Azərbaycan hökuməti gürcü xalqı ilə hesablaşır, öz xalqını isə saymır

Hökumətlə məsələ aydındır, xalqı saymır, bəs biz niyə imkan veririk ki, bizimlə belə hörmətsiz rəftar etsinlər?

Ölkədəki bahalaşmadan, hökumətin yarıtmaz siyasəti nəticəsində xalqımızı gözləyən sosial problemlərdən ətraflı yazmaq fikrindəyəm. Amma bir məsləni ayrıca yazmaq istədim.

Bilirsiniz ki, neftin qiyməti düşdüyündən bütün dünyada benzin də ucuzlaşır. Hətta bizim ARDNŞ (SOCAR) da bu tendensiyanı nəzərə alıb, Gürcüstanda satdığı benzinin qiymətini aşağı salıb. Azərbaycanda isə hökumət nəinki benzinin qiymətini aşağı salır, əksinə ölkə daxilində istehsal edilən avtomobil benzininin, dizel yanacağının və maye qazın qiymətinin (müxtəlif bəhanələrlə) artırılacağını rəsmən anons edib.

Əziz həmvətənlər, təkcə bu fakt sübut etmirmi ki, ölkədə demokratiyanın, azadlıqların olmaması yalnız mənəvi, siyasi məsələ deyil, həm də hər birimizin ailə büdcəsinə təsir edən ciddi sosial–iqtisadi problemdir. Deməli, bizim hökumət özü də gürcü xalqını xalq kimi qəbul edir, onunla hesablaşır, öz xalqımızı isə saymır, onu hələ də təbəə hesab edir. Hökumətlə məsələ aydındır. Gəlin, öz məsuliyyətimiz haqda düşünək. Biz niyə imkan veririk ki, hökumət xalqımızla belə saymazyana, hörmətsiz rəftar etsin?