Türmələrdəki acınacaqlı durumla bağlı həyəcan təbili VİDEO

14 saylı cəzaçəkmə müəssisəsində məhbusun işgəncə altında ölümü ilə bağlı ictimai müzakirələr keçirildi

Tural Abbaslı: «31 yaşlı adamı döyə-döyə öldürürlər, sonra da utanmaz-utanmaz xalqın qarşısına çıxıb yalan danışırlar»

Bugünlərdə 14 saylı cəzaçəkmə müəssisəsində məhkumun döyülərək öldürülməsi bu sistemdəki acınacaqlı durumu yenidən gündəmə gətirib. “Siyasi Məhbuslarsız Azərbaycan” Ictimai Alyansı dünən bu məsələnin müzakirəsi üçün dəyirmi masa təşkil edib.

KXCP-nin qərargahında keçirilən tədbirdə Alyansın koordinatoru Oqtay Gülalıyev çıxış edərkən ilk növbədə Ilham Əliyevin dekabrın 29-da imzaladığı əfv sərəncamı ilə bağlı fikirlərini bölüşüb. Bildirib ki, hakimiyyətin əfv siyasəti dəyişməyib. Yüzdən artıq siyasi məhbus arasından cəmi beş nəfər tanınmış şəxsin azadlığa buraxılması Avropa Şurası Parlament Assambleyasının yanvarda keçiriləcək qış sessiyasında tənqidlərin qarşısını almağa hesablanmış bir addımdır. Oqtay Gülalıyev bu sərəncamı eyni zamanda, yerli və beynəlxalq ictimaiyyətin təpkiləri qarşısında hakimiyyətin növbəti imitasiyası kimi dəyərləndirib.

Hüquq müdafiəçisi çıxışında həmçinin 14 saylı cəzaçəkmə müəssisəsində baş verən son olaya toxunaraq bildirib ki, məhkumun işgəncə altında öldürülməsi bu sistemdəki eybəcərliklərlə bağlı həyəcan təbili çalmaq zərurəti yaradıb.

AXCP üzvü olan keçmiş siyasi məhbus Sahib Kərimli də çıxışında 14 saylı cəzaçəkmə müəssisəsindəki dəhşətli durumdan danışıb. Deyib ki, bu müəssisə təkcə oradakı sərt rejimlə yox, həm də onun yaxınlığında yerləşən daş karxanalarından gələn toz-torpağın yaratdığı çətinliklərə görə pis mənada məşhurdur. Vaxtilə 14 saylı cəzaçəkmə müəssisəsində saxlanılan Sahib Kərimlinin sözlərinə görə, burada rəhbərlikdən tutmuş, adi nəzarətçilərə qədər özlərini feodal dövlət məmurları kimi aparırlar: “Bugünlərdə orada bir gənc məhbus döyülərək öldürüldü. General Mədət Quliyev bir neçə ildir Penitensiar Xidmətə rəhbərlik etsə də, görünür, hələlik tabeçiliyindəki məmurlara insanlarla bu şəkildə davranmağın yolverilməzliyini öyrədə bilməyib. 14 saylı cəzaçəkmə müəssisəsində baş verənlər istefaya səbəb olacaq hadisədir. Amma təəssüf ki, nə cinayət işi açılıb, nə də vəzifəsindən çıxarılan var. Əksinə, bu cür dəhşətli hadisəni törədənlər müdafiə olunur. Bir insana qarşı vəhşiliyə necə haqq qazandırmaq olar?”

Müsavat Partiyasının üzvü olan keçmiş siyasi məhbus Elşən Həsənov Azərbaycanda siyasi məhbus probleminə diqqət çəkib: “Azərbaycanda yüzdən çox siyasi məhbus var. Bu siyahı azalmır ki, azalmır. 10 nəfəri buraxdılar, amma yenə də nə qədər insan aramızda yoxdu. Məsələn, Seymur Həzi indi burada yoxdu, çünki həbsdədi…”

Elşən Həsənov həmçinin son günlər “Azadlıq” radiosu ətrafında baş verənlərdən danışıb: “Radionun əməkdaşlarını qanunsuz şəkildə, zorla evlərindən çıxarıb istintaqa aparıblar. Ölkədə çox az hüquq müdafiəçisi qalıb”.

AXCP üzvü olan başqa bir keçmiş siyasi məhbus Bəhruz Həsənov da Azərbaycanda demək olar ki, bütün sahələrdə müşahidə olunan məmur özbaşınalığının penitensiar sistemdə də hökm sürdüyünü bildirib: “Mən özüm də həbsxana həyatı yaşamışam və gördüklərimdən çıxış edərək deyirəm ki, orada pulu olanı yaxşı yerə salırlar, olmayanı pis. 14 saylı cəzaçəkmə müəssisəsi Penitensiar Xidmətin ümumi rejimli 5 müəssisəsi içərisində ən iyrənci sayılır. Pul verməyənləri, bir də siyasi sifarişlə həbslə olunanları ora aparırlar”.

Həbsdə olan siyasi məhbuslardan Babək Ədalətlinin oğlu Emin Ədalətli ilk növbədə bu çətin günlərdə onların ailəsinə dəstək olanlara minnətdarlığını ifadə edib: “Azərbaycanda vəziyyət görün hansı həddə çatıb ki, atanı sifarişlə həbs ləməkləri bir yana, üstəlik, qız övladı vasitəsilə də ondan qisas alırlar. Mən fəxr edirəm ki, övladlarına qarşı bu cür təzyiqlərə baxmayaraq, əqidəsindən dönmür”.

Müsavat partiyasının üzvü olan keçmiş siyasi məhbus Tural Abbaslı cəzaçəkmə yerlərində məhbuslara qarşı zorakılıq edən məmurların fotolarının sosial şəbəkələrdə yayılmasını təklif edib: “Onların üstünə elə getməliyik ki, gələn dəfə belə bir hadisəni törətməyə heç kim yaxın durmasın. 31 yaşlı adamı döyə-döyə öldürürlər, sonra da utanmaz-utanmaz xalqın qarşısına çıxıb yalan danışırlar”.

Hazırda həbsdə olan NIDA-çı fəal, vicdan məhbusu Rəşadət Axundovun atası Fikrət Axundov bildirib ki, cəzaçəkmə müəssisələrində vəziyyət bu tədbirdə çıxış edənlərin söylədiklərindən də ağırdır: “Vəziyyət burda danışılanlardan da qat-qat ağırdı. Mənə dərdimizi çatdırmağı hələ də bacarmırıq. Qərb Azərbaycana demokratiya gətirmək üçün bir saat çalışırsa, biz 24 saat çalışmalıyıq”.

Hazırda bir neçə yaxını sifarişlə həbsdə olan AXCP funksioneri Təzəxan Mirələmli çıxışında qeyd edib ki, 14 saylı cəzaçəkmə müəssisəsinə gedənlərin əksəriyyəti ya yarımcan hala düşür, ya da dünyasını dəyişir.

AXCP Gənclər Komitəsinin üzvü olan keçmiş siyasi məhbus Elnur Məcidli də həbsxanada 17 saylı müəssisədə baş verənlər haqda eşitdiklərini tədbir iştirakçıları ilə bölüşüb: “Məhbuslarla söhbət zamanı bunu eşitmişəm, 17 saylı cəzaçəkmə müəssisəsində bir nəfərə o qədər işgəncə vermişdilər ki, ayaqları tutulmuşdu, yeriyə bilmirdi. Orada ölümcül şəkildə döyülənləri adətən sonra Qobustandakı qapalı həbsxanaya göndərirlər. Həmin adamların da oradan sağ çıxıb-çıxmayacağı müəmmalı məsələdir”.

Bəyim Həsənli