
Jurnalistin həbsinə vasitə olan adam şikayətini geri götürdüyünü elan etdi və dərhal onu tutdular
Araşdırmaçı jurnalist Xədicə İsmayılın onu intihar həddinə çatdırdığı haqda şikayət verib jurnalistin həbsinə vasitə olan Tural Mustafayev sensasiyalı açıqlama yayıb. O, dekabrın 27-i saat 11 radələrində özünün facebook səhifəsində qeyd paylaşıb ki, Xədicə İsmayıla qarşı ərizəsini geri götürmək istəyir və buna görə də təcili vəkil axtarır.

"Müstəqil vəkillərdən kömək istəyirəm. Xədicə Ismayila qarşı verdiyim şikayət ərizəsin geri götürürəm. Kimsə təcili kömək eləsin. Həbs təhlükəsi var.
Qorxu həbs olunmağım deyil, sadəcə vaxt edib şikayət ərizəsin götürməmiş həbs oluna bilərəm.
Bəyan edirəm Xədicə Ismayila qarşı verdiyim ərizəni geri götürmək istəyirəm və bunu edəcəm", – deyə T.Mustafayev profilində ard-arda yazıb.
Bundan təxminən yarım saat sonra T.Mustafayev belə bir qeyd paylaşıb: "Artıq sahə müvəkkili məni axtarır. Atama zəng olunmuşdu. Evdə olduğumu bilirlər. Indilərdə gələrlər".
Bu qeydindən 5 dəqiqə sonra isə o, yazır: "Saxlanıldım!!!".

Tural Mustafayev yazdıqlarını Meydan TV-yə təsdiqləyib: “Xədicə İsmayıla qarşı verdiyim ərizəni geri çəkirəm və barışığa gedirəm. Müstəqil vəkil axtarıram. Ola bilsin ərizəmi geri götürəndən sonra özümü həbs etsinlər. Həbsim problem deyil. Sadəcə vaxt tapıb ərizəmi geri götürmək istəyirəm. Təcili kimsə mənimlə əlaqə saxlasın. Nümayəndəm var, Ruslan Əliyev, mən onunla danışdım, hazırda ərizəni geri götürmək üçün işləyir. Ancaq nümayəndə ilə olmur, vəkil lazımdır. Cavad Cavadlı, Elçin Sadıqov… O birilər Xədicənin vəkilləridir, onlar mənə vəkillik edə bilməyəcəklər. Anar Qasımlı və ya kimsə bunu boynuna götürə bilərsə, götürsün”.
Tural Mustafayevin nümayəndəsi Ruslan Əliyev də bu barədə öz facebook hesabında yazıb:
Baş verənlərə AXCP sədri Əli Kərimli də münasibət bildirib. O, özünün facebook səhifəsində yazıb:
“Tural Mustafayev hətta həbsi bahasına da olsa, Xədicə İsmayıla qarşı ərizəsindən imtina edəcəyini öz facebook profilində yazandan dərhal sonra onun həbs olunduğu xəbərinin yayılması təkcə rejimin tam ifşası deyil, həm də artıq prosesə böyük yaradanın müdaxiləsinin anonsudur.
Kimin ağlına gələ bilərdi ki, hakimiyyətin Xədicə xanıma qarşı istifadə etdiyi Tural özü rejimin əsas ifşaedicisinə çevriləcək? Hökumət gözlədiyi təhlükələrin qarşısını ala bilər, bəs gözləmədiyi zərbələrlə nə edəcək? Zülmün ərşə dirəndiyi məmləkətdə isə rejim belə sürpriz zərbələrlə tez-tez qarşılaşmalı olacaq.
Turalın bundan sonra, təzyiqlərin nəticəsində nə deməsi heç nəyi dəyişməyəcək (Hərçənd ortada onun səs yazısı da var). Hətta Turalın ərizəsindən imtinasının motivi də önəmli deyil və heç nəyi dəyişməyəcək. Fakt budur ki, rejim Xədicə xanımdan qisas almaq üçün Turalın polisə müraciətindən bəhanə kimi istifadə edib. İndi artıq o bəhanə yoxdur. Tural ərizəsindən imtina edir. Hökumət ya Xədicə xanımı dərhal azad etməli, ya da hüququ saymadığını, vətəndaşları ilə quldur kimi rəftar etdiyini etiraf etməlidir”.
***
Xatırladaq ki, Tural Mustafayevin istintaqa verdiyi ifadəsi əsasında dekabrın 5-də Səbail Rayon Məhkəməsi “Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayıl barəsində 2 aylıq həbs qətimkan tədbirinin seçilməsinə qərar verib.



