Əli Kərimlinin internetinə də problem yaradılır

AXCP sədri bunun təsadüfi və texniki problem olmadığını deyir

«Azeurotel» isə problemin iki günə həll ediləcəyinə söz verir

AXCP sədri Əli Kərimli iki həftədən çoxdur ki, internet problemi ilə üzləşib. “Azeurotel” abunəçisi olan Ə.Kərimli əvvəllər bu istiqamətdə hər hansı şikayətinin olmadığını, problemin təxminən 15 gün əvvəl yarandığını bildirir:
“Xeyli müddətdir evdə bu provayderin xidmətlərindən istifadə edirdim, şikayətim də yox idi. Bir ay əvvəl hiss etdim ki, IP ünvanımdan wordpress.com saytına daxil ola bilmirəm. Internet normal işləyirdi, bütün başqa saytlara daxil ola bilirdim, bircə oradakı bloqlardan başqa. Əmin olmaq üçün bu saytda bloqu olan başqa dostlara müraciət etdim. Onlar da yoxlayandan sonra məlum oldu ki, mənim IP ünvanımdan sayta girib hansısa əməliyyatlar keçirmək imkanım məhdudlaşdırılıb. Bu sahənin mütəxəssisləri mənə izah etdilər ki, bunu texniki cəhətdən etmək mümkündür. Yəni, hansısa sayta girib müəyyən əməliyyatların qarşısını almaq üçün imkanlar var. Köməkçim vasitəsilə provayder şirkətlə –  ”Azeurotel”lə danışıqlar apardıq. Şirkətdən dedilər ki, onların tərəfindən problem yaradılmayıb. Bir müddət sonra isə ümumiyyətlə, internetdə problem yarandı”.
Ə.Kərimli deyir ki, ilk həftə ATS-lə provayder günahı bir-birinin üzərinə atıb: “Bu gün-sabah eləməklə iki həftə keçdi. ”Azadlıq” qəzetinə son müsahibəmdə də vurğulamışdım ki, müəyyən texniki problemlərə görə bloqumu yeniləyə bilmirəm, internetə girişim məhdudlaşıb. Açığı, bu məsələni ictimailəşdirmək istəmirdim. Müvafiq şirkətlə və ATS-lə mütəmadi olaraq danışırdıq. Məlum oldu ki, bunlar bir-birinin üzərinə atmaqla 15 gündən artıqdır internetə girişimin qarşısını alıblar. Indi də danışıqlar davam edir. Yəqin ki, başqa şirkətlə müqavilə bağlayıb internetə çıxış əldə edəcəm. Amma hər halda, məndə belə təəssürat yarandı ki, bu, heç də təsadüfi və texniki problem deyil”.
Məsələ ilə bağlı dünən “Azeurotel”ə müraciət edib problemin hansı səbəbdən yarandığına aydınlıq gətirməyə çalışdıq. Şirkətin əməkdaşı bildirdi ki, problem 94/95 saylı ATS-lə bağlıdır və yaxın iki gün ərzində həllini tapacaq.  “Azeurotel” əməkdaşı texniki nasazlığın həmin ATS-in elektronlaşdırılması ilə əlaqəli olduğunu bildirdi.
Mövzunu diqqətdə saxlayacağıq.

Gültəkin