Meyxana ifaçısı Vüqar Əbdülov Bakı Estrada Teatrının rəhbəri kimi fəaliyyətə başlayıb. “Ən ali məqsədim yeni tamaşalar üzərində işləyib, bir neçə müddətdən sonra Bakı Estrada Teatrını gözəl teatrların birinə çevirmək, tanıtdırmaqdı” deyən sənətçinin bildirdiyinə görə, teatr iyunun 3-də, saat 20.00-da Yaşıl Teatrda hesabat konserti verəcək. Hesabat konsertində Elton Hüseynəliyev, Mir Kamil, Fərda Xudaverdiyev, Emil Bədəlov və meyxanaçı Rəşad Dağlı, Pərviz Bülbül, Orxan Lökbatan iştirak edəcək.
“İlk konsert olduğu üçün imkanlarımızı göstərmək istəyirik. Mədəniyyət və İncəsənət Universitetindən də tələbələr dəvət etmişik. Tamaşanın adı belədir: “Toy Nazınındı”. Ssenarisini özüm yazmışam, tərtibatı, rejissor işlərini də özüm görmüşəm. Nazı əsərin qəhrəmanıdı. Bu konsert-tamaşa ilə indiki, qondarma toylarımızın vəziyyətini göstərməyə çalışmışıq” deyən meyxanaçı Vüqar bundan sonra gündəmdə konkret meyxana ilə yadda qalmaq istəmədiyini bildirir: “İstəyirəm ki, böyük işlər görüm, böyük tamaşalar qurum…” deyən V.Əbdülov Bakı haqqında yeni klip təqdim edəcəyini də bildirib.
Növbəti saylarda Bakı Estrada Teatrının məşq prosesindən reportaj təqdim edəcəyik (YM).


