Son günlər Sabirabad rayonunda yerli hakimiyyətin AXCP fəallarına qarşı təzyiqləri artıb, partiya fəallarından bir neçəsi həbs olunub. Baş verənlərlə bağlı AXCP Sabirabad şöbəsi bəyanat yayıb. Bəyanatda deyilir:
Azərbaycanın Milli Azadlıq hərəkatında və müstəqillik dövründə demokratiya uğrunda mübarizədə özünəməxsus yeri olan AXCP Sabirabad şöbəsinin fəallarına qarşı hakimiyyət həmişə qəddarlıqla mübarizə aparıb. Onun təbdirləri polis tərəfindən vəhşiliklə dağıdılıb fəalları isə fiziki zorakılıqlara və həbslərə məruz qalıblar.
Bu qanunsuzluqlar zaman-zaman gah səngiyib, gah da geniş vüsət alıb. Son dövrlər isə bu təzyiq, təhdid və təzyiqlər özünün pik həddinə çatıb.
Şöbənin Gənclər Təşkilatının yaranmasından qısa müddət keçməsinə baxmayaraq onun 3 üzvü artıq həbs edilib. Təşkilat yarandıqdan sonra onun üzvlərinə, üzvlərin valideynlərinə təhdid və təzyiqlər başladı. Bunun bir nəticəsi olmadıqda Murad Adilov narkotiklə şərlənərək həbs edildi. Sonra nəinki geri çəkilməyən hətta fəaliyyətini bir az da artıran Gənclər Təşkilatı hakimiyyətin şiddətli qəzəbinə düçar oldu. Əvvəlcə təşkilatın sədr müavini Mirağa Abasov, sonra isə sədr Etibar Fətiyev özü guya inzibati xəta törətdikləri üçün müvafiq olaraq 25 və 30 sutka həbsə məhkum oldular.
AXCP Sabirabad şöbəsinin fəalı Sahib Rüstəmli və oğlu Rail Rüstəmova qarşı da müəyyən təzyiqlər oldu. Lakin onları cərimələməklə cəzalandırdılar.
AXCP Sabirabad şöbəsi bəyan edir ki, hakimiyyətin ona qarşı bu çirkin təzyiqlərindən heç də geri çəkilməyəcək. Əksinə, tutduğu bu şərəfli yolda daha qətiyyətlə addımlayacaq.
Buna görə də hakimiyyətdən həbs olunmuş üzvlərinin dərhal azad edilməsini, AXCP-yə qarşı apardığı mübarizədə sivil və ədalətli olmağı tələb edir.