2aprel-3

Növbəti mitinqin vaxtı dəqiqləşdi: 19 iyun, saat 15.00

«Mübarizəmiz mövsümə bağlı deyil, ardıcıl mübarizədir» (VİDEO)

Ictimai Palatanın növbəti sessiyası ötən gün Müsavat partiyasının ofisində keçirildi. Ictimai Palatanın Koordinasiya Şurasının (IP KŞ) üzvü Mehriban Vəzirin sədrliyilə keçirilən sessiyanın gündəliyində yeni üzvlərin qəbulu, ictimai-siyasi vəziyyətin və “Demokratiyaya keçidin yol xəritəsi” adlanan sənədin müzakirəsi vardı.
Üzvlük üçün müraciət edən şəxlər barədə məlumatlar dinlənildikdən sonra səsvermə ilə onların müraciəti müsbət həll olundu. Bu dəfə ümumilikdə 16 yeni üzv qəbul edildi.

“IP dinc və razılaşdırılmış aksiya üçün səy göstərəcək”


Sessiyada ilk çıxışçı Müsavat başqanı Isa Qəmbər oldu. Dünyada azadlıq və firavanlıq uğrunda yeni bir dalğanın başlandığını deyən Müsavat başqanı qeyd etdi ki, Azərbaycan xalqı hər zaman ümumbəşəri dəyərlərə sədaqətli olub. Bunu 1918-ci ildə Şərqdə ilk demokratik Cümhuriyyət qurmaqla və  ötən əsrin 80-ci illərinin sonunda başlatdığı mübarizə ilə də sübut edib.
Isa Qəmbər bildirdi ki, Əbülfəz Elçibəyin rəhbərliyilə başlanan hərəkat və sonra qurulan hökumətə qəsd olunmasaydı, 90-cı illərin sonunda Azərbaycan çətin keçid dövrünü başa vurub artıq indi azad və firavan Avropanın tərkibi idi. Bu maneəni Əliyevlər hakimiyyətinin yaratdığını vurğulayan natiq qeyd etdi ki, azərbaycanlılar tezliklə özlərinə layiq demokratik bir hakimiyyət qurmağa nail olacaqlar.
Ölkədə vəziyyəti dəyişə biləcək insanların IP-da toplandığını deyən Müsavat başqanı maraqlı bir təsnifat da apardı: “Mənə görə Azərbaycandakı ictimai-siyasi xadimlər iki yerə bölünür: Ictimai Palatada olanlar və Ictimai Palata əleyhinə olanlar, ona böhtan atanlar. Böhtançı qrupların fəaliyyəti də əslində, Ictimai Palatanın gücünün etirafıdır”.
Başqan həbsdə saxlanılan IP üzvləri haqda da danışdı: “Onlar elə fədakar insanlardır ki, Azərbaycanın azadlığı naminə ömürlərinin sonuna qədər zindanda qalmağa hazırdılar. Eləcə də günü bu gün həbsdən çıxıb yenidən mübarizənin ön sıralarında duracaq qədər cəsarətlidilər”.
IP KŞ-nın mitinqlərlə bağlı verdiyi qərara sessiyanın da dəstək verəcəyinə ümid etdiyini deyən Isa bəy aksiyalara yaxşı hazırlaşmağın vacibliyini vurğuladı. Bildirdi ki, IP dinc və razılaşdırılmış aksiya üçün səy göstərəcək.
Icazə verilməyəcəyi təqdirdə isə hakimiyyətin hədə-qorxusuna baxmayaraq, aksiya şəhərin mərkəzində keçiriləcək.

“Bizim aksiyalar kampaniya deyil”

AXCP sədri Əli Kərimli çıxışına hakimiyyətin müxalifətə qarşı repressiyalarına münasibət bildirməklə başladı. IP-nın mitinqindən sonra qurama ittihamlarla 17 nəfərin həbs olunduğunu deyən Əli Kərimli bunları hakimiyyətin qorxusu ilə əlaqələndirdi. Dedi ki, əvvəllər dəfələrlə icazəsiz aksiyalar keçirilib, lakin heç vaxt bu qədər insan həbs olunmayıb. AXCP sədrinin sözlərinə görə, bu onu göstərir ki, hakimiyyət etiraf etməsə də, dünyada gedən demokratikləşmə prosesindən və xalqda dəyişikliklərə yaranan ümiddən qorxur.

IP KŞ-nın mitinqlə bağlı verdiyi qərarı müdafiə edən AXCP sədri bildirdi ki, bu mitinqlər dünyaya və hakimiyyətə çox mühüm mesajlar verəcək: “Bu mitinqlərlə biz göstərəcəyik ki, mübarizəmiz hansısa kampaniyaya, mövsümə bağlı deyil, düşünülmüş, ardıcıl mübarizədir”.
Qlobal dəyişikliklərin Azərbaycandan yan keçməyəcəyini bildirən Əli Kərimli vurğuladı ki, bütün canlıların labüd sonu ölüm olduğu kimi, avtoritar rejimlərin də sonu rüsvayçı süqut, məğlubiyyətdir: “Bu gün demokratiyadan danışanlar sülalə hakimiyyətlərinin yanında olanda biz demokratiya uğrunda mübarizədən bircə an da geri çəkilməmişik. Indi dünya xalqları azadlıq uğrunda yürüyərkən bizim xalq özünü bu yürüşdən kənarda saxlamayacaq. Bizim mübarizə davamlı olacaq və qələbəyə qədər davam edəcək”.
IP KŞ sessiyaya təqdim etdiyi “Demokratiyaya keçidin yol xəritəsi” adlı sənədin mahiyyəti haqda danışan Əli Kərimli bu sənədi onların dinc və təkamüllü dəyişikliklərə sədaqətinin sübutu kimi qiymətləndirdi. Əlavə etdi ki, xalq və hakimiyyətə təqdim olunan bu sənəddə demokratiyaya keçidin mükəmməl mexanizmi ortaya qoyulub.

Kölgə kabineti…

Daha sonra IP KŞ-nın üzvü Pənah Hüseyn bir sıra təkliflərlə çıxış etdi. Dedi ki, IP-da islahatlar aparılmalıdır. Bu islahatlara kölgə kabinetinin yaradılması, prezidentliyə, deputatlığa və baş nazirliyə namizədlərin müəyyənləşdirilməsi daxildir. Təkliflərin biri də KŞ-nın tərkibinin ayda iki nəfər olmaqla, rotasiya qaydasında yenilənməsidir. Pənah Hüseyn IP-nin daxili-intizam qaydaları haqda sənədin qəbulunu da vacib saydı.
IP-nin QHT olmaq təhlükəsi…
IP üzvü Ərəstun Oruclu isə bildirdi ki, gələcək fəaliyyətdə əsas prioritet həbsdə olan tərəfdarların məsələsi olmamalıdır. Çünki belə olacağı təqdirdə hakimiyyət həbsləri davam etdirəcək və IP-ni əsas hədəfindən yayındırıb məhbusların hüquqlarının müdafiəsi ilə məşğul olan QHT-yə çevirəcək.

“Eurovision”

IP üzvü, jurnalist Mahal Ismayıloğlu isə çıxışında sessiyadakılara öz təklifini çatdırdı. O, gələn il Azərbaycanda “Eurovision” musiqi yaraşması keçiriləcəyini xatırladaraq, indidən Avropanın nüfuzlu təşkilatlarına məktub yazmağın vacibliyini qeyd etdi: “Bu məktublarda yazmalıyıq ki, zindanlarından siyasi məhbus iniltisi gələn ölkədə mahnı müsabiqəsi keçirilməsindən heç kim feyziyab olmayacaq”. Mahal bəyin fikrincə, belə müraciətlərlə siyasi məhbusların azad olmasına nail olmaq olar.

Mitinq

IP üzvüləri Ixtiyar Abdal, Qaya Əliyev təşkilatlanma işləri barədə çıxış etdilər. Ixtiyar Abdal mitinqlərin bir qədər ertələnməsinin tərəfdarı oldu.
IP üzvü Imamverdi Cəfərov isə çıxışında hakimiyyətin anti-korrupsiya tədbirlərini tənqid etdi. Bildirdi ki, iri məmurlara toxunmayıb, tibb bacılarını cəzalandıran kampaniyadan xalq heç bir fayda görməyib.
IP üzvləri Mustafa Hacıbəyli, Valeh Hümmətoğlu da aksiyaların keçirilməsinin müsbət cəhətləri barədə çıxışlar etdilər.
Daha sonra səsvermə qaydasında Ictimai Palata iyunun 19-u,  saat 3-də Nərimanov parkında mitinq keçirməyə qərar verdi.
Sessiya iştirakçıları sonda “Demokratiyaya keçidin yol xəritəsi” adlanan sənədlə tanış oldular. Bu sənəd müzakirələr üçün əsas layihə kimi qəbul edildi.

Natiq Güləhmədoğlu