Ötən il mətbuata basqılar pik həddə çatdı

Arif Əliyev: «Azərbaycanda KIV-lər müstəqil şəkildə özünü maliyyələşdirmək imkanından məhrumdur»

Azərbaycan hakimiyyətinin azad mətbuata qarşı hücumu 2014-cü ildə də davam etdi. Daha doğrusu 2014-cü il də bu hücumlar pik hədd çatdı. Həm tanınmış jurnalistlər həbs olundu, həm də nüfuzlu media orqanları sıradan çıxarıldı. Hakimiyyətin nəzarətində olan qəzet və saytlar isə hökumətin dəstəyi ilə  fəaliyyətlərini davam etdirdilər.

Hakimiyyət KIV-ə dəstək üçün KIVDF yaratsa da, ölkə başçısı “jurnalistlərin dostu” seçilsə də, nəticələr bunun əksini göstərdi. Yəni söz aazadlığına qarşı düşmən münasibət ortaya qoyuldu.  “Azadlıq” qəzetinə basqılar artdı, “Ayna-Zerkalo” qəzeti bağlandı, “Azadlıq” radiosunun Bakı ofisi möhürləndi, “mediaforum” saytı fəaliyyətini dayandırmağa məcbur oldu. Adlarını sadaladığımız bu media orqanları ictimai rəydə çəkisi olan, oxucu auditoriyası qazanmış qurumlardı. Bu baxımdan 2014-cü ili azad mətbuatın “ölüm” ili də adlandırmaq olar.

“Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev də hesab edir ki, 2014-cü il mətbuat sahəsində böhranlı il oldu. Ekspertin fikrincə, Azərbaycanda heç bir media orqanı müstəqil şəkildə özünü saxlamağa qadir deyil: “Uzun illər davam edən böhran ötən il daha açıq şəkildə ifadə olundu. KIV-lərin, o sıradan medianın hüquqları ilə məşğul olan təşkilatların fəaliyyətinin dayandırılması ən böyük qiymətdir. ”Ayna-Zerkalo”, “Azadlıq” radiosu, “mediaforum”  KIV-in aparıcı dəstəsinə daxil idi və onların fəaliyyətinin dayandırılması ölkədəki azad mətbuatın məhdudlaşdırılması deməkdir. Əsas faktor bundan ibarətdir ki, Azərbaycanda KIV-lər müstəqil şəkildə özünü maliyyələşdirmək imkanından məhrumdur. Ya dövlət fondundan, ya hansısa ianələr, ya da müəyyən kommersiya qurumlarından maliyyə yardımları olmalıdır. Mənim üçün əsas baza prinsipi budur. Jurnalistlərin həbsi, qanunvericiliyin sərtləşdirilməsi də ağır vəziyyətdən xəbər verir. Amma əsas olan mətbuat orqanının öz hesabına yaşaya bilməsidir. Bu isə Azərbaycanda mümkün deyil. Ona görə də tam müstəqillikdən söhbət gedə bilməz”.

Akif