Mətləb Mütəllimli
Bəri başdan deyim ki, söhbət heç də tarixi düşmənlərimiz, hikkəsinə görə daim əzilən, alçaldılan, təhqir edilən nankor qonşularımızdan getmir. Onlar düşməndir və düşməndən bundan artıq nəsə gözləmək əbəsdir. Söhbət heç, hakimiyyətin dizinə vuraraq sındırdığı, onun süfrəsinin tör-töküntüsündən yallanan, tamahının girovuna çevrilmiş girovlardan – milli satqınlardan da getmir.
Bəs onda, söhbət hansı girovlardan gedir?
Bildiyimiz qədər, qədim zamanlardan, şəriət qaydalarına görə, düşməndən başqa, kimsənin kimisə girov götürməsi qadağan edilir. Amma, nə fayda, elə müsəlman ölkələrinin özündə bu qaydaya əməl edilmir, diktatura rejimləri hökm sürən ölkələrdə, xüsusən də müsəlman ölkələrində, insanlar azad fikirlərinə, haqsızlıqla barışmadıqlarına görə öz ölkələrinin hökmdarlarının şəxsi girovuna çevrilirlər. Bu fikirlərin sübutu kimi üç müsəlman ölkəsini – Azərbaycanı, Özbəkistanı və… Səudiyyə Ərəbistanını göstərmək yetərlidir.
Başlayaq Azərbaycandan. Az qala bütün dünyaya məlumdur ki, fərqli düşüncələrinə görə balaca bir ölkədə – Azərbaycanda 100 dən artıq siyasi məhbus vardər. Onların da hamısının ancaq və ancaq bircə günahı var: ölkə rəhbərliyiinin rəhbərliyi altında tüğyan edən haqsızlığa, ədalətsizliyə, korrupsiyaya, rüşvətə, millətin sərvətlərinin talanmasına, keçirilən saxta seçkilərə dözə bilməmələri, cəsarətli, qeyrətli mövqeləridir. Indiki siyasi məhbuslar da əvvəllər zindanda çürüdülüb daha sonra ağalarına biət edərək çıxanlar” kimi zorla “əfv” ərizələri yazsaydılar, indi çoxdan çöldə idilər. Onlar bunu etmədilər, heç vaxt etməzlər də. Indi də, gözdən pərdə asmaq üçün öz uşaqlarından təzə bir ictimai komissiya qayırıblar ki, guya, onlar şərlənərək həbs edilən kimisə əfv etdirəcəklər. Amma, hamı, o sıradan, hakimiyyətin süfrəsindən pay uman “əfv”çilər də gözəl bilirlər ki, siyasi məhbuslar bir nəfərin girovudur və bütün dünyanın gözü qarşısında onları saxta ittihamlarla zindanlara dolduran da, ordan çıxaran da ancaq və ancaq Odur – vətəndaşlarının hüquqlarını qoruyacağına and içərək Qurani-Kərimə və Konstitusiyaya əl basmış ölkə başçısı Ilham Əliyev.
Indi keçək Özbəkistana. Burda da əkə qardaşlarımızın vəziyyəti ürəkaçan deyil, acınacaqlıdır. 76 yaşlı Islam (ada bax ha!) Kərimov nə az, nə çox, düz 24 ildir özbəklərin anasını ağlar qoyur, millətə qan uddurur. Əlbəttə, orda da sözünü deyənlər var, lakin, Əndican hadisələrindən, bir qocanın hikkəsi ilə, dünyanın gözü qarşısında 500-dən artıq günahsız etirazçıların məhv edilməsindən sonra milli azadlıq hərəkatı boğulmaq üzrədir. Bununla belə, bizimki kimi, hər 5 ildən bir özünü prezident elan edən I.Kərimovun da vəziyyəti o qədər də ürəkaçan deyil. Indi, başqası yox, onun doğmaca qızı – müğənni, bəstəkar, modelyer, biznesmen Gülnarə Kərimova ölkədə baş alıb gedən haqsızlıqlara, ədalətsizliklərə susmur, atasının diktatura üsul- idarəçiliyinə üsyan edir. Bu üsyanın nəticəsidir ki, xeyli vaxtdır o xanım ev dusdaqı edilib, dünyadan tədric edilib və bütün dünyanın gözü qarşısında atası Islam(!) Kərimovun şəxsi girovuna çevrilib.
Indi də gəlin, 3-cü girov sahibi ilə tanış olaq. Çoxları üçün təəccüblü olsa da, bu şəxs Səudiyyə Ərəbistanının kralı, Allah evinin sahibi… Abdulla ibn Abdal Əziz Əl Səiddir. Məlum olduğu kimi, Səudiyyə Ərəbistanının mövcud qanunlarına görə, ölkədə dövlət qurluşunun dəyişməsinə edilən çağırışlar edamla nəticələnir. Buna baxmayaraq, kralın qızlarından biri – Saxar bu ilin ortalarından bütün ərəb ölkələrini öz atasının rejiminə qarşı qalxmağa çağırıb. Özünün video müraciətində kralın böyük qızı özü və 3 bacısı ilə ev dustağı, girov saxlandıqlarını demiş və əminliklə bildirmişdir ki, xalq ayağa qalxdığı təqdirdə qalib gələcəkdir. Saxar video müraciətində günahsiz həbsxanalara atılan, işgəncələrə məruz qalan insanları salamlamış, siyasi məhbusların öz inqilabi mübarizəsini davam etdirməyə çağırmışdır. Dörd məhbus qızın anası, biçarə Anud əl Fayəz hazırda Ingiltərədə yaşayır və qızlarının girovluqdan xilası üçün var gücü ilə mübarizə aparır.O, hətta, ABŞ prezidenti B.Obama ilə Səudiyyə Ərəbistanı kralının görüşü ərəfəsində də B.Obamaya yalvarmış, qızlarının girovluqdan azad edilməsini xahiş etmiş, lakin, göründüyü kimi, bütün dünyanın gözü qarşısında onun da müraciəti nəticəsiz qalmışdır.
Üç nümunədən də göründüyü kimi, ölkələrdə girovların çoxalmasının bir günahı – həmin ölkələrinin rəhbərlərinin üzərinə düşürsə, bir günahı da özünü demokratiyanın beşiyi hesab edən, lakin, bəşəri dəyərlərin tapdalanmasına hansı məqsədlərə görəsə göz yuman, daxilən tam azad olmayan ölkələrinin liderlərin üzərinə düşür.
Azərbaycanın siyasi məhbuslarına – girovlarına, bütün dünyanın girovlarına azadlıq!
Özünü bütün türk dünyasının lideri hesab edən Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan başda olmaqla, bütün dünya müsəlmanlarının rəhbərlərinə azadlıq!
Dünyanın super dövləti, demokratiyanın beşiyi hesab olunan ABŞ-ın prezidenti Barak Obama başda olmaqla bütün xristian dövlətlərinin rəhbərlərinə azadlıq!
28.12.2014


