Əliyev sanksiyalardan yayınmaq üçün xırda manevrlər edir; Oyuncaq işğalçı rejimin məhkəməsindən ədalətmi gözləyəcəkdik?
AXCP sədri Əli Kərimli bu gün imzalanan əfv fərmanı, həmçinin Dağlıq Qarabağda qondarma rejimin soydaşlarımız üzərində keçirdiyi "məhkəmənin" hökmü ilə bağlı fikirlərini "facebook" səhifəsində paylaşıb. Əli Kərimli yazır:
"Qurban Məmmədovun, Əvəz Zeynallının, Zaur Qurbanlının, Üzeyir Məmmədlinin, Sərdar Əlibəylinin, Elşən İsmayıllının, Şükran Mehbalıyevin, 3 nəfər "hicab məhbusu"nun, əslində digər məhbusların da azadlığa çıxacaqlarına sevinirəm. Ailələrini, doğmalarını təbrik edirəm. Haqsız yerə olmazın məhrumiyyətini yaşadılar.
Amma təəssüf hissi ilə vurğulamalıyam ki, İlham Əliyevin siyasi həbslərə, siyasi məhbus məsələsinə münasibəti qətiyyən dəyişməyib. Ölkə ictimaiyyətinin bu qədər ardıcıl səylərindən, beynəlxalq ictimaiyyətin təkidli tələblərindən sonra siyasi məhbusların yalnız 10 faizi azadlığa çıxacaq. O da ona görə ki, hökumətin ölkə daxilindəki yandaşlarının, beynəlxalq aləmdəki lobbiçilərinin danışmağa, rejimi müdafiə etməyə azca da olsa, sözləri olsun. Hökumətin siyasəti aydındır. Sanksiyalardan yayınmaq üçün xırda manevrlər etməklə, repressiyaları davam etdirmək istəyir.
Deməli, siyasi məhbus dostlarımızın müdafiəsi üçün daha çox işləməliyik. Beynəlxalq ictimaiyyət də özünü sadəlövh kimi aparmamalıdır. Ölkə daxilində də heç bir ictimaiyyət nümayəndəsi bu repressiya siyasətinin ört-basdır edilməsinə çalışmamalıdır.
Bu gün (dekabrın 29-da – red.) baş vermiş başqa bir məsələyə də toxunmaq istəyirəm. Bilirsiniz ki, işğal olunmuş Qarabağda Kəlbəcər girovları Dilqəm Əsgərov və Şahbaz Quliyev üzərində qurulmuş qanunsuz məhkəmə tamaşası da başa çatıb. Dilqəm Əsgərov ömürlük həbs, Şahbaz Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunub. Başqa necə olacaqdı ki? Oyuncaq işğalçı rejimin məhkəməsindən ədalətmi gözləyəcəkdik? Dilqəm bəy və Şahbaz bəy düşmən əlində girovdur. Girovları məhkəmələr azad etmir. Dövlət öz girovlarını azad etməlidir. Bunun da iki yolu var. Birinci yol budur ki, gərək elə güclü beynəlxalq dəstəyin ola, sənə görə bütün nüfuzlu dövlətlər işğalçıya təzyiq edə. Təəssüf ki, bu, indi bizdə yoxdur. Məlum səbəblərdən hökumətimiz dünyanın nüfuzlu qüvvələri ilə qarşıdurma şəraitindədir. Qalır ikinci yol. O yolun nədən ibarət olduğunu müharibə görmüş insanlar, elə indiki ordu komandirləri də yaxşı bilir. Girovları azad etmək üçün gərək əlimizdə düşmənə aid olan elə qiymətli obyekt (və ya subyekt) ola ki, düşmən özü girovlarımızla həmin qiymətli obyekti (və ya subyekti) dəyişməyi xahiş etsin. Girov vətəndaşlarımızı azad etmək üçün ağlamaq-sızlamaq yox, dövlət səviyyəsində əməli iş görmək lazımdır".


