Rahim Şaliyev
Kollektiv şüur bəlkə də, insanların ən böyük həyat simulyasiyasıdır. Cəmiyyətə bağlanan insanlar özlərinə uzunmüddətli yalqız yaşamağı öyrədə bilmir. Cəmiyyətdə bütün fərdlərdən ayrılmağı bacarsaq da, əks-cins nümayəndələrindən – qadınların kişilərdən, kişilərinsə qadınlardan özlərini ayrı saxlaya bilməməyi toplumda ümumi fikir aslılığının əsasını qurur. Cəmiyyət bir hörümçək toru tək bir-birinə sıx bağlıdır və insanlar bu torun saplarıdır. Tor saplardan əmələ gəlsə də, bu sapları özündən çətinliklə ayrılan hissələr kimi birləşdirir. İnsanların şəxsi dəyərləri cəmiyyət içində yoxa çıxır. Biz əsl “biz” ola bilmirik. Kütləviliyə qaçır və öz içimizdən gələn səsi axmaqlıq qəbul edərək boğmağa məcbur oluruq. Əvvəl dostlarımıza, işimizə, daha sonra ailə və uşaqlarımıza görə azad dəyərlərimizdən əl çəkirik. Cəmiyyət üzərimizdəki basqı və şantajın yaratdığı qayğılar hesabına azadlığımızı əlimizdən alır və ya birtərəfli məhdudlaşdırır. Ən yaxşı halda azadlığımızın bir hissəsini əlimizdə saxlaya bilirik. Misal üçün, iş, geyim, musiqi, kitab kimi anlayışlarda kənardan gələn basqıları məhdudlaşdırır və bütün təsəllimizi burada tapırıq. Eyni səbəbdəndir ki, bəzi insanlar kitab oxuyanda, ya hansısa işdə özlərini xoşbəxt hiss edirlər. “Məni bura bağlayan nə isə var”. Adətən dedikləri cümlə belədir və onları bura bağlayan nə sevgi, nə də maddiyatdır. İnsanların çoxu anlamır ki, sərbəstlik və həqiqi azad düşüncə əslində çox şeydən vacib və dəyərlidir.
Bilinən məsələdir ki, qədimlərdən indiyənə qədər cəmiyyətdən ayrı yaşayan insanlar olub. Lakin, onların əksəriyyəti indinin özündə belə toplum şəkilindədir və olduqları cəmiyyətin dəyərlərindən qaçaraq digər cəmiyyətin dəyərləri torunun sapına çevriliblər. Təkliyə çəkilib dəli, səfil olanlar barədə də az eşitməmişik. Belə insanların çoxu ya təbiət qarşısındakı gücsüzlüyündən fiziki olaraq məhv olur, ya da ünsiyyət böhranından fikir bolluğuna yönəlmə ciddi mənada şüurlarında dağıdıcı fırtına yaradır. Görəsən bu yolla xoşbəxtlik tapanlar olubmu? Nəzərə almalısınız ki, belə bir şey olsa belə bizim bundan xəbər tutmamız çətindir. Təkliyində xoşbəxtliyə qovuşan insanın duyğularını özündən başqa kim çözə bilər ki? Bəlkə də, dəli hesab etdiklərimiz xoşbəxtlik nöqtəsinə çatanlardı. Axı belə bir fikir var ki, “Cahillik ən böyük xoşbəxtlikdir”. Təbii ki, onlar cəmiyyətdən ayrıdırlarsa, deməli onlar üçün xoşbəxtlik meyarı da ayrı olacaqdır. Cəmiyyətdəki sap bağlandığı saplara görə özünü xoşbəxt sayırsa, tək qalmış sap bağlanmadıqlarına görə xoşbəxt olacaqdır. Cəmiyyət üçün xoşbəxtlik rahat şərait, dəbdəbə, şöhrət, qalibiyyət hislərinin vəhdətidirsə, təklik yolunu seçənlər üçün xoşbəxtlik öz daxillərindəki səsi tapmaq, həyatın axarından çəkilərək bütün kainatın memarlıq sirlərindən agah olmaqdan ibarətdir. Cəmiyyət üçün xoşbəxtlik səs-küy, izdiham, fərdlər üçün səssizlik, tanrı kimi tək olmaqdır.
Cəmiyyətdə yaşamğımızı labüd edən tərəf simulyasiyanın bizə sağ qalma, qorunma hisslərini təlqin etməsidir. Biz ən çətin anlarda nələrəsə, kimlərəsə görə yaşamaq üçün dözüm göstəririk. Reallığımızı qavramaq, simulyasiyanı başa düşmək bizə həmişə çətin olur. Çünki, həmişə simulyasyon axının daxilində oluruq. Bütün bu axından müvəqqəti ayrılmaq, reallıqla tanışmaq istəmirik. Bir də görürsüz ki, hər hansısa insan xəstəlikdən sonra cəmiyyətdən müvəqqəti ayrılır və sağalaraq yenidən cəmiyyətə qayıtdığı zaman daha səmimi, daha təmkinli və ağıllı davranır. Bunu daha çox suda olarkən qurudakı hərəkətlərimiz haqqında daha çox fikirləşməyimizə bənzədirəm. Cəmiyyətdən çəkilmə, özünə və təbiətə qapılma imkan yaradır ki, cəmiyyətdəki vəziyyətinizə kənardan baxasız, öz səhvlərinizi, reallığınızı, simulyasiya içərisindəki perespektivlərinizi daha aydın görəsiz. Cəmiyyətdən çəkilmə insanlarda əksər hallarda məcburiyyətdən, qoca yaşlarında hərəktsizlikdən, xəstəlikdən, bəzən həbs olunmaqdan olur. Amma, mən düşünürəm ki, hər bir fərd ildə ən azı bir dəfə “çəkilmə”dən istifadə etməlidir. Çəkilmə problemlərinizə real və köklü çözümlər verəcəkdir, yenidən cəmiyyətə qayıtdığınız zaman illərdir şüuraltınızda qalan “yalqız qalma” qorxusunun itdiyinə şahid olacaqsız. Rahat, təmkinli, hesablanmış hərəkətləriniz artacaq, media və kütləviliyin asılılığından qopacaqsınız, heç bir propaqanda sizə ciddi təsir göstərməyəcək. Siz, cəmiyyətdə yaşamaqla eyni zamanda öz daxili fikir azadlığınızdakı yaşamınızı da davam etdirəcəksiz.
Çəkilmə ümumi planda sizə cəmiyyətdən asılı olmadığınızı, əksinə olaraq sizin cəmiyyətin deyil, cəmiyyətin sizin bir hissəniz olduğunu sübuta yetirəcək. Müdrik yönəlmə, daxilinizdən gələn istəklərin hesabına həyatın verdiyi enerjini müsbət yönlərdə paylaşmağı kəşf edəcəksiz. Çəkilmə sizin ən həlledici anınıza çevriləcək.


