Putin 2015-ə duruş gətirə biləcəkmi?

Ekspertlər hesab edir ki, Kasyanovun proqnozları gerçəkləşə bilər

Rusiyanın keçmiş baş naziri Mixail Kasyanovun ölkəsini dərin böhran gözlədiyinə dair xəbərdarlığı bir sıra məqamları üzə çıxarır. Qeyd edək ki, onun sözlərinə görə, ölkənin sonu lap yaxındadır: “Ölkə dərin böhran qarşısındadır.

Mən bunu hiss edirəm. Ona görə də deyirəm ki, insanlar küçələrə çıxıb vəziyyətin dəyişməsini tələb edəcək və biz də buna yardım edəcəyik. Mən 2015-ci ilin əhəmiyyətli və tarixi il olacağını düşünürəm”.

Rusiyada baş verənlərin fonunda vaxtilə mühüm post tutan şəxsin belə bir açıqlamanı verməsi birmənalı dəyərləndirilmir. Bəs eks-baş nazirin proqnozunun reallaşması nə dərəcədə inandırıcıdır?

Politoloq Vəfa Quluzadə bildirdi ki, Kasyanovun açıqlaması Rusiyadakı durumu tam çılpaqlığı ilə göstərir. V.Quluzadənin sözlərinə görə, əhali maddi cəhətdən təmin olunursa, o, ölkədə onu qane etməyən bir çox məqamlarla barışır. Amma ölkənin, əhalinin maddi vəziyyəti çətinə düşən zaman cəmiyyətdə qorxu hissi itir: “Əhali vəziyyət çətinləşən zaman düşünməyə başlayır ki, nə səbəbdən onlar bu vəziyyətə düşüblər. Ona görə Kasyanov düşünür ki, Rusiya hələ yenicə iqtisadi böhrana yuvarlanır. Və bu böhran öz pik nöqtəsinə 2015-ci ildə çatacaq. O zaman da əhali küçələrə çıxacaq. Əhali görsə ki, məhz Putinin avantürası nəticəsində ölkəyə iqtisadi sanksiyalar tətbiq olunub, o zaman toplum etiraz edəcək ki, nə səbəbə müharibəyə başlayırdız. Ruslar hazırda etiraz edirlər. Onlar bəyan edir ki, onlara Krım deyil, məvacibləri lazımdır. Çünki rublun məzənnəsinin düşməsi nəticəsində onlar əmək haqlarının yarısını itiriblər”.

Politoloqun fikrincə, Rusiyada kütləvi etirazı təşkil etmək üçün böyük potensial var. “Vəziyyət korlanan zaman heç bir polis yüz minlərlə adamın qarşısına çıxmayacaq. Kasyanov bunu nəzərdə tutur”, deyə V.Quluzadə vurğuladı. 

Rusiyadakı durumun iqtisadi tərəfinə iqtisadçı Nemət Əliyevlə aydınlıq gətirdik N.Əliyev bildirdi ki, keçmiş baş nazirin Rusiyanın yaxın perspektivi ilə bağlı söylədiyi fikirlər reallığa çox yaxındır. Rusiyanın böyük ölkə olmasına baxmayaraq dünya üzrə istehsal olunan ÜDM-də 2-3 faiz payı olduğunu deyən N.Əliyev söylədi ki, halbuki ABŞ və Avropa Birliyində bu göstərici 44 faizdir. Bu isə böyük iqtisadi güc deməkdir: “Bu gün Rusiya ətrafında baş verənlər daha çox ABŞ və Avropa Birliyinin birgə koordinasiya olunmuş siyasəti kimi görsənir. Rusiya eyni zamanda hərbi baxımdan da Qərbdən geri qalır. Rusiya iri dövlət olsa da, hazırda həm iqtisadi, həm də siyasi gücünü itirib. Ukraynada baş verənlərə görə Rusiya dünya dövlətlərinin gözündən salınmış vəziyyətdədir”.

N.Əliyev bildirdi ki, hazırda Rusiyanı yerində “otuzdurmaq” qərarı olduğundan Kremlin çıxış yolu yoxdur. Yeganə yol yürüdülən siyasətin dəyişməsidir. N.Əliyev hesab edir ki, neftin qiymətinin aşağı düşməsinin fonunda neftdən asılı Rusiya zəif duruma düşüb. “Ona görə Kasyanovun proqnozları bu il üçün gerçəkləşə bilər. Yeganə çıxış yolu Rusiyadakı hakim rejimin dəyişməsidir”, deyə N.Əliyev vurğuladı.

Xəyal