Rejim başçısı bugünlər xalqın qarşısında sevindirici çıxışda bulunmuşdu: “Neftin qiyməti hara düşür düşsün, bunun Azərbaycana azacıq da təsiri olmayacaq”. Bunun yalan olduğu bəlli idi, özləri çox keçmədən bir daha bəlirlədilər: xalqın əmanətlərindən gəlir vergisi tutmağa yönəlik qanunla. Bəlli olduğu kimi, qanun proyekti PA-da yazılıb. Bunu yalanın üstündən verilən qanun da saymaq olar. Neftin qiyməti dünya bazarında durmadan düşməkdədir. Buna uyğun olaraq da çağdaş dünyanın baxıb düzləndiyi ABŞ-da dünya bazar qiymətlərinə uyğun olaraq neftin qiyməti getdikcə aşağı salınır. Bizdə necədir? Bizdə dövlət maraqları, milli maraqlar yalnız korrupsiyaçı klan rejiminin gəlir-çıxarına bağlı olduğundan neftin qiyməti olduğu kimi qalır.
1000 (min) dollar aylığa işləyənlərin yoxsul sayıldığı ABŞ-da indi benzin bizdəkindən qat-qat ucuzdur. Eləcə də bir çox parametrlər üzrə Azərbaycanı qat-qat geridə qoyan ABŞ bu gün əliyevçi rejimin başlıca antipatiya obyektlərindən birinə çevrilib. Bu rejim bizi yüksək yaşayış ölkəsi olan ABŞ-la düşmənçiliyə, Azərbaycan sayağı aşıb-daşan resurslarla birgə yoxsulluq içində olan Rusiya ilə yoldaşlığı-qardaşlığa sürükləyir. Birincidə xalqın qazancı var, ikincidə rejim yetkililərinin. Rusiyaya arxalanmaqla, Rusiyadan yararlanmaqla ölkədən milyardlar oğurlayıb çıxaran rejim yetkililəri indiki çətin çağlarda, neftin qiymətinin durmadan düşdüyü günlərdə, 21 illik hakimiyətləri dönəmində oğurladıqları milyardlardan, trilyonlardan bir azını geri qaytarıb xalqın yükünü yüngülləşdirmək yerinə, xalqın əmanətlərinə gəlir vergisi qoymaqla daha bir düşmənçiliyə, daha bir soyğunçuluq faktına əl atırlar.
Belə çağlarda azacıq xalqa bağlı hökumət belə, varlılardan tutulan gəlir vergisini artırmaqla xalqın yükünü yüngülləşdirməyə yönəlik ekonomik siyasət yürüdür. Bizdəki rejim yetkililərinin hamısı milyoner, milyarderdir. Dövlətdən, xalqdan oğurluq yoluyla eləsi 300 kompaniya yiyəsi olan bu adamların vergidən yayınması kimi faktlar geniş yayılıb. Ən azı indi bunları vergi qanununa düzməklə dövlət büdcəsindəki itkilərin yerini doldurmaq olardı. Bunun yerinə nə olur: kütləvi olaraq vergidən yayınmalar. Prezident ailəsinin özü Sumqayıtda 17 zavodu ələ keçirib “Sumqayıt texnologiya parkı” adı altında əlaltı “parlamentdən” keçirdiyi qanunla yeddi illiyə vergidən yayındırırsa, başqa rejim yetkililəri özlərini hər hansı qanundan üstün sayırsa, hə, onda iş xalqa qalır. Daha doğrusu, xalqı soymağa. Ekonomist uzmanların bildirdiyinə görə, əmanətlərdən tutulan gəlir vergisi 50 milyon manat olacaq. Demək, adına hökumət deyilən MILLI düşmən xalqı bir daha soyacaq.
Neçə illərdi rejim “yeni avadanlıq almaq”, keyfiyyəti yüksəltmək… adıyla neftin, qazın qiymətini durmadan qaldırır. Ekspetlər hər belə qiymət artımında ortaya 50 milyon manatlıq qazanc faktı çıxarırlar. Qazın qiymətinin sonuncu qaldırımında əldə edilən artıq 50 milyon manatla pensiyaları artlracaqlarını bildirmişdilər. Bu artımların biri də indiyədək deyilən, gərəkən sonuclara gətirib çıxarmayıb. Nə üçün? Ortada yalnız xalqı aldatma, xalqdan oğurlama-mənimsəmə planları olduğu üçün! Yazılarnlardan bilindiyi kimi, 21 yaşlı oğlu Türkiyədə milyarder yaşayışı yaşayan Rövnəq Abdullayev bugünlərdə Neft fondundan 3 milyard pul istəyib. Bu işin gizlini çox da gizli deyil: dədə malı təki dağıdılan Dövlət büdcəsi, milyonları su sayaq içən Olimpiya stadionu, nələr, nələr. Bir də, rejim sözçüsü Əli Həsənovun demokratiyaya, insan hüquqlarının qorunmasına çağıran ABŞ-a, bütövlükdə demokratik dünyaya yumruq silkələməsi: “Azərbaycan heç bir halda özünün dövlət və milli maraqlarını ayrı-ayrı beynəlxalq təşkilatların və ya ölkələrin istək və arzularına qurban vermək niyyətində deyil”. Açması: yaşasın korrupsiya-repressiya rejimi!