşdur. Yəni, Qoşulmama Hərəkatında və NATO-da birləşən ölkələr dünya birliyinin mütləq əksəriyyətini təşkil edir və bu ölkələrin mövqeyi birmənalıdır: Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir. Münaqişənin başqa həlli yoxdur.

Onu da qeyd etmək və bir daha demək istəyirəm ki, Azərbaycan heç vaxt öz əzəli torpağında ikinci qondarma erməni dövlətinin yaradılmasına imkan verməyəcəkdir. Bugünkü Ermənistan tarixi Azərbaycan torpaqlarında yaranmışdır. Bu tarixi biz yaxşı bilirik. Irəvan xanlığı, Zəngəzur, Göyçə mahalı – bütün bunlar bizim tarixi torpaqlarımızdır. Azərbaycan torpağında ikinci erməni dövlətinin yaradılması heç vaxt mümkün olmayacaqdır. Azərbaycan heç vaxt buna imkan verməyəcəkdir. Dağlıq Qarabağa heç vaxt müstəqillik verilməyəcəkdir. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcəkdir və bu gün işğal altında olan bütün şəhərlərdə, o cümlədən Şuşada, Xankəndidə Azərbaycan bayrağı dalğalanacaqdır.

Mən hesab edirəm ki, 2013-cü ildə vasitəçilər tərəfindən məsələnin həlli ilə bağlı daha konkret təkliflər verilməli və işğalçı məcbur edilməlidir ki, işğal edilmiş torpaqlardan tezliklə çıxsın…

Azərbaycan Ordusu Cənubi Qafqazın ən böyük qüvvəsidir. Ordunun inkişafı üçün bütün lazımi tədbirlər görülür. 2012-ci ildə böyük miqdarda hərbi texnika, silah-sursat, təyyarələr, helikopterlər, artilleriya qurğuları, hava hücumuna qarşı qurğular gətirilmiş, eyni zamanda, daxildə 40-dan yuxarı sənaye müəssisəsində hərbi təyinatlı məhsulların istehsalı təşkil edilmişdir.

Biz ordumuzu 2013-cü ildə daha da gücləndirəcəyik. Ordumuza xərclənən vəsait Ermənistan büdcəsindən 50 faiz çoxdur və bundan sonra da bu istiqamətdə məqsədyönlü, hərtərəfli siyasət aparılacaqdır ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi tezliklə öz həllini tapsın, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etsin.

*Korrupsiyaya qarşı mübarizə ilə bağlı bu təbrikdə heç nə deyilmir. 

31 dekabr 2011

…Bizi ən çox narahat edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasıdır. Azərbaycan bütün dövrlərdə, xüsusilə son dövrdə öz səylərini daha da gücləndirir. Ancaq bildiyiniz kimi, bu məsələnin həlli təkcə bizdən asılı deyildir.

Əfsuslar olsun ki, Ermənistanın qeyri-konstruktiv mövqeyi, danışıqlar prosesində göstərdiyi riyakarlıq, danışıqlardan faktiki olaraq imtina etməsi bu prosesə böyük zərbə vurmuşdur. Əfsuslar olsun ki, hələ də dünya birliyi və bu məsələ ilə birbaşa məşğul olan tərəflər birmənalı şəkildə danışıqların pozulmasında günahkarın kim olduğunu açıq demirlər.

Müsbət bəyanatlar vardır. Biz bu bəyanatları eşidirik, onları dəstəkləyirik. Xüsusilə bu il yenilik ondan ibarətdir ki, həmsədr ölkələr status-kvonun qəbuledilməz olduğu haqqında dəfələrlə bəyanatlar vermişlər. Biz bu bəyanatları dəstəkləyirik. Ancaq bəyanatlardan sonra konkret addımlar atılmalıdır. Əfsuslar ki, bu addımlar atılmır.

Biz diplomatik və siyasi səylərimizi davam etdirəcəyik. Danışıqlarda bizim prinsipial mövqeyimiz vardır. Biz bu mövqedən bir addım geri çəkilməyəcəyik. Dağlıq Qarabağ əzəli, tarixi Azərbaycan torpağıdır. Beynəlxalq birlik, Birləşmiş Millətlər Təşkilatı Azərbaycanın ərazi bütövlüyünü tanıyır, dəstəkləyir. Dağlıq Qarabağ beynəlxalq birlik tərəfindən Azərbaycanın ərazisi kimi tanınır. Münaqişə məhz bu prinsiplər üzərində öz həllini tapmalıdır. Ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. Işğalçı qüvvələr işğal edilmiş bütün torpaqlardan çıxarılmalıdır. Azərbaycan vətəndaşları işğal edilmiş bütün torpaqlara, o cümlədən Dağlıq Qarabağa, Şuşaya qayıtmalıdırlar. Ancaq ondan sonra uzunmüddətli sülh təmin edilə bilər. Biz heç vaxt imkan verə bilmərik ki, ikinci dəfə əzəli Azərbaycan torpağında ikinci qondarma erməni dövləti yaradılsın. Bu, bizim prinsipial mövqeyimizdir. Bir daha demək istəyirəm ki, bu mövqe həm tarixə, həm hüquq normalarına, həm də ədalətə əsaslanır.

Bununla bərabər, biz iqtisadi sahədə olduğu kimi, hərbi sahədə də köklü islahatlar aparırıq. Bizim hərbi gücümüz, hərbi potensialımız artır. 2011-ci ildə hərbi xərclərimiz 3 milyard dolları keçmişdir. Bu, Ermənistanın bütün xərclərindən çoxdur.

Gələn il hərbi xərclər yenə də artacaqdır. Ən müasir silahlar, texnikalar, döyüş təyyarələri, döyüş helikopterləri, sursatlar gətirilir və gətiriləcəkdir. Bununla bərabər, bir neçə il bundan əvvəl yaradılmış Müdafiə Sənayesi Nazirliyinin xətti ilə Azərbaycanda artıq 600 növ hərbi yönümlü məhsullar istehsal edilir. Biz gələcəkdə də hərbi potensialımızı gücləndirmək üçün səylərimizi əsirgəməyəcəyik. Bu gün Azərbaycanın hərbi potensialı bizə imkan verir ki, doğma torpaqlarımızı işğalçılardan istənilən yolla azad edək. Sadəcə olaraq, danışıqlara hələ ki, ümidlərimiz tükənməyib və bu danışıqlar hələ ki, davam etdirilməlidir.ÿ

*Korrupsiyaya, rüşvətxorluğa qarşı amansız mübarizə aparılır. Biz bu mübarizənin gözəl nəticələrini görürük. Gələcək illərdə bu mübarizə daha da məqsədyönlü və ciddi olmalıdır. Bütün lazımi göstərişlər verilmişdir. Bir sözlə, biz müasir dövlət qururuq. Dərin milli mənəvi dəyərlər, köklər üzərində müasir, dünyəvi, gələcəyə inamla baxan dövlət qururuq. Bu proses uğurla davam edir.

31 dekabr 2010

2010-cu ildə Avropa Parlamenti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair çox əhəmiyyətli və ədalətli qətnamə qəbul etmişdir. Beləliklə, münaqişənin həlli ilə bağlı gedən işlərdə bizim siyasi və diplomatik mövqelərimiz daha da möhkəmləndirilmişdir.ÿ

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli bizim üçün ən başlıca vəzifədir, ən böyük problemdir. Biz çalışırıq ki, məsələni sülh yolu ilə, danışıqlar yolu ilə həll edək. Azərbaycan öz tərəfindən bütün səyləri göstərir ki, bu məsələ tezliklə həll olunsun. Beynəlxalq birlik tərəfindən tanınmış ərazi bütövlüyümüz bərpa olunsun. Bizim ərazi bütövlüyümüzün bərpası mütləq baş verməlidir. Azərbaycan heç vaxt bu vəziyyətlə barışmayacaq, heç vaxt bizim əzəli torpağımız olan Dağlıq Qarabağda ikinci erməni dövlətinin yaradılmasına icazə verməyəcəkdir. Biz hamımız yaxşı bilirik ki, bugünkü Ermənistan dövləti tarixi Azərbaycan torpaqlarında yaradılıbdır. Irəvan xanlığı, Zəngəzur mahalı, digər bölgələr bizim tarixi torpaqlarımızdır. Ikinci erməni dövlətinin Azərbaycan torpağında yaradılmasına Azərbaycan dövləti və Azərbaycan xalqı heç vaxt icazə verməyəcəkdir. Bu münaqişə yalnız beynəlxalq hüquq normaları əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Dağlıq Qarabağda yaşayan əhali və ora qayıdacaq azərbaycanlılar muxtariyyət statusu çərçivəsində yaşayacaqlar və bu, məsələnin həlli üçün yeganə variantdır.ÿ

*Korrupsiyaya qarşı mübarizə ilə bağlı bu təbrikdə heç nə deyilmir.

“Azadlıq”