Yeni dünya «işğalı» başladı…

Atom bombasını kölgədə qoyacaq Nanotexnologiyaların daha hansı üstünlükləri var?

 

Dünya yeni düzənə qədəm qoyur. Həm də elm sahəsində. Bu dəfə də öndə Birləşmiş Ştatlar gedir. Söhbət elə bir texnoloji kəşfdən gedir ki, o, bir sahəyə aid nailiyyət deyil. Bəzənməkdən, qlobal müharibələrə kimi böyük bir sahəni əhatə edən Nanotexnoloji vasitələr haqqında inanılmaz faktları təqdim edirik.
Nanotexnologiyaların inkişafı indiki dünyamızda hələ ki, elmi araşdırmalar və öyrənilmə mərhələsindədir. Lakin artıq tam əminliklə demək olar ki, yaxın bir neçə ildə bunlar həyatımızın istənilən sahəsinə daxil olacaq. Bu gün artıq xaricdən gətirilmiş müxtəlif məişət, tikinti, tibbi, hətta yeyinti məhsullarının üzərində nanotexnologiyalardan istifadə olunduğunun şahidiyik. Artıq alimlər nanotexnologiyalar vasitəsilə adi poladdan on dəfələrlə artıq möhkəmliyə malik polad almağı tam mümkün sayırlar. Məsələn, alüminium oksidi ilə polimerlərin nanokompoziti adi metalda daha möhkəm, lakin dörd dəfə çəkidə yüngüldür. Bu materialdan gələcəkdə diş sümüklərinin əvəz olunması, protezlərin hazırlanmasında istifadə olunacaq. Avtomobil və təyyarələrin hazırlanmasında da bu material əvəzsiz sayılır.
Massaçuset Texnoloji Universitetində nanotexnologiyalardan istifadə edərək xüsusi detektor hazırlanmışdır. Bu detektor vasitəsilə havada mövcud olan zəhərli qazları ən kiçik konsentrasiyada belə, dərhal müəyyən etmək mümkündür. Təssəvvür edin ki, Tokio metrosunda 1995-ci ildə terror vasitəsi kimi istifadə edilən zarin qazı 10 dəqiqə ərzində insanları kütləvi məhv edə bilir. Yeni detektor bu tip qazları havada dərhal müəyyən edir və insanları xilas etmək üçün şans yaradır.
Tikinti materiallarının da nanotexnologiyalar vasitəsilə modifikasiyası həyata keçirilir. Belə ki, artıq nanobeton adlanan material hazırlanması planlaşdırılır. Bu material adi betonda ucuz başa gəlir, lakin möhkəmliyi ən azı 30 faiz artıqdır. Özünü təmizləyən və yeyilməyə davamlı müxtəlif materialların istehsal edilməsi nəzərdə tutulur. Təsəvvür edin ki, dünyanın hər yerində hündür mərtəbəli, fasadı şüşədən olan binalar inşa edilir. Və binaların fasadlarının təmizlənməsi üçün böyük vəsait sərf edilir. Toza davamlı şüşələrin istehsalı təmizliyə sərf olunan vəsaitə qənaət edəcəkdir. Lakin fantastik görünə bilən başqa yeniliklərdəndə söhbət gedir. Məsələn, özülün çökməsini nəzarətdə saxlayan bünövrə materialları, günəş enerjisi akkumulyatoru rolunu oynayan dam örtüyü, insanların psixoloji durumuna müsbət təsir edən materiallar istehsalı nəzərdə tutulur.
Bu qədər yeniliklər edən texnologiyaların hərbi sənayedə istifadə olunmaması mümkünsüzdür. Artıq daha yüngül çəkiyə malik bronjiletlər istehsal edilir ki, bunların da materialları nanotexnologiyalar vasitəsilə istehsal edilir. Terrorla mübarizədə istifadə oluna biləcək gözəgörünməz nanorobotların hazırlanması planlaşdırılır. Bu robotlar terrorçuların yerləşdiyi əraziyə buraxılacaq və onların dəqiq yeri müəyyənləşdiriləcəkdir. ABŞ, Ingiltərə və Yaponiya nanotexnologiyalardan istifadə etməklə “casus duman” hazırlamaq niyyətindədir. 5-7 il ərzində bu casus dumandan istifadə olunacaq. Havaya buraxılan, gözə görünməyən nanohissəciklərdən ibarət “duman” lazım olan bütün informasiyanı kəşfiyyat orqanlarına ötürəcəkdir.
Müxtəlif kosmetika əşyaları istehsal edilərkən nanohissəciklərdən istifadə olunur. Yanmaya davamlı parça növləri istehsal edilir. Kompüter istehsalında nanotexnologiyalardan istifadə olunur və bu da kiçik həcmli obyektlər üzərində min dəfələrlə artıq informasiya daşınmasına kömək edir. Bütün bunlar elmi araşdırma dövrünü arxaya qoymuş və reallığa çevrilmişdir.
Nanotexnologiyaların inkişafından ən çox yararlanan sahələrdən biri də səhiyyə sahəsi olacaq. Alimlər qeyd edirlər ki, kənardan proqramlaşdırılan nanorobotlar insan orqanizminə daxil ediləcək və qarşısına çıxan problemləri yerindəcə aradan qaldıracaq. Xərçəng hüceyrələri bu vasitə ilə partladılaraq həyata keçiriləcək və bu zaman ətraf hüceyrələrə dəyə bilən ziyan adi kimyəvi terapiyadan az olacaq.
Gümüş tərkibli preparatlar yara üzərinə qoyularkən onun sağalmasına kömək göstərir. Əgər bu preparatlar gümüşün nano hissəciklərindən hazırlanarsa, yara dərhal sağala bilər. Ən maraqlı məlumat isə şəkərli diabet xəstələri üçün sayıla bilər. Xüsusi biomaqnetiklər vasitəsilə insan öz orqanizmi daxilindəki hüceyrələrdə baş verən bu və ya digər fiziki, yaxud da bioloji prosesin funksiyasını dayandıra, sürətləndirə biləcək. Bu o deməkdir ki, biomaqnetiklərin maqnit sahəsi hesabına şəkərli diabet xəstələri mədəaltı vəzi hüceyrələrinin ifraz etdiyi insulinin miqdarına nəzarət edəcək və bu zaman dərialtı inyeksiyaya ehtiyac qalmayacaq.
Bu tip misallar yüzlərlədir və bu da onu göstərir ki, nanotexnologiyalar artıq həyatımıza daxil olub.

 

Dünya vəsaitə qənaət etmir

Yuxarıda qeyd etdiyimiz kimi, 2000-ci ildən başlayaraq ABŞ nanotexnologiyaların inkişafına investisiyalar qoymağa başlamışdır. 2010-cu ilə qədər bu dövlət nanotexnologiyalar sahəsinə 5.6 milyard ABŞ dolları sərf etmişdir. Investisiyalar üzrə dünya lideri isə Yaponiyadır. 2010-cu ilin sonuna bu ölkədə 6 milyard dollar vəsait nanotexnologiyaların inkişafına sərf edilmişdir. Avropa Birliyi isə qeyd olunan dövr ərzində 4.6 milyard dollar xərcləmişdir.
Qonşu ölkələrdə də nanotexnologiyaların inkişafı haqqında ciddi düşünürlər. Ötən ilin sonlarında Qazaxıstan prezidenti Nursultan Nazarbayev çıxışı zamanı qeyd etmişdi ki, “biz özümüzü bu sahədə kimdənsə geri qalmağa imkan verə bilmərik”. Eyni zamanda, ekspertlər bölgədə nanotexnologiyaların ən çox inkişaf etdiyi ölkə kimi Iranı qeyd edirlər. Almaniyada keçirilən nanotexnologiyalar sərgisində Iran dövləti də öz məhsulları ilə iştirak edib və qeyd olunur ki, onların lövhəsi Almaniya lövhəsindən heç də geri qalmırdı.
Lakin bu sahədə ən iri addımlarla irəliləyən Rusiyadır. Bu ölkədə, Medvedev hakimiyyətə gəldikdən sonra nanotexnologiyaların inkişafı prioritet sahə kimi qəbul edilmişdir. 2005-ci ildə Rusiyada nəşr olunan “Elm və həyat” (Nauka i jizn) jurnalının 7 saylı buraxılışında Rusiyada bu sahədə dövlət proqramının olmamasından gileylənir, bu sahə 21-ci əsrin texnologiyası adlandırılırdı. Indi isə Rusiyada Rosnano adlı dövlət şirkəti fəaliyyət göstərir. 2015-ci ilə kimi nanotexnologiyalar sahəsinə Rusiya 10 milyard dollar vəsait ayırmağı planlaşdırır. Rosnanonun rəhbəri A.Çubays bu vəsaitin havaya sovrulmayacağını deyir. Çünki hesablamalara görə, artıq 2015-ci ildə Rusiya bu texnologiyalar vasitəsilə əldə etdiyi məhsulların satışından 30 milyard vəsait əldə edəcək.
Rusiyada bu sahəyə kreditlərin ayrılmasında da güzəştlər yaradılıb. Biznes adamları belə bir lətifə qoşublar: Kredit istəyirsən, təqdim etdiyin layihənin adının önünə nano əlavə et. Rusiyanın ən ucqarlarında belə, nanotexnologiyalar sərgisi təşkil edilir, biznes adamlarını bu sahəyə investisiyalar qoymağa həvəsləndirirlər.

Və nəhayət, bizdə…

Dünya hüceyrə boyda nanorobot, ölçüsü bir neçə millimetr olan mühərrik düzəltmək istədiyi bir zamanda biz ən hündür bayrağı inşa etdik. O da ildə üç dəfə əyilir.
Elmi potensialımızın olmasına kimsənin şübhəsi yoxdur. Lakin bu sahənin inkişafı üçün dövlətin bir konsepsiyası ortada yoxdur. Biz anlayırıq – belə sahələrə investisiya qoymaq maraqlı deyil. Elmi araşdırmalar dövrü uzun çəkə bilər və biz investisiyalardan mənfəəti dərhal əldə edə bilmərik. Belə bir psixologiya bu sahəyə marağın olmamasına əsas səbəbdir. Ölkə alimi mitinqlərdə zopa vuran polisdən az qazanırsa, necə inkişafa nail olmaq olar? Bu günə kimi bu alim ölkədə qalıbsa, ona təşəkkür etmək gərəkdir.