Hakim diskin “içindəkilərə” baxmadan işi icraata götürüb və ekspertiza təyin edib
Yasamal rayon məhkəməsində Milli Şuranın komissiya sədri Gültəkin Hacıbəyliyə qarşı xüsusi ittiham qaydasında şikayət üzrə növbəti məhkəmə iclası keçirilib. Məhkəmənin bu mərhələsi sübutların araşdırılmasına həsr olunub. G.Hacıbəyli məhkəməyə təqdim edilən sübutları yenidən hakimin diqqətinə çatdırıb.
Aynur Mehdiyevanın barəsində qanuni qüvvəyə minmiş məhkəmə hökmündə onun qurbanı filippinli qadınla qəddar, qeyri-insani, şəxsiyyətini, ləyaqətini alçaldan, zorakı bir şəkildə davranması, onu aldatması, işgəncə verməsi, istismar etməsi və s. əməlləri törətməklə iki ağır cinayətə görə – insan alveri və əməyin istismarı cinayətlərinə görə məhkum edilməsi öz əksini tapmışdı. Eyni zamanda G.Hacıbəyli A.Mehdiyevanın saxlanması, tutulması, barəsində həbs-qətimkan tədbirinin seçilməsi, insan alverçisi olması ilə bağlı Gün.az, Teleqraf.com, strategiya.az, moderator.az, azadlıq.info, editor.az və s. saytlarda geniş tirajlanmış məlumatları yenidən məhkəmənin diqqətinə çatdırıb. Bu saytlarda məlumatların məhz Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən yayımlandığı açıq şəkildə göstərilir. Azadlıq.info və Gun.az saytlarının rəhbərləri Rahim Hacıyev və Emin Quliyev vəkil sorğusuna cavab olaraq Aynur Mehdiyevanın saxlanması xəbərinin DİN-ə istinadən yaydıqlarını təsdiq ediblər və bu barədə arayışlar məhkəməyə təqdim olunub. “Bütün bunlardan sonra, KİV-lərin DİN-ə istinadən yaydığı və bügünədək təkzib olunmayan məlumatlardan sonra mən haradan bilməli idim ki, DİN yalan məlimatlar yaymaqla məşğuldur? Aynur Mehdiyeva iddia edir ki, bu ölkədə hər kəs Daxili İşlər Nazirliyinin yalnız və yalnız yalan məlumatlar yaydığını bilir, mən isə bunu bilmədiyim üçün məsuliyyət daşımalıyam?” deyə G.Hacıbəyli məhkəməyə müraciət edib. G.Hacıbəyli Aynur Mehdiyevanın millət vəkili və hakim olmadığı halda hansı əsasla toxunulmazlıq statusuna iddia etməsi, bu səbəbdən də hətta ağır cinayətlər törətdiyi halda belə saxlanıla bilməməsi haqqında qarşı tərəfin məhkəməyə heç bir sübut təqdim etmədiyini deyib: “Baş redaktorlar məlumatları özləri yaydıqlarını rəsmi arayışlarla təsdiq edirlər, ilkin mənbə nəinki məhkəməyə verilmir, heç təkzib tələb etmirlər, mən nədən sorğulanıram?”.
Daha sonra G.Hacıbəyli Mahmud Mehdiyevin 3 dəfə evli, 7 dəfə nişanlı olması barədə xəbərlərin də 17 may 2013-cü il tarixində bir çox KİV-lərdə tirajlanmasına aid sübutlara diqqət çəkib. O, eyni zamanda Ədliyyə Nazirliyinin həyata keçirdiyi linqvistik ekspertizanın da onun fikirlərində heç bir təhqir, şərəf və ləyaqəti ləkələyən ifadə olmadığını müəyyən etdiyini bildirib: “Belə olan halda, hansı böhtandan söhbət gedə bilər? “Pis idimsə niyə yalvarırdın ki getməyim” ya “məndən maddi cəhətdan asılı idi” ifadələrinə görə cinayət işi açarlar? Böhtan Mahmud Mehdiyevin mətbuat konfransında səsləndirdiyi fikirlərdir. Orada konkret ağır və xüsusilə ağır cinayətlərdə ittiham da var, ağır təhqir də. Məhz o ifadələr cinayət tərkibi yaradır, mənim dediklərim yox”.
G.Hacıbəyli Mehdiyevlərin məhkəmə prosesi boyu dəfələrlə bilavasitə işin mahiyyəti ilə bağlı yalan ifadə verdiklərini, habelə onu və vəkillərini təhqir və təhdid etdiklərini, bu halların hər biri ilə bağlı xüsusi qərardadın çıxarılması haqqında vəsatət verildiyini və əslində, onun yox, bu hallara yol vermiş Mehdiyevlərin cinayət məsuliyyətinə cəlb edilməli oldğunu hakimin diqqətinə çatdırıb. Hakim G.Hacıbəylinin bütün sübutları proses boyu məhkəməyə təqdim etdiyini təsdiqləyib.
Sonra sübutları təqdim etmək üçün söz ittiham tərəfinə verilib. M.Mehdiyev məhkəməyə hansısa kağızlar təqdim etmək istəyib. G.Hacıbəylinin vəkili buna etiraz edib və ittiham tərəfinin bütün sübutları hazırlıq iclası bitənədək təqdim etməli olduğunu, məhkəmənin yekunlaşdığı mərhələdə yeni sübutların təqdim edilməsinin, ittihamın həcminin dəyişdirilməsinin yolverilməz olduğunu bildirib. O, sübutların qaytarılmalı olduğu barədə vəsatət verib. Hakim Sərdar Mehrəliyev Mehdiyevin təqdim etdiyi kağızları geri qaytarıb. Sonra məlum olub ki, M.Mehdiyev məhkəməyə öz çıxışını sübut kimi təqdim etmək istəyirmiş. Müdafiə tərəfi buna etiraz edib və bildirib ki, bu mərhələdə yalnız konkret sübutlar araşdırılır. G.Hacıbəydi deyib: “Məhkəmə prosesi ərzində ittiham tərəfi bizə bir sübut belə təqdim etməyib. Mahmud Mehdiyevin çıxışı sübut sayıla bilməz. Biz məhkəmə çıxışları mərhələsinə keçməmişik. Mahmud Mehdiyevin sübutu olmadığı üçün məhkəməni yayındırır”.
M.Mehdiyevin “mən sənə göstərcəm sübutları” kimi qeyri-etik davranışına hakim irad bildirib, eyni zamanda yerdən icazəsiz müdaxilələrinə görə ona sonuncu xəbərdarlıq edib.
Hakim M.Mehdiyevə izah edib ki, bu çıxışı indiki mərhələdə edə bilməz. İttiham tərəfinin sübutu olmadığı üçün Mehdiyev müdafiə tərəfinin təqdim etdiyi sübutlarla bağlı fikrini bildirib. O deyib ki, media DİN-ə istinadən A.Mehdiyevanın saxlanması xəbərini yaysa da, baş redaktorlar bunu rəsmi qaydada təsdiqləsə də, G.Hacıbəyli bunun yalan olduğunu bilməli idi, çünki zərərçəkənin nümayəndəsi Əlövsət Əliyevi tanıyırdı, Əlövsət müəllim bunu ona deməli idi. Bu fikir zalda gülüşlə qarşılanıb. G.Hacıbəyli isə bildirib ki, Əlövsət müəllimlə təsadüfən, Qurban Məmmədovun məhkəməsində, oktyabrın sonlarında görüşüb, o vaxtadək onunla heç bir əlaqəsi olmayıb. Müsahibə isə 5 sentyabr tarixində dərc edilib. Bu faktı mobil telefon danışıqlarını araşdırmaqla müəyyən etmək çox asandır. Ümumiyyətlə, Ə.Əliyev ona ilk dəfə görüşdükləri oktyabr ayından sonra da heç vaxt işi, fəaliyyəti və həyatı haqqında hesabat verməyib və vermir. Sonra Mehdiyev iddia edib ki, DİN-in rəsmi açıqlamasında A.Mehdiyevanın aprel ayının 20-sindən mayın 10-adək əməyin istismarı əməli törətdiyi bildirilir. G.Hacıbəyli isə müsahibəsində bir ildən artıq müddətdən danışır. Mehdiyev bildirib ki, DİN-in açıqlaması səhv idi, işdə söhbət bir ildən artıq müddətdən gedir. Bu isə G.Hacıbəylinin işin bütün detallarını əvvəlcədən bildiyini, o cümlədən, KİV-lər DİN-ə istinadən yazsa da, A.Mehdiyevanın saxlanılmadığını bildiyini sübut edir. G.Hacıbəyli Mehdiyevin bu ittihamının da əsassız olduğunu, DİN-in rəsmi saytı ilə yanaşı, DİN-in İnsan Alverinə qarşı Mübarizə İdarəsinin rəsmi saytında Mehdiyevanın əməli barədə məlumat yerləşdirildiyini, həmin məlumatda isə A.Mehdiyevanın bir ildən artıq müddətdə Filippin vətəndaşının əməyini istismar etdiyinin göstərildiyini bildirib. Gültəkin xanım hakimə müdafiə tərəfinin hər iki rəsmi məlumatı məhkəməyə təqdim etdiyini, hətta bu barədə vəsatət verildiyini xatırladıb və hakim həmin sübutun təqdim edildiyini təsdiqləyib.
Mahmud Mehdiyev bundan sonra bildirib ki, G.Hacıbəyli jurnalistlərlə yaxın olduğu üçün KİV-lərdə yazılanlar məhkəmə tərəfindən nəzərə alınmamalıdır: “Məsələn, bir məlumatda deyilir ki, Gültəkin Hacıbəyli Moderator saytının rəhbəri Pərviz Həşimli ilə birlikdə ABŞ səfirliyində olub. Buna görə də, o, cinayət məsuliyyəti daşımalıdır”. Bu ittiham və G.Hacıbəylinin cavabı hətta hakimi də güldürüb: “Möhtərəm hakim, görürəm ittiham tərəfi sübut tapmır, ona kömək etmək istəyirəm. Səfirlikdə olmaq cinayət tərkibi yaradırsa, işə əlavə edin ki, mən iki həftə əvvəl Almaniya səfirliyiində, daha əvvəl Böyük Britaniya səfirliyində görüşlər keçirmişəm”.
Növbəti “sübut” Mehdiyevlərin ailə şəkli olub. Mahmud Mehdiyev anasının və bacısı Aynur Mehdiyevanın şəkillərinin mediada yayılmasını G.Hacıbəylinin “cinayətinin sübutu” kimi hakimə təqdim etmək istəsə də, hakim “ailə şəklinin ittihama aidiyyatı yoxdur” deməklə onu rədd edib. Daha sonra M.Mehdiyev bəyanat verib, G.Hacıbəylidən ondan əl çəkməyi tələb etdiyini deyib. Vəkil Bəhruz Bayramov Mehdiyevin yadına salıb ki, Gültəkin xanıma qarşı mətbuat konfransını o keçirib, onu məhkəmələrə o verib. Beləliklə, nə Mahmud Mehdiyev, nə də Aynur Mehdiyeva məhkəməyə ittihamı sübut edən bir fakt belə təqdim edə bilməyiblər. Mahmud Mehdiyevin məhkəmədə özünü Aynur Mehdiyevanın nümayəndəsi kimi tədqim etməsi və Mehdiyevanın adından danışması isə daha bir prosessual pozuntu idi. Belə ki, eyni bir şəxs eyni prosesdə həm xüsusi ittihamçı, həm də nümayəndə ola bilməz.
Hakim sübutların araşdırılması mərhələsinin bitdiyini elan etmək istəyərkən G.Hacıbəyli ona iş üzrə iki sübutdan biri olan diskin dinlənilməsi barədə vəsatətin təmin olunduğunu xatırladıb. Hakim diskin dinlənilməsi barədə tapşırıq verib və məlum olub ki, disk boşdur. G.Hacıbəyli ona təqdim edilmiş diskin də boş olduğunu hakimin diqqətinə çatdırıb və soruşub:
– Disk açılmırsa, ekspertiza nəyin əsasında ifadələrə qiymət verib?.
Hakim:
– Ekspertiza mənim qoyduğum suallara cavab verib.
G.Hacıbəyli:
– Möhtərəm hakim, bəs siz diski dinləmədən işi icraata necə qəbul etmisiniz? Bəlkə Mehdiyev özünün 7-8 nişan mərasimindən birini diskə yazıb sizə təqdim edib?
Sonra Mehdiyevin tələbi əsasında dəvət edilmiş mütəxəssis diskin zədəli olduğunu, buna görə də onun boş olub-plmadığını deyə bilməyəcəyini bildirib.
Vəkil Elçin Sadıqov 15 ay ərzində prosesin havadan asılı olan ittihamla davam etdiyinin rüsvayçılıq olduğunu deyib və diskin sübutlar siyahısından çıxarılması haqqında vəsatət verib: “Disk, ümumiyyətlə, boşdur. Bunu müəyyən etmək çətin deyil”.
Hakim diski işığa tutataq “Diskdə müəyyən kölgələr var. Onlardan bilmək olar ki, içində nəsə var” deyib. G.Hacıbəyli buna sərt etiraz edib: “İşi icraata heç sübuta – diskə baxmadan götürmüsünüz, məni 15 aydır diskdəki kölgələrə görə mühakimə edirsiniz?! Tələb edirəm ki, bu disk sübutlar siyahısından çıxarılsın”.
Mahmud Mehdiyev həmin verilişin “Azadlıq” radiosunun saytında və YouTube portalında olduğunu hakimə izah edib və internet vasitəsilə dinlənilməyin mümkün olduğunu deyib. Hakim onunla razılaşıb. Elçin Sadıqov buna etiraz edib: “Nə şikayətdə, nə də hazırlıq iclasında YouTube-dan söhbət getmirdi. Bu ittihamın həcmindən kənara çıxmaqdır. Disk sübut olaraq işdən çıxarılmalıdır”.
Hakim diskin sübut kimi işdən çıxarılması haqqında məhkəmə protokolu tərtib ediləcəyini və sübutlar siyahısından çıxarılacağını deyib. G.Hacıbəyli hakimə bildirib: “O zaman, bu vaxtadək işdə adı çəkilməyən YouTube şəbəkəsindəki ünvanın da sübutların qiymətləndirilməsi mərhələsində sübut siyahısına əlavə edilməsi barədə protokol tərtib etməlisiniz. Çünki işdə belə sübut olmayıb. İttihamda konkret olaraq diskdən söhbət gedir, heç bir internet ünvanı göstərilmir”.
Məhkəmə yanvarın 6-sında davam edəcək.


