Hakimiyyət Kerri-Əliyev danışığını niyə gizlədib?

«Buna səbəb telefon danışığında qarşılıqlı maraqları ifadə edən nəticənin əldə olunmamasıdır»

Fuad Qəhrəmanlı: «Telefon danışığından sonra hakimiyyətin «Azadlıq» radiosunu bağlaması ABŞ-a bir mesajdır ki, onun təkliflərini nəzərə almaq niyyətində deyil»

ABŞ dövlət katibi Con Kerrinin Azərbaycanda vətəndaş cəmiyyətinə qarşı repressiyalara görə ölkə başçısı Ilham Əliyevlə danışması bir sıra məqamları ortaya qoyur. Maraqlıdır ki, dekabrın 21-də baş tutan danışıqdan sonra hakimiyyət repressiv addımlarını dayandırmayıb, əksinə, vətəndaş cəmiyyətinə qarşı hücumlar daha da artıb. Kerrinin Əliyevlə baş tutumuş telefon danışığından sonra Bakıda “Azadlıq” radiosunun yerli bürosu möhürlənib, əməkdaşları istintaqa cəlb olunub.

Con Kerrinin Ilham Əliyevlə danışdığı haqda Dövlət Departamentinin sözçüsü Cef Ratken dekabrın 29-da (ABŞ vaxtı ilə) keçirdiyi brifinqdə məlumat verib. “Amerikanın səsi” radiosunun Dövlət Departamentindəki müxbirinin bildirdiyinə görə, Ratken bunları deyib: “Biz Azərbaycan hökumətinin vətəndaş cəmiyyətinə basqılarından ciddi narahatıq. Dövlət katibi dekabrın 21-də prezident Əliyevlə telefon danışığında bu məsələni qaldırıb”.

Maraqlıdır ki, telefon danışığının olduğu barədə məlumat ABŞ mənbələrindən məlum olub. Başqa vaxtı dövlət başçısı ilə bağlı məlumatları böyük həvəslə yayan rəsmi mətbuat orqanları nədənsə ABŞ dövlət katibi ilə telefon danışığını unudublar.

Digər tərəfdən, hakimiyyətin vətəndaş cəmiyyətinə qarşı hücumları Kerri ilə telefon danışığından sonra daha da artıb. Halbuki telefon danışığında məhz Azərbaycandakı bu durumla bağlı narahatlıq ifadə olunub. Əslində Prezident Adminstrasiyasının ictimai-siyasi əlaqələr şöbəsinin müdiri Əli Həsənovun dekabrın 22-də “ABŞ Azərbaycana münasibətdə qırmızı xətti keçib” açıqlaması Kerrinin telefon danışığına bir cavab da sayıla bilər. Əli Həsənovun daha sonra  “Azərbaycanın ABŞ və Avropa Birliyi ilə münasibətləri dözülməz həddə çatıb” açıqlaması da təsadüfi sayılmamalıdır.

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı bildirdi ki, Kerri ilə Ilham Əliyevin danışığına qədər Amerika rəsmi və qeyri-rəsmi səviyyədə Azərbaycandakı durumla bağlı öz narahatlığını ifadə etmişdi. Görünən odur ki, hakimiyyət beynəlxalq birliyin, ABŞ-ın Azərbaycandakı insan haqlarının vəziyyəti, demokratiyanın durumu ilə bağlı narahatlıqları nəzərə almadığı üçün bu narahatlıq daha yüksək səviyyədə iqtidarın nəzərinə çatdırılır: “Əslində Azərbaycan hakimiyyəti hər dəfə beynəlxalq səviyyədə tənqidlər gələndə, insan haqları ilə bağlı narahatlıqlar ifadə olunanda buna aqressiyanı daha da artırmaqla cavab verirdi. ABŞ bir neçə dəfə açıq formada ifadə edib ki, repressiya siyasətinin bu formada davam etməsi ikitərəfli münasibətlər üçün təhlükə yaradır. Yəni bu sadəcə problem kimi görünmür, ABŞ-Azərbaycan münasibətlərinin gələcəyini təhdid edir. Bu mövqeyin nəzərə alınmaması o zərurəti yaradıb ki, Amerika ən yuxarı, dövlət katibi səviyyəsində dövlət başçısına mövqeyini ifadə etsin, Azərbaycanın bu məsələ ilə bağlı mövqeyini öyrənsin. Adətən bu cür yüksək səviyyəli təmaslar həlledici ciddi qərarların qəbul olunması zamanı gündəmə gəlir. Ciddi qərarlar qəbul etməzdən öncə yoxlama aparılır, tərəflərin qarşılıqlı mövqeyi çatdırılır”.

F.Qəhrəmanlı hesab ki, baş verənlər onu göstərir ki, Amerikada Azərbaycanla bağlı fərqli bir yanaşma müzakirə olunur. Bu məsələdə I.Əliyevin nəzərinə çatdırılıb. F.Qəhrəmanlının sözlərinə görə, artıq ABŞ-ın Azərbaycandakı proseslərə münasibətdə tənqid səsləndirmək limiti tükənib. Bu tənqidlər bir nəticə vermirsə, artıq bu həm Amerikanın maraqlarına, həm də imicinə təhlükə yaradır: “Çünki, ABŞ-ın çağırışlarının nəzərə alınmaması siyasi təsir imkanlarına mənfi yöndən təsir göstərir. Ona görə də bu məsələ Ilham Əliyevlə müzaikrə olunub. Çox böyük ehtimalla müzakirə olunan məsələlər bir daha Azərbaycan hakimiyyətinin nəzərinə çatdırılıb. ”Azadlıq” radiosunun bu telefon danışığından sonra bağlanması o deməkdir ki, Azərbaycan tərəfi əyani şəkildə Amerikaya o mesajı verib ki, hakimiyyət ABŞ-ın təkliflərini nəzərə almaq niyyətində deyil. Əksinə, hakimiyyət daha da irəli getmək niyyətindədir. “Azadlıq” radiosunun bağlanması həm də Kerri ilə danışıqların bir nəticəsi kimi təqdim oluna bilər”.

F.Qəhrəmanlı bildirdi ki, R.Mehdiyevin məqaləsində ABŞ Azərbaycanda siyasi sabitliyi pozan, iğtişaşlar yaradan, dövlət maraqlarını təhdid edən tərəf kimi təqdim olunur. “Bu, əslində dövlət siyasətinin xarici siyasətdə nəzəri  əsaslarını göstərir. Yəni Azərbaycan Amerikaya tərəfdaş kimi deyil, potensial təhlükə kimi yanaşır. ”Bu, siyasi baxımdan “soyuq müharibə” elan etmək deməkdir. Kerrinin bu məsələyə müdaxilə etməsi də bununla izah oluna bilər. ABŞ Azərbaycan hakimiyyətinin antiAmerikan kursundan kifayət qədər narahatdır”, deyə F.Qəhrəmanlı vurğuladı. Telefon danışığı barəsində rəsmi mətbuatda məlumat verilməməsinə gəlincə, buna səbəb telefon danışığında qarşılıqlı maraqları ifadə edən nəticənin əldə olunmamasıdır. Danışıqlardan sonra isə “Azadlıq” radiosunun bağlanması isə Kerrinin zənginin nəticəsiz qaldığını göstərir. Əksinə, bundan sonra radionun bağlanması o deməkdir ki, hakimiyyət repressiv kursu davam etdirməkdə daha da israrlıdır: “Bu isə o deməkdir ki, ABŞ Azərbaycanla bağlı ciddi qərarlar verə bilər. Bu ciddi qərarlar isə Azərbaycana münasibətdə sanksiyaların tətbiqidir. Amma məsələni yubadan bir məqam da odur ki, ABŞ Rusiya təcrübəsindən çıxış edərək birbaşa Amerikaya aid ola biləcək sanksiyaların tətbiqindən yayınır. ABŞ bu addımları Avropa Birliyi ilə birgə koordinasiya olunmuş şəkildə edir. Yəni Azərbaycanla bağlı sanksiya qərarı veriləcəksə, bu həm ABŞ-ın, həm də Avropanın sanksiya qərarı olacaq”.

Xəyal