Böyük imtinaların qazancı

Fransız iqtisadçısı Tomas Pikettinin hökumətinin verdiyi “Şərəf Legionu” ordenindən imtina etməsini yeni ilin ən pozitiv xəbəri sayıram. Insanlığın get-gedə dəyərsizləşərək təmənnaya, ələbaxımlığa, asılılığa, acgözlüyə alışdırıldığı bir dünyada belə cəsarətli imtinaları görmək nə qədər xoşdur! Həm də bu addımı atan Fransa kimi böyük bir Avropa ölkəsinin ünlü adamıdır. Tarixə ikinci “Kapital” əsərinin müəllifi kimi adını yazdırıb. Məşhur alimin elmi qədər də dəyərli əsaslandırması var imtinayla bağlı: “Mükafatdan imtina etdim, çünki kimin şərəfli olmasını müəyyən etmək səlahiyyətinin dövlətin əlində olmadığını düşünürəm. Fransa və Avropadakı inkişafa daha çox istiqamətlənsələr yaxşıdır”. 

Pikketi “Kapital” əsəri ilə artıq dünyada xeyli populyarlıq qazanmış elm adamıdır. Hazırda həmin kitab dünyada ən çox satılan iqtisadi nəşrlər sırasında yer alır. Heç şübhəsiz ki, bu imtinasıyla onun adı öz ölkəsinin tarixində dünya şöhrətli fransız yazıçısı Can Pol Sartrdan sonra ikinci şərəfli insan olaraq qalacaq. Bilirsiniz, Sartr da bənzər səbəblər üzündən Nobel mükafatından imtina etmiş və bunun səbəblərini geniş bir məktubla açıqlamışdı.

Iş ondadır ki, solçu siyasi baxışları ilə tanınan Pikketi çıxışlarında prezident Fransua Olandı ən çox tənqid edənlərdən biridir. Alim öz ölkəsində həmin ordeni ən çox haqq edən şərəfli insanlardan biri olsa da, imtinasında əsaslı deyilmi? Həmin mükafatı qəbul edən ziyalının ölkə prezidentini eyni cəsarətlə tənqid etməsi inandırıcı görünürmü? Bilmirəm, bəlkə bu, hansısa inkişaf etmiş qərb ölkəsində mümkündür. Amma öz şahid olduqlarımızdan çıxış edərək deyə bilərəm ki, bizdə belə şeyə görə adamı doqquz kənddən qovarlar. Maraq üçün bizdə eyni adlı orden alanları bir anlığa xəyalınızdan keçirin. Onlardan hansı belə bir qətiyyətin sahibi ola bilər, sizcə? Hələ gör nə qoyub, nə axtarırıq. Bu ölkədə hökumətin orden, medal, təqaüd, ev, qrant siyahılarına düşmək üçün adamların hansı yollara baş vurduğunu xatırlasanız! Məgər o siyahılardan bəhrələnən bəzi “şanslıların” sonradan necə çirkin məqsədlərlə istifadə olunmasını bilmirik hamımız?  Müvəqqəti bir imtiyaz və ya kiçik bir maddi qazanc üçün ölkə insanının hara qədər alçaldıldığını necə?  Bütün bunların yaşadığımız ölkənin gerçəkləri sırasında yer alması, nə qədər acınacaqlıdır, deyilmi?

Mükafat demişkən… Şanlı hökumətimiz ilin KIV-ə Dəstək Fondu layihəsi çərçivəsində yeni qrant mükafatlarını bölüşdürüb. Pay-püşk keçənilki qaydada aparılıb. Siyahıda məmə yeyəndən pəpə yeyənə qədər hamının adı var, demək olar ki. Gündəlik iki cüt, bir tək qəzet satanı da, ayda iki cüt, bir tək qəzet çıxaranı da. Yəni hökumətə dəstək layihəsi öz sahiblərini layiqincə tapıb. Gözləndiyi kimi, “Azadlıq” qəzeti yenə kənarda qalıb. Məlum xətdən kənara çıxdığına, hökumətin və prezidentin üzünə ağ olduğuna görə cəzasını alıb. Siyahıda onun adı yoxdur və yəqin ki, daha heç vaxt olmayacaq. Ən populyar və ən kasıb qəzetin yazarı kimi, bu maddi yardımdan kənarda qalmağın nə demək olduğunu yaxşı anlayıram. Lakin bu heç də imtinaların pozitiv bir şey olduğu haqqında qənaətimi dəyişmir. Əgər hökumətin o bəxşişi həqiqətən, azad sözü susdurmaq üçün nəzərdə tutulubsa, biz öz imtinamızda Pikketi qədər haqlı və əsaslıyıq. Qoy bu gün o sədəqəni hər şərti öhdəsinə götürənlər alsın. Amma yenə də mənəvi azadlıq və həqiqət hər şeydən gözəldir. Çünki nə olur-olsun, o dəyərlər naminə böyük imtinalar edən insanlar qazanır sonunda…