Milli Şuradan “Azadlıq” radiosuna dəstək

Milli Şura “Azadlıq” radiosuna qarşı törədilmiş qanunsuzluqlara etirazını bildirir. Təşkilatın yaydığı bəyanatda deyilir:

"Dekabr ayının 26-da prokurorluq orqanlarının “Azadlıq” radiosunun Bakı ofisində apardığı axtarış, redaksiyanın avadanlığının, sənədlərinin, o cümlədən möhürünün müsadirə edilməsi faktiki olaraq onun bağlaması deməkdir. Məlumat üçün bildiririk ki, “Azadlıq” radiosu dünyanın ən böyük informasiya şəbəkələrindən biridir və SSRİ-nin dağıdılmasında, dünya sosializm sisteminin iflasında, Sovetlər Birliyinin yerində yeni müstəqil respublikaların bərqərar olmasında müstəsna rolu olmuş  bir təbliğat mərkəzi olub. 

1990-cı ilin 20 yanvar hadisələri zamanı bu radio Bakının Sovet ordusu tərəfindən işğal olunması, Azərbaycana edilən təcavüz haqqında dünyanı məlumatların yeganə informasiya mənbəyi idi. Həmin faciəli günlərdə “Azadlıq” radiosu Azərbaycan xalqının yanında oldu, insanlara ümid verdi, Bakıdan ötürülən reportajları bütün dünyaya yaydı, öz doğru-düzgün məlumatları Moskvanın Bakıya təcavüzünü ifşa etdi. Bütün bunlara görə Azərbaycan xalqının bu radioya əbədi bir minnətdarlıq borcu var.

Lakin dekabr ayının 26-da “Azadlıq”ın Bakı ofisində törədilən rəzalət nəinki bu haqq-saya, eyni zamanda bütün insanlıq normalarına ziddir. “Azadlıq”ın sıxışdırılması, ona qarşı təzyiqlər dalğası radionun FM qısa tezliklərdə yayımına qoyulan qadağalardan başlanmışdı. Ondan sonra addım-addım redaksiyaya, onun əməkdaşlarına qarşı təzyiq siyasəti həyata keçirilməyə start verildi. Bunun ən aydın ifadəsi radionun əməkdaşı Xədicə İsmayılın təqib edilməsi oldu. Xədicə xanım “Azadlıq”ın araşdırmaçı jurnalisti olaraq öz peşə borcunu vicdanla yerinə yetirmiş, ölkəni bürümüş korrupsiya və rüşvətxorluq, hakim elitanın, o cümlədən hakim ailənin xalq malını müxtəlif üsullarla talaması haqqında silsilə araşdırmalar aparmış, heyrətamiz faktlar üzə çıxarmışdı.

Dekabr ayının 26-da prokurorluq orqanlarının “Azadlıq” radiosunun qapısını möhürləməsi məhz, həmin araşdırmaların intiqam məqamı kimi diqqəti cəlb edir. Bu addımı atmaqla Azərbaycan hakimiyyəti informasiya azadlığı ilə üzərinə aldığı beynəlxalq öhdəlikləri kobud şəkildə pozmuş, respublika vətəndaşlarının doğru-düzgün məlumat almaq haqqına təcavüz etmişdir. Prokurorluq orqanlarının bu addımı vətəndaşların Azərbaycan konstitusiyası ilə təsbit edilmiş söz, mətbuat və informasiya azadlığı haqqına birbaşa təcavüzdür. Heç kəsə sirr deyildir ki,  ölkədə aparılan repressiv siyasət  azad və müstəqil mətbuatın dairəsini xeyli məhdudlaşdırmışdır. Bu gün Azərbaycan xalqı ölkədə gedən proseslər haqqında yalnız üç mənbədən – “Azadlıq” qəzeti, “Azadıq” radiosu və “Turan” (Kontakt saytı ilə birlikdə) informasiya agentliyindən etibarlı məlumat ala bilir. Artıq dekabrın 26-da baş verən aksiya bu 3 mənbənin birinin susdurulması deməkdir. Elə bu günlərdə, dekabrın 23-də keçirilmiş bələdiyyə seçkiləri zamanı seçki adına törədilən rəzalətin ifşasında “Azadlıq”ın əməkdaşları fədakarlıq göstərmişdilər. Milli Şura “Azadlıq” radiosuna qarşı törədilən özbaşnalığa etiraz edir, hakimiyyət orqanlarından informasiya azadlığı ilə bağlı üzərinə götürdüyü beynəlxalq öhdəliklərə əməl etməyi, respublika konstitusiyasının söz və informasiya azadlığı haqqında müvafiq maddələrini yerinə yetirməsini tələb edir".